Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:05

Elçin Əmirbəyov: 'Sülh sazişindən bir abzası çıxarmaq qərarına gəldik'


Yerevanda gənclər hökumət binasının qarşısında Konstitusiya gününü qeyd edirlər, 5 iyul, 2024-cü il
Yerevanda gənclər hökumət binasının qarşısında Konstitusiya gününü qeyd edirlər, 5 iyul, 2024-cü il

Ermənistanla Azərbaycan aralarında 30 ildən çox sürən münaqişəyə son qoyacaq sülh sazişi üzərində işi başa çatdırmaq üzrədir. Di gəl, son aylarda bütün bu prosesi təhlükəyə ata biləcək bir problem meydana çıxıb.

Rəsmi Bakı Ermənistan Konstitusiyasındakı bir müddəanı Azərbaycana qarşı ərazi iddiası sayır. Söhbət onillərlə sürən bu münaqişənin mərkəzində duran Dağlıq Qarabağla “yenidən birləşməkdən” gedir.

Bu müddəa “açıq-aydın Azərbaycana ərazi təhdidi deməkdir. … O səbəbdən, bu abzas orada olduğu müddətdə sülh razılaşması mümkün deyil”, – Azərbaycanın Prezidenti İlham Əliyev iyulun 20-də keçirilən mətbuat konfransında belə deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan sənədi Əliyevin istəyinə uyğun dəyişdirməyə hazır olduğuna işarə edib. O, siyasətçi və fəallardan oluşan şuraya yeni konstitusiya layihəsi işləyib hazırlamağı tapşırıb. Daha sonra bu sənəd Ermənistan xalqının səs verməsi üçün referenduma çıxarılmalıdır.

Paşinyanın konstitusiyanı dəyişdirməyə ixtiyarı yoxdur?

Ancaq düşmən tərəfin ölkələrinin konstitusiyasını məzmunca dəyişməyi diktə etməsi hissi erməniləri qəzəbləndirir. AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın (Joshua Kucera) məqaləsində deyilir ki, konstitusiyanın dəyişdirilməsindən ötrü referendum tələb olunduğundan, Azərbaycanın basqısı mənfi sonuclar doğura bilər.

AzadlıqRadiosunun bu yaxınlarda Yerevanda keçirdiyi rəy sorğusunda seçicilər, əsasən, konstitusiyanın dəyişdirilməsinə qarşı çıxıblar. Bir sakin deyib ki, Paşinyanın konstitusiyanı dəyişdirməyə "ixtiyarı yoxdur", …özəlliklə bu dəyişikliyi Əliyev tələb etdiyi üçün… Əliyev kimdir ki bizə konstitusiyamızı dəyişdirmək əmri versin?”.

İlham Əliyev
İlham Əliyev


Azərbaycanın rəhbərliyi isə ölkəsinin tələblərinin təmin ediləcəyinə əmindir.

“Məsələ bunu Azərbaycanın təzyiqi altında etməkdə deyil. Məsələ bir suala cavab verməkdədir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma imkanı istəyirsiniz?”, – Əliyevin danışıqlarda yaxından iştirak edən xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov AzadlıqRadiosuna belə deyib.

“Məsələni bu cür qoyarlarsa, əminəm ki, o referenduma qatılacaq erməni xalqının əksər hissəsi sülhü dəstəkləyəcək”, – yenə E.Əmirbəyovun sözləridir.

Elçin Əmirbəyov
Elçin Əmirbəyov

Sözügedən müddəa Ermənistanın mövcud Konstitusiyasının preambulunda 1989-cu ildə qəbul edilmiş müstəqillik bəyannaməsinə istinaddır. Sənədin bu bölümündə sovet Azərbaycanının tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla “yenidən birləşdirilməsinə” çağırış edilir (Azərbaycan Qarabağın heç vaxt Ermənistan ərazisi olmadığını əsas gətirir -red.). O zaman Ermənistan hələ SSRİ-nin tərkibində idi.

Dağlıq Qarabağın əhalisi, əsasən, etnik ermənilər olub. SSRİ dağılan zaman bu ərazi üstündə müharibə başladı və Ermənistanın dəstəklədiyi separatçılar nəzarəti ələ keçirə bildilər. Onlar, üstəlik, Azərbaycanın Dağlıq Qarabağa bitişik daha yeddi rayonunu da ələ keçirdilər və sayı 600 mini aşan etnik azərbaycanlı əhalini öz torpaqlarından çıxmağa məcbur etdilər.

