Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Öz ifasını bəyənməyən aktyorlar


Tom Henks
Tom Henks

Məharətli aktyorların uğursuzluqlarını görə bilən təkcə kinosevərlər deyil. Həmin aktyorların özləri də hansı rolları pis ifa etdiklərini yaxşı bilirlər

İnsanlar bəzən kino ulduzlarını ideallaşdırsalar da, onların uğursuz rollarını görmək də maraqlıdır. Məharətli aktyorların uğursuzluqlarını görə bilən təkcə kinosevərlər deyil. Həmin aktyorların özləri də hansı rolları pis ifa etdiklərini yaxşı bilirlər.

Bəzən aktyorlar pula görə, bəzənsə layihənin özünü bəyəndikləri üçün roldan imtina etmirlər. Film yeni çıxanda reklam dalğası onların uğursuzluğunu müvəqqəti ört-basdır etsə də, illər keçdikcə tamaşaçılar da, ulduzların özləri də hər şeyi görüb qiymətləndirirlər. “Indiewire” bu qəbildən olan bir neçə aktyor oyunu haqda yazıb.

Tom Henks “Philadelphia” filmində

Tom Henks iki ardıcıl Oskarından birincisini Endrü Beketin “Philadelphia” (Filadelfiya) filmində oynadığı gey vəkil roluna görə alıb. Ancaq o bu filmdəki performansından narazıdır.

O, müsahibələrinin birində heteroseksual kişinin gey qəhrəmanı canlandırmasının mənfi cəhətləri haqda danışıb və bu gün buna bənzər rol təklif olunacağı halda onu rədd edəcəyini deyib.

“”Philadelphia”nın bütün mənası insanlara “qorxmayın” deməsində idi. İnsanları o filmdən qorxmamasının səbəblərindən biri mənim gey kişini oynamağım idi. İndi biz [cəmiyyət olaraq bu mərhələni] arxada qoymuşuq və mən düşünmürəm ki, bu gün insanlar heteroseksual adamın geyi oynamasının saxtalığını qəbul edərlər”, – Henks deyib.

Viola Devis “The Help” (“Qulluqçu”) filmində

Heç kim Viola Devisin 2011-ci ildə çəkilmiş “The Help” filmində göstərdiyi aktyor oyununun keyfiyyətinə şübhə etmir. Ancaq Oskar laureatının özü bu filmdəki rolundan, daha doğrusu filmin gedişatından narazıdır. O hesab edir ki, bu filmdə qaradərili xidmətçilərin səsi eşidilmir.

Xavyer Bardem “The Last Face” (“Sonuncu üz”) filmində

Sayt Şon Pennin çəkdiyi bu filmi “Kann film festivalının tarixində ən böyük bombalardan biri” adlandırır. Afrikada humanitar təşkilatda çalışan iki əməkdaşın sevgisi haqda olan bu film Pennin karyerasındakı ən böyük uğursuzluqlardan biri sayılır.

Filmdə Çarliz Teronla birlikdə baş rolu ifa edən Xavyer Bardem bu filmi “böyük fəlakət” adlandırır və ona gülür.

Emma Stoun “Aloha” filmində

Emma Stoun bu filmdə yarıçinli, yarıhavaylı qadın rolunu qəbul etdiyi üçün ictimaiyyət qarşısında üzr istəyib.

Stoun bu filmin aktyor heyəti seçilən zaman Hollivudun hər şeyi “ağartma”sını canlı gördüyünü və bütün bunların onun gözünü açdığını deyib.

Helli Berri “Catwoman” (“Pişik qadın”) filmində

Helli Berri bu filmi pisləyərək onun sayəsində karyerasının yüksəklikdən dibə endiyini deyib. Başqa bir müsahibəsində isə o bu təklifi qaradərili aktrisanın superqəhrəman obrazı yaratması baxımından yaxşı bir imkan kimi gördüyünü, bu səbəbdən təklifi qəbul etdiyini deyib. Ancaq artıq prodakşn dövründə filmin “o qədər də düzgün olmadığını” hiss edib. “Mən sadəcə muzdlu aktyor idim. Rejissor deyildim. Bu məsələdə sözüm keçmirdi”, – o deyib.

Nikol Kidman “Australia” filmində

Baz Luhrmann Nikol Kidmana aktrisanın karyerasının ən ikonik rollarından birini - “Moulin Rouge” filmindəki rolunu verib. Ancaq onların “Australia” filmindəki əməkdaşlığına “əfsanəvi” demək mümkün deyil. Kidman bu filmə başqa bir sevilən avstraliyalı aktyor Hyu Cekmenlə birlikdə çəkilsə də, filmdəki rolunu heç bəyənməyib.

“Mən bu filmə baxıb işimlə fəxr edə bilmirəm. Mənim onunla emosional bağ qurmağım mümkün deyil”, – deyə Kidman bir Sidney radiostansiyasına müsahibəsində etiraf edib.

Çarliz Teron “Reindeer Games” (“Maral oyunları”) filmində

Çarliz Teron Con Frankenheymerin “Reindeer Games” trillerini “pis, pis, pis kino” adlandırıb. Teronun Ben Afleklə tərəf müqabili olduğu bu filmin kassa gəlirləri onun 45 milyon dollarlıq büdcəsini belə ödəməyib.

Keyt Uinslet “Titanic” filmində

Uinslet Ceymz Kameronun epik filmindəki performansını heç bəyənmir. “Hətta mənim Amerika aksentim, mən ona qulaq asa bilmirəm. Dəhşətdir. Ümid edirəm indi daha yaxşıdır. …”Titanik”ə baxanda deyirəm “Ay Allah, mən bunu yenidən işləmək istəyirəm””, – aktrisa bir müsahibəsində deyib.

XS
SM
MD
LG