Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:28

Aİ-95 benzini ucuzlaşacaqmı?


'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı? (Arxiv. 2021)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun may ayından "Avro-5" ekoloji standartlarına uyğun dizel istehsalına başladığı bildirilir. Bu ay isə "Avro-5" benzininin istehsalına başlamaq planlaşdırılır.

Modernləşdirmə işlərindən sonra zavod ildə 2.2 milyon ton avtomobil benzini, 2.9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı istehsal etməlidir. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Artıq fikirlər var ki, Aİ-95 markalı benzin ölkədə istehsal olunacaqsa, onun satış qiyməti də düşə bilər.

Əvvəllər Aİ-95 benzininin qiymətinin artması onun ölkəyə idxalı ilə əsaslandırılırdı. 2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 86 min ton "Aİ-95 Premium" markalı benzin alıb. Bu, 2022-ci illə müqayisədə 13.5 faiz azdır.

Aİ-92 benzinindən fərqli olaraq Aİ-95-in qiymətini dövlət tənzimləmir. 2022-ci ilin iyulunda Azərbaycanda Aİ-95-in qiyməti 1.6 manatdan 2 manata qalxıb.

Rüfət Quliyev
Rüfət Quliyev

"İndikindən daha ucuz başa gəlməlidir"

Yazının sərlövhəsində yer alan suala, hələlik, SOCAR və başqa uyğun rəsmi qurumlardan cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycanda "Avro-5" standartlarına uyğun yanacağın qiymətləri Avropa bazarlarındakı qiymətlərdən asılıdır.

Deputat qeyd edib ki, bu markalı benzinin istehsalı üçün avadanlıq çox bahadır: "Məndə olan məlumata görə, yaxşı yeni avadanlığın quraşdırılması 250 milyon dollara başa gəlir".

R.Quliyevin sözlərinə görə, ölkədə "Avro-5"ə cavab verən yanacağın istehsalı həm ölkəyə valyutanın cəlbi, həm də ekologiya baxımından çox vacibdir: "Əgər SOCAR artıq istehsala və yerli bazara təchizata başlayıbsa, düşünürəm ki, qiymətlər balanslaşmalıdır. Digər tərifdən, neft və istehsal yerli olduğuna baxmayaraq, bu yanacaq üçün müəyyən əlavə inqrediyentlər lazımdır. Onlar isə, çox güman ki, xaricdən gətiriləcək. Amma istənilən halda bu markalı yanacaq indikindən daha ucuz başa gəlməlidir".

"Yeni markalı maşınlar nə qədər çox olarsa…"

İxraca gəlincə, deputat düşünür ki, Azərbaycan ilk addım kimi öz bazarını tam təchiz etməlidir, əlavə yanacaq qalarsa, onu ixrac da edə bilər: "Hazırda isə bizim üçün ən önəmlisi bizim öz bazarımızdır. Ölkədə avtomobillərin sayı çoxdur. Üstəlik də, biz bir sıra qanunlar qəbul etmişik ki, köhnə avtomobillər utilizasiya edilir, yaşı 15-dən çox maşınların ölkəyə gətirilməsi qadağandır. Yeni markalı maşınlar nə qədər çox olarsa, o qədər də yeni yanacaq növlərinə tələbat artacaq".

Rəşad Həsənov
Rəşad Həsənov

"Monopolistin mövqeyi…"

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna xatırladır ki, neftin ucuzlaşmasına baxmayaraq, son ilyarım müddətində "Aİ-95" benzini ucuzlaşmayıb: "Bunu nəzərə alsaq, bugünkü şərtlərdə "Aİ-95" markalı benzin üçün bazarda tətbiq edilən qiymətin iqtisadi əsasları yoxdur. Buna da şərait yaradan həmin bazarda monopolistin mövqeyini qorumasıdır".

Ekspertin sözlərinə görə, bu gün bazarda müvafiq qiyməti diktə edən şirkət eyni zamanda bu aydan "Aİ-95" markalı benzin istehsal etməyə başlayacaq: "Ola bilsin ki, bazarda mövcud status-kvo dəyişəcək. Əgər istehsal həcmi daxili bazarın tələbatını ödəyəcəksə, bu zaman qiyməti Tarif Şurası tərəfindən tənzimlənən məhsulların siyahısına daxil ediləcək".

"İki ssenari…"

R.Həsənovun fikrincə, belə olduğu təqdirdə burada iki ssenari gözləmək olar: "Onlardan biri odur ki, Tarif Şurası bazarda artıq oturuşmuş qiyməti, bu məhsulun lüks kateqoriyaya aid olduğunu əsas göstərib və gələcəkdə yaranacaq əlavə xərclər qarşısında manevr imkanını qoruyub saxlamaq üçün qiyməti bugünkü səviyyədə saxlasın. Amma, ola bilsin ki, yerli istehsalın yaratdığı üstünlüklərdən piar məqsədi ilə, yaxud da sosial aspektlərdən çıxış edərək daha optimal bir qiymət müəyyən edilsin. Ancaq indidən hansı ssenari üzrə gediləcəyini proqnozlaşdırmaq çox çətindir".

XS
SM
MD
LG