Münaqişənin həlli ilə bağlı diplomatik səylər çox az nəticə verib. 2020-ci ildə iki tərəf arasında daha bir müharibə başladı. Altı həftə sürən müharibə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəslə başa çatdı. Ermənistan bölgənin ayrı-ayrı hissələrinə, eləcə də yeddi bitişik rayona nəzarəti itirdi. İki il öncə iki tərəf münaqişənin tam həlli ilə bağlı danışıqlara başladı. Ancaq növbəti il bu danışıqların ləng getməsindən səbri tükənən Azərbaycanın birgünlük hücumu nəticəsində Qarabağ rəhbərliyi tam təslim oldu və 100 mindən çox etnik erməni ərazini kütləvi tərk etdi.

2020-ci ildən sonrakı danışıqlarda Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu dilə gətirdi. Ancaq Azərbaycan iddia edir ki, Qarabağa iddia Ermənistanın əsas qanununda qaldıqca, Paşinyandan sonra gələcək hökumətlərin bu bəyannamə və onun daşıdığı ərazi iddiasına geri dönməsi təhlükəsi davam edəcək.

“Biz bu sülh sazişinin, gələcəkdə, keçmişdə olduğu kimi, revanşizmə, yaxud Azərbaycana qarşı hər hansı ərazi iddialarına qayıdışı qeyri-mümkün edən ciddi sənəd olacağına əmin olmaq istəyirik. Azərbaycana qarşı Ermənistanın mövcud Konstitusiyasında həkk olunmuş ərazi iddiaları sülh prosesində irəliləyişə mane olan əsas, mən deyərdim …yeganə amil olaraq qalmaqdadır ”, – E.Əmirbəyov belə deyir.

Ermənistan da, öz növbəsində, iddia edir ki, Azərbaycanın tələbi onun daxili işlərinə qarışmaq və üstəlik, bütövlükdə sülh prosesini sabotaj etmək cəhdidir. Azərbaycanın konstitusiyanın dəyişdirməklə bağlı açıq tələbi “sülh prosesini batırır və Azərbaycan rəhbərliyinin sülhə nail olmaq istəyi ilə bağlı səmimiyyətini şübhə altına alır”, – Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 7-də verdiyi bəyanatda dilə gətirdiyi mövqedir.

E.Əmirbəyov bu arqumenti rədd edib: “Əgər bu bizim suveren ərazilərimizlə bağlıdırsa, onda Azərbaycan olaraq, biz bunu necə daxili məsələ saya bilərik?”.

Paşinyanın özünün də konstitusiya ilə bağlı gündəliyi birmənalı olmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Taviş vilayətində, 2 avqust, 2024-cü il
Ermənistanın baş naziri Nikol Paşinyan Taviş vilayətində, 2 avqust, 2024-cü il

“Bizə qaranlıq qalan çox məsələ var”

“O, 2018-ci ildə - hakimiyyətə gələndən az sonra konstitusiyanı dəyişməyə başlayıb. Ancaq ilk vaxtlar daxili idarəetmə məsələlərinə fokuslanmışdı. 2022-ci ildə isə o, hazırkı sənədə düzəlişlər üzərində işləmək üçün yeni Konstitusiya İslahatı Şurası yaratdı. Ancaq bu il üzvlərin gözündən pərdə asaraq, şuradan tam yeni konstitusiya layihəsi hazırlamağı xahiş etdi. …Bizə qaranlıq qalan çox məsələ var”, – insan haqları müdafiəçisi və sözügedən şuranın üzvü Artur Sakuntsun iyunda AzadlıqRadiosunun erməni xidmətinə dediyi sözlərdir.

Bununla yanaşı, Paşinyan konstitusiyadan mübahisəli ritorikanı da yığışdırmaq haqda danışmağa başlayıb. O, yanvarda bir müsahibəsində demişdi ki, ziddiyyətli ifadələri saxlamaqla “biz heç vaxt sülh üzü görməyəcəyik”.

