Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:31

Regionda ən baha Aİ-95 benzini Azərbaycandadır


Rusiyada Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 25 qəpik səviyyəsindədir.
Rusiyada Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 25 qəpik səviyyəsindədir.

2022-ci ildə Azərbaycanda ən yaddaqalan və dartışılan olaylardan biri benzinin bahalaşması idi. Hökumətin iyulda qəbul etdiyi qərara görə, ölkədə Aİ-95 markalı benzinin qiyməti 1 manat 60 qəpikdən 2 manata yüksəldildi. Başqa sözlə, 25 faiz bahalaşdı. Bəs bu bahalaşma Azərbaycanda daha keyfiyyətli sayılan Aİ-95 benzininin istehlakına necə təsir göstərdi?

Rəsmi rəqəmlərdən aydın olur ki, qiymətlərin artması ölkədə Aİ-95 markalı benzinə tələbi azaldıb. İnsanlar daha ucuz Aİ-92 markalı benzinə yönəliblər. Bu da var ki, keyfiyyətli benzinə tələbin azalması yalnız Aİ-95-in bahalaşmasından irəli gəlmir. Axı 2022-ci ildə Azərbaycanda, demək olar, bütün sahələrdə gözəçarpan qiymət artımı da insanları daha ucuz məhsul almağa yönəldib. Dövlət Statistika Komitəsinin (DSK) son açıqladığı məlumata görə, 2022-ci ilin ilk 10 ayında xaricdən Azərbaycana 92 min 233 ton Aİ-95 markalı benzin gətirilib. Ötən ilin eyni dövründə bu göstərici 129 min 392 ton idi. Deməli, son bir ildə Azərbaycana Aİ-95 benzininin idxalı 40 faiz azalıb.

Aİ-95 markalı benzinin idxal qiymətləri də yüksəlib. Ötən il Azərbaycan 129 min 392 ton benzin idxalına toplam 96 milyon 297 min dollar xərcləyib və benzinin bir tonunun orta idxal qiyməti təxminən 746 dollar olub. 2022-ci ildə 92 min 233 ton benzinin gətirilməsi ölkəyə 94 milyon 838 min dollara başa gəlib. Bu baxımdan aydın olur ki, ölkəyə idxal edilən Aİ-95 benzininin həcmi kəskin azalsa da, dəyəri, demək olar, dəyişməz qalıb. Bu il ərzində Aİ-95 markalı benzinin bir tonunun orta idxal qiyməti 1028 dollar olub. Deməli, ötən illə müqayisədə 38 faiz artıb.

Aİ-95 ilə yanaşı, "super" markalı (Aİ-98) benzinin idxalında da ciddi azalma var. Son bir ildə ölkəyə "superbenzin" idxalı 2 min 685 tondan 1 min 355 tona enib və təxminən iki dəfə azalıb. Hər iki markalı benzin Azərbaycanda istehsal edilmədiyindən ölkə 100 faiz idxaldan asılıdır. Üstəlik, Aİ-92 markasından fərqli olaraq həmin benzinlərin qiymətini dövlət tənzimləmir.

Azərbaycanda qiymətlər regionla müqayisədə necədir?

İndi Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin satış qiyməti 2 manatdır. Bu qiymətin qonşu ölkələrlə müqayisəsi göstərir ki, hazırda regionda ən bahalı Aİ-95 benzini məhz Azərbaycandadır. Məsələn, Türkiyədə 95-oktanlı benzinin bir litri (bölgədən asılı olaraq) ortalama 18-19 lirəyə satılır (indiki məzənnə ilə 1 manat 70 qəpiyə).

Gürcüstana gəlincə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR bu ölkədə "premium" benzini 3.20 lariyə satır. Bu, təxminən Azərbaycandakı ilə eyni qiymət deməkdir. Ancaq nəzərə almaq lazımdır ki, son aylar Gürcüstanın milli valyutası dollar qarşısında dəyər qazanıb. O baxımdan, larinin manatla məzənnəsi indi ötən aylara görə yüksəkdir. Deməli, lari bahalaşanadək Gürcüstandakı "premium" benzininin qiyməti Azərbaycanla müqayisədə manat ifadəsində daha ucuzmuş.

Ermənistana gəlincə, burada da "premium" benzininin qiyməti Azərbaycana nisbətən ucuzdur. Hazırda Ermənistanda Aİ-95 markalı benzinin bir litri təxminən 1 manat 94 qəpiyə satılır. Düzdür, milli valyutanın bahalaşması Ermənistana da təsir edib. Erməni dramı dollara qarşı 2022-ci ildə 22 faizə yaxın bahalaşıb. Deməli, bahalaşmadan öncə "premium" benzini daha ucuz qiymətə satılırmış.

Rusiyada Aİ-95 markalı benzinin bir litrinin qiyməti təxminən 1 manat 25 qəpik səviyyəsindədir.

Avtomobil idxalı necə dəyişib?

2022-ci ildə Azərbaycana idxal edilən avtomobillərin də sayında azalma qeydə alınıb. 2021-ci ilin ilk 11 ayında Azərbaycana toplam 76 min 348 minik avtomobili gətirilmişdi. 2022-ci ilin eyni dövründə ölkəyə gətirilən minik avtomobillərinin sayı 61 min 637 olub. Son bir ildə Azərbaycanın idxal etdiyi avtomobil sayı 15 min ədəd və ya 20 faizə yaxın azalıb.

Maraqlıdır ki, ölkəyə gətirilən avtomobillər sayca azalsa da, idxala sərf edilən vəsait artıb. Bu məqam avtomobil qiymətlərindəki ciddi bahalaşmanın da göstəricisidir. 2021-ci ildə Azərbaycan 76 min 348 avtomobilin idxalına 705 milyon dollar xərcləmiş və bir avtomobilin orta dəyəri təxminən 15 min 700 manat olmuşdu. 2022-ci ildə isə Azərbaycana gətirilən 61 min 637 minik avtomobilinə toplam 743 milyon dollar xərclənib və bir maşının orta idxal qiyməti 20 min 500 manata yüksəlib. Yeri gəlmişkən, 2022-ci ildə gətirilən avtomobil sayı hələ də pandemiyaöncəsi dövrdəkindən çoxdur. 2019-cu ildə ölkəyə toplam 36 min minik avtomobili gətirilmişdi.

2022-ci ildə hibrid və elektrikli avtomobillərə tələbat yenə artıb. 2021-ci ildə ölkəyə idxal edilən avtomobillərin 15 faizi hibrid mühərrikli idi. Bu il həmin pay 17 faizə yüksəlib və Azərbaycana gətirilən təxminən hər beş avtomobildən biri hibrid olub. Elektrik mühərrikli nəqliyyat vasitələri sayca daha kəskin artıb. 2021-ci ilin 11 ayında Azərbaycana 153 elektrik avtomobili gətirilmişdisə, 2022-ci ildə həmin rəqəm 409-a yüksəlib.

XS
SM
MD
LG