Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Astarada qəzalı evdə yaşayanların şikayəti və ona cavablar…


Gülcahan Mirzəyeva
Gülcahan Mirzəyeva

Dağ ətəyində yerləşən Astara rayonunun Sığaloni kəndinə rayon mərkəzindən gedən yol beş yaşayış məntəqəsinin ərazisindən keçir. Yol enişli-yoxuşlu olsa da, asfalt döşənib. Amma Sığalonidən başqa yaxın ərazidə yerləşən kəndlərin hamısı qazlaşdırılıb. Sığalonidə isə insanlar odundan və başqa alternativ vasitələrdən istifadə edərək evlərini qızdırırlar.

Kəndin digər problemi torpaq sürüşməsi ilə bağlıdır. Orada deyilənə görə, hər il torpaq sürüşür. Sonuncu torpaq sürüşməsi nəticəsində bir ev tamamilə dağılıb.

"Bu qəzalı evdə yaşayırıq"

Fövqəladə Hallar Nazirliyi dağılmış evin yerində yeni bir ev inşa edib. Kənd sakini Gülcahan Mirzəyeva deyir ki, onun da fərdi evi sürüşmədən qəzalı vəziyyətə düşüb: "Torpaq sürüşməsi baş verdi. Ev bir neçə yerdən partladı. Ərim nə qədər sağ idi, imkanımız az da olsa, var idi. Həyat yoldaşım vəfat etdi, evə əl gəzdirə bilmədik. Bir qızım var, o da xəstə. Bu qəzalı evdə yaşayırıq".

Divarda çatlar var
Divarda çatlar var

"Torpaq sürüşəndə evi tərk edirik"

Evin divarında çatlar aydın görünür. Divarları əyilib. G.Mirzəyevanın sözlərinə görə, torpaq yuxarıdan sürüşür: "Torpaq sürüşəndə evdə hiss edirik, evi tərk edirik. Ev qabağa gedir. Yuxarıda torpaq sürüşməsi nəticəsində yarağanlar əmələ gəlib. Orada naringi bağı salıblar, ona görə də torpaq tədricən sürüşür. Ailələr var ki, torpaq sürüşməsinə görə kənddən köçüb. Kömək yoxdur. Nə etsinlər?".

O, 52 yaşının olduğunu, amma işsiz olduğunu bildirir: "Kənddə iş yoxdur, torpaq da tələbatımızı ödəmir. Qızım əllilik alır, 120 manat. Kənddə kömək edənlər də olur. Ev tikmək mümkün deyil".

"Ev qəzalı vəziyyətdədir, kim sığorta edər?"

G.Mirzəyeva evin siğortasının olmadığını deyir: "Hər gələn məndən çıxarış istəyir. Kənddə az adam var ki, çıxarışı olsun. Deyirlər ki, evi sığorta elə. Kənddə kimin evi sığortalıdır? Ev qəzalı vəziyyətdədir, kim sığorta edər?".

Evin divarları əyilib
Evin divarları əyilib

G.Mirzəyevanın qonşusu Mübariz Vəliyev: "Gülcahanın əri beş il bundan əvvəl rəhmətə gedib. Heç kimi yoxdur, kasıbdırlar. Evi də qəzalı vəziyyətdədir. Kənd yolu evinin yaxınlığından keçir. Maşın yoldan keçəndə evi silkələnir. Hər an təhlükə ola bilər. Bu yerlər sürüşmə zonalarıdır. Onun qonşusu Təcrübə Hacıyevanın evi sürüşmə nəticəsində dağıldı. Dövlət onun üçün ev tikib".

G.Mirzəyeva kömək üçün dövlət və hökumət orqanlarına üz tutub. Deməsinə görə, üç il fasiləsiz şikayət məktubları yazıb: "Prezidentə, vitse-prezidentə və digərlərinə rəsmi müraciətlərim olub. Astara Rayon İcra Hakimiyyəti Aparatına müraciət etmişəm. Onlar deyir ki, bizlik deyil".

Şikayətlərə cavab

Fövqəladə Hallar Nazirliyi şikayətçiyə 37/M-00142 nömrəli, 17 yanvar 2021-ci il tarixli cavab məktubunda evin sığortalanmasını məsləhət görüb...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti isə cavab məktubunda sürüşmə zonasında vizual mühəndis-geoloji tədqiqatların aparıldığını və bu barədə hazırlanmış arayışın Astara Rayon İcra Hakimiyyəti Aparatına göndərildiyini bildirir.

Təbii qaz yoxdur
Təbii qaz yoxdur

İcra hakimiyyətindən...

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə G.Mirzəyevaya məxsus evin torpağın çökməsi nəticəsində qəzalı vəziyyətə düşdüyünü deyir.

Birinci müavinin vurğulamasına görə, bu şikayətlə bağlı Ekologiya və Təbi Sərvətlər və Fövqəladə Hallar nazirliklərinə məlumat veriblər: "Nazirliklərin mütəxəssisləri evə və əraziyə baxış keçirdiblər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi bizə rəy göndərib .Həmin rəydə bildirilir ki, ev torpaq çökməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Təbii fəlakətlə əlaqəsi yoxdur. Fərdi yaşayış evi inşa edilərkən ciddi norma qaydalarına əməl olmadığından evin divarlarında müxtəlif ölçüdə çatlar əmələ gəlib. Belə evlər sığortalanmalıdır ki, vətəndaşlar evlərini təmir edə bilsinlər. Cavab belə gəlib".

XS
SM
MD
LG