İyulda, Ermənistanın Konstitusiya Günündə ölkə başçısı deyib ki, indiki sənəd “dərin ictimai-psixoloji münaqişə [içindədir]” və “Real Ermənistanda yaşayan real insanların” maraqlarını əks etdirməlidir. “Real Ermənistan”, Paşinyanın “Tarixi Ermənistan” ifadəsi ilə qarşı qoymaq üçün yararlandığı deyimdir. “Tarixi Ermənistan”sa “itirilmiş torpaqların qaytarılmasını” nəzərdə tutan maksimalist arzunu əks etdirən ifadədir.

Paşinyan bunu da deyib ki, yeni konstitusiya “[Real Ermənistanın] beynəlxalq aləm tərəfindən tanınmış ərazisində ədalətli mühit yaratmalıdır”.

Ancaq konstitusiya şurasının bunu necə icra edəcəyi məsələsi çox da aydın deyil.

Şuranın üzvləri iyunda - jurnalistlərə, yeni konstitusiya layihəsi hazırlamaq barədə tapşırıq almalarından bəri ilk iclaslarında, müstəqillik bəyannaməsi məsələsini müzakirə etmədiklərini deyiblər. Üstəlik, şuranın bir neçə üzvü bu məsələdə Paşinyanla razı deyil.

“İlham Əliyev Ermənistan vətəndaşı deyil”

Sakunts müstəqillik bəyannaməsinə istinadın götürülməsinə qarşı olduğunu deyir. Şuranın Daniel İoanissyan adlı başqa bir üzvü isə “Facebook”da belə yazıb: "İlham Əliyev Ermənistan vətəndaşı deyil. Bir çox şey onunla müzakirə edilə bilər, ancaq Ermənistanın gələcək konstitusiyası yox”.

Paşinyanın şurası yeni konstitusiya layihəsini 2026-cı ilin sonunadək hazırlayıb bitirməlidir. Sonra bu sənəd 2027-ci ildə keçiriləcək referenduma çıxarılacaq. Hətta ermənilər bu konstitusiyanı təsdiqləsə də, bu, əslində, bitirilməyə çox yaxın olan sülh prosesini xeyli ləngidəcək.

Ermənistan XİN-in iyunda verdiyi bəyanatda deyilir ki, “gələn ay içərisində” razılığa gəlinə bilər. Əliyev deyir ki, “mətnin 80-90 faizi razılaşdırılıb”. ABŞ-nin Dövlət katibi Antoni Blinken iyulun 10-da - Ermənistan və Azərbaycandakı həmkarları ilə görüşəndən öncə, hər iki tərəfin “ABŞ-nin [də] çox dəstəkləyəcəyi son razılaşmanı əldə etməyə lap yaxın” olduğunu deyib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iyulun 10-da Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iyulun 10-da Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər

“Sülh sazişinin yekunlaşdırlması işini daha da çətinləşdirmək istəmirəm”

E.Əmirbəyovun sözlərinə görə, danışıqları asanlaşdıran daha bir amil iki tərəfin gündəlikdə qalan ən mübahisəli məsələdə razılığa gəlməsidir. Söhbət “Zəngəzur Dəhlizi” məsələsinin sonraya saxlanması haqda razılıqdan gedir. Təklif olunan Zəngəzur Dəhlizi Ermənistanın Sünik əyalətindən keçməklə, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməlidir.

“Qarşılıqlı razılaşma ilə biz sülh sazişindən bir abzası çıxarmaq və ona daha sonrakı mərhələlərdə qayıtmaq qərarına gəldik. Mən sülh sazişinin yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz onu mətndən çıxarmağa qərar verdik…”, – E.Əmirbəyovun sözləridir.

Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama vermək xahişini cavabsız qoyub.

Hətta nəqliyyat dəhlizi məsələsi olmadan da Ermənistan Konstitusiyası məsələsi sazişin imzalanmasını qeyri-müəyyən vaxtadək ertələyə bilər.

