Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:56

Həbsdə olan sabiq deputata qarşı ittiham: 'Bu adam mənim atama od qoyub'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Bir ilə yaxındır həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli iki nəfər işadamına hədə-qorxu gələrək, onlardan pul almaqda ittiham edilir. Sözügedən şəxslərin hər ikisi – Mürsəl İbrahimovƏdalət Bağırov mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində N.Bəydəmirlinin işi üzrə məhkəmə iclasında dindirilib.

Ə.Bağırov “Avto-Qarant” ASC-nin rəhbəridir. N.Bəydəmirlinin özü də bu şirkətin səhmdarıdır. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq deputat onu intim görüntülərini yaymaqla şantaj edərək, ötən ilin iyununda 10 min manat pulunu alıb.

Zərərçəkmiş kimi ifadə verən Ə.Bağırov danışır ki, vaxtilə N.Bəydəmirli ilə onu Bakı Apellyasiya Məhkəməsinin ovaxtkı hakimi, indi həbsdə olan Lətif Nəbiyev tanış etmişdi. Onun sözlərinə görə, şirkətin səhmlərini və torpaq sahəsini N.Bəydəmirliyə satsa da, pulunu ala bilməyib. Bu üzdən, aralarındakı mübahisə 20 ilə yaxındır sürür:

“Mənə çatası 120 min dolları istəyəndə dedi ki, “deputat seçilirəm, qoy bitsin, hər şey yaxşı olacaq”. Həqiqətən seçildi, ancaq mənim pulumu vermədi. Lətif Nəbiyevə dedim, səbrli olmağı tövsiyə elədi. Pulumu verməmək bir yana, özümü məhkəməyə verdi, qəzetdə biabır elədi”.

“Məcbur olub, 10 min verdim…”

Ə.Bağırov iddia edir ki, illərlə aralarında davam edən çəkişmələrdən sonra N.Bəydəmirli ötən il iyulun 24-də “NZS” qəsəbəsində şirkətin qarajına gələrək. onu şantaj edib.

Onun sözlərinə görə, sabiq deputat telefonunda iki kişi arasında intim münasibətlərlə bağlı videonu ona göstərib, 50 min manat pul, bir də şirkət səhmlərinin 15 faizini istəyib.

“Mənə dedi ki, “bu videodakılardan biri sən ola bilərsən”. Fikirləşdim ki, bunun əlində bütün günü telefon var, montaj eləyər, yayar. Məcbur olub, 10 min verdim ki məndən əl çəksin”, - Ə.Bağırovun sözləridir.

N.Bəydəmirli zərərçəkmişin söylədiklərini cəfəngiyat adlandıraraq vurğulayıb ki, Ə.Bağırovun ifadəsində yalnız bir cümlə onları keçmiş hakim Lətif Nəbiyevin tanış etməsi həqiqət idi:

“Bu bədnam adam başdan-ayağa cəfəngiyat danışır. Lətif Nəbiyevin bizi tanış eləməsindən başqa hamısı rəvayətdir. Bunun əmisi oğlunun işinə Lətif Nəbiyev baxırdı, oradan tanış olmuşdular”.

N.Bəydəmirliyə şantaj ittihamı verilən digər hadisəninsə 1996-cı ildə Rusiyada yaşandığı iddia olunur.

Bu epizod üzrə zərərçəkmiş qismində ifadə verən Mürsəl İbrahimov Bakı Dövlət Universitetinin müəlimi və tarixçi olduğunu deyib. O ötən əsrin 90-cı illərində biznesdən ötrü Rusiyaya gedib. N.Bəydəmirlini də 1995-ci ildə Lipetsk şəhərində tanıyıb. Onun sözlərinə görə, sabiq deputat o zamanlar Rusiyada meyvə-tərəvəz ticarətiylə məşğul olurdu.

Zərərçəkmişin dediyinə görə, günlərin birində N.Bəydəmirli ona birlikdə spirtli içki biznesiylə məşğul olmağı təklif edib, o da razılaşıb: “Mən əvvəldən başqa işlərdə iranlılarla işləyirdim. İranlılardan 40 min alıb Voronejdə Nazimə verdim...”.

“Onun həbs edildiyini eşidəndə, gedib şikayətçi oldum”

M.İbrahimov deyir ki, N.Bəydəmirlinin orada evli olduğu qadın vergi müfəttişi, onun əmisi oğlu isə milis rəisi idi. Zərərçəkmiş iddia edir ki, oğlunu girov götürüb, 70 min dollar tələb ediblər:

“Nazimin baldızı dedi ki, uşağının buradan sağ-salamat getməsi üçün 70 min dollar verməlisən. Evdə 28 min dollar vardı, onu verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Mən də onu Bakıya yola saldım”.

O dövrdə şikayətçi olmamasının səbəbini belə əsaslandırıb ki, şəhərdə vəzifədə olanlar N.Bəydəmirlinin qohumları idi. Azərbaycana gələndən sonra 30 ilə yaxın müddətdə səssiz qalmasına gəlincə, iddia edir ki, N.Bəydəmirlinin kriminal qruplaşmalarla əlaqəsi olduğunu eşitmişdi:

“Sosial şəbəkələrdən onun həbs olunduğunu eşidəndə, mən də gedib şikayətçi oldum. Bu adam mənim atama od qoyub”.

N.Bəydəmirli isə bildