Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:00

Gürcüstan hökuməti 'xarici agentlər' qanununa dəyişikliklər etməyə söz verib


Alen Berse və İrakli Kobaxidze
Alen Berse və İrakli Kobaxidze

Gürcüstan hökuməti Avropa Şurasının baş katibi Alen Berse ilə müzakirələrdən sonra mübahisəli "xarici agentlər" qanununa dəyişiklik vədi verib.

Dekabrın 20-də Tbilisidə üçgünlük səfərini yekunlaşdıran Berse bildirib ki, qanunvericilikdə gərəkli dəyişiklikləri hazırlamaq üçün Gürcüstanın, Avropa Şurası və Venesiya Komissiyasının nümayəndələrindən ibarət işçi qrup yaradılacaq.

"İşçi qrup gərəkli dəyişiklikləri müəyyənləşdirəcək. Ümid edirəm ki, oxşar əməkdaşlıq prosesi bərabərlik, ayrıseçkiliklə mübarizə, seçki islahatı, penitensiar və probasiya sistemlərinin islahatları kimi sahələri də əhatələyəcək", – Bersenin sözləridir.

Baş nazir İrakli Kobaxidze hökumətin qanunu müzakirə etməyə hazır olduğunu təsdiqləyib: "Kimsə bu qanunvericilikdə zərərli bir şeyin olduğunu sübut edərsə, biz onu nəzərdən keçirməyə və Avropa Şurasının müvafiq qurumları ilə işləməyə hazırıq".

Böhranlı mərhələ

AŞ baş katibinin səfəri Gürcüstanda cəmiyyətin qütbləşməsi, yüksək səviyyədə zorakılıq və seçki pozuntularla bağlı ittihamlardan qaynaqlanan və artan siyasi gərginlik fonunda baş verib.

"Gürcüstan kritik mərhələdədir. Ölkədə siyasi gərginlik hökm sürür, ictimai debatlar qütbləşib, zorakılığın səviyyəsi də yüksəkdir", – Berse belə deyib.

"Mən seçkiləri legitimləşdirmək üçün gəlməmişəm. Bu, digər səlahiyyətli institutların vəzifəsidir", – bunu söyləyən baş katib əlavə edib ki, onun əsas məqsədi Gürcüstana və onun xalqına dəstək verməkdir.

Bersi bunu da bildirib ki, siyasi böhranın çözümü demokratiya, insan haqları və qanunun aliliyini dəstəkləməkdən asılıdır. O, səfərin gedişində baş nazir Kobaxidze, "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili və bir çox başqa hökumət təmsilçiləriylə, eləcə də müxalifət nümayəndələriylə görüşlər keçirib.

Vaxtanq Qomelauri
Vaxtanq Qomelauri

Dekabrın 19-da ABŞ Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və xüsusi təyinatlılar departamenti rəhbərinin müavini Mirzə Kezevadzeyə qarşı sanksiyalar tətbiq edib.

Böyük Britaniya da Qomelauriyə və əlavə daha dörd yüksəkvəzifəli məmura qarşı sanksiyalar qəbul edib.

Kobaxidze əmin edib ki, hökumət sanksiya siyahısına düşən insanların "bütün itkilərini kompensasiya edəcək" və DİN rəhbərliyini gələn ilin fevralında yeni prezidentin andiçmə mərasimindən sonra təltif edəcək. Müxalifət və indiki prezident Salome Zurabişvili yeni prezidentin legitimliyini mübahisələndirirlər.

"Xarici agentlər" qanunu

Gürcüstanın "xarici agentlər" qanunu ölkənin Qərblə münasibətlərinin gərginləşməsində əsas yer tutur. Hökumətin ötən ay Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilədək ertələmək qərarı ölkədə etirazlara və Qərbin tənqidlərinə yol açıb.

İqtisadi çətinliklər və ölkənin Avro-Atlantik məkanından üz döndərmək təhlükəsi də iğtişaşlara zəmin yaradıb.

Beynəlxalq tərəfdaşlar ehtiyat edir ki, Moskvanın oxşar taktikalarını mənimsəməklə Gürcüstan demokratik irəliləyişinə və Aİ-yə üzv olmaq istəyinə zərbə vura bilər.

Tənqidlər doğuran qanuna görə, təşkilatlar xaricdən küllü miqdarda pul aldıqları zaman "xarici agent" kimi qeydiyyatdan keçməlidir. Prezidentin vetosuna baxmayaraq, bu ilin mayında Gürcüstan parlamentinin qəbul etdiyi qanun avqustun 1-də qüvvəyə minib. Bu, ölkə daxilində və xaricdə ciddi əks-səda doğurub.

"Xarici agentlər" reyestrində adları qeydiyyata alınmağa başlayan təşkilatlar sərbəst fəaliyyət göstərə bilməyəcəklərindən rahatsızdır.

Rəsmi Moskva qanunun qəbul edilməsinə görə Gürcüstan hökumətini tərifləsə də, ABŞ, Böyük Britaniya başda olmaqla, Qərb ölkələri bu addımı qınayaraq qanunu demokratiyanı sarsıdan alət adlandırıb.

XS
SM
MD
LG