Azərbaycan bu yaxınlarda “əsas prinsipləri” əhatə edən müvəqqəti saziş təklif edib. Bu müvəqqəti saziş tam sülh sazişinin imzalanmasından əvvəl, idealda bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim sammitinin başlanmasından öncə imzalana bilər. Ancaq Ermənistan rəsmiləri tam sazişin, demək olar, hazır olduğunu əsas gətirərək buna etiraz edirlər. Onlar deyirlər ki, bu müvəqqəti razılaşma, sadəcə, rəsmi Bakının prosesi uzadaraq əlavə şərtlər qoymasına imkan yaradacaq.

“Söhbət təkcə məsələnin (konstitusiyanın dilinin dəyişdirilməsinin) özünün əsassız olmasından deyil, həm də onun qaldırılma tərzindən, sakit danışıqlarla çözülə biləcəyi halda, ictimai qarşıdurma tərzində qaldırılmasından gedir”, – Karnegi Fondu Avropa Mərkəzinin (Carnegie Europe) baş tədqiqatçısı Tomas de Valın (Thomas de Waal) sözləridir.

Tomas de Val
Tomas de Val


"Bu, Bakının 2020-ci ildən bəri apardığı “məcburedici diplomatiyaya” xas bir şeydir. Düşünürlər ki, bu taktika işləyir. Deyəsən, onların başqa taktikası yoxdur. Ermənistan hökuməti ilə əməkdaşlığı açıq vurğulamaqdansa, ‘Paşinyan hökuməti bizim tələblərimizə cavab verməlidir’- deyirlər”, - Tomas de Val deyir. “Konstitusiya tələbi ilə bağlı” yerdə qalan tək açıqlama Azərbaycanın “sülh razılaşmasını [həddindən artıq çox istəməməsidir]”, – yenə Tomas de Valın sözləridir.

“Əlimizə nə zibil keçirə bilsək, ona razılaşmağa hazırıq”

Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, Azərbaycan yekun razılaşmanın əldə edilməsindən öncə konstitusiyaya dəyişiklik tələbi üzərində möhkəm durarsa, Ermənistan “əsas prinsiplər” sənədini seçə bilər.

“Biz hər hansı razılaşma imkanından imtina etməyəcəyik. İdeal dünyada “gəlin tam ikitərəfli sülh sazişinə doğru hərəkət edək və məsələni başlayaq, səhifəni çevirək” [deyə bilərsiniz]. Ancaq biz Ermənistandayıq və məncə, düzünü desəm, Ermənistanda əlimizə nə zibil keçirə bilsək, ona razılaşmağa hazırıq”, – Giraqosyan belə deyib.

Riçard Giraqosyan
Riçard Giraqosyan

Danışıqlar irəlilədikcə, Ermənistan başqa birtərəfli güzəştlərə gedib. Bu ilin yazında Paşinyan Ermənistanla Azərbaycanın şimal sərhədində 1990-cı illərdən bəri işğal etdiyi dörd ərazini Azərbaycana qaytarmağa razılaşıb. O bunu Azərbaycandan əvəzində heç bir şey almadan edib. Ermənilərin çoxu bunun müqabilində Azərbaycanın 2020-ci il müharibəsindən sonra tutduğu kiçik Ermənistan ərazilərindən çıxacağına ümid bəsləyirdi.

Paşinyan dəfələrlə bu güzəştləri Azərbaycanın mümkün hücumundan qorunmaq ehtiyacı ilə əsaslandırıb. O mart ayında deyib ki, şimal sərhədi boyunca torpaqları qaytarmamaq “həftənin sonunda müharibənin başlanması demək olar”.

Ermənistanda qərarları Paşinyan verdiyi müddətdə Azərbaycanın bu zorba taktikası işə yarasa da, erməni seçicilər Əliyevin tələbi kimi qəbul etdikləri sənədə səs verərkən məsələ düyünə düşə bilər.

“Elə bu üzdən düşünürəm ki…”

Paşinyanın konstitusiya şurasının daha bir üzvü Edmon Marukyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Azərbaycanın tələbləri yeni konstitusiyada əksini tapsa, ermənilər referendumda onun əleyhinə səs verəcəklər. Bu da Bakıya “yeni müharibəyə bəhanə” verəcək.

“Elə bu üzdən, mən düşünürəm ki, biz konstitusiyanın preambuluna toxunmamalı, yaxud bununla bağlı hər hansı müzakirə aparmamalıyıq. Bu bir tələdir”, – Marukyan belə deyib.

XS
SM
MD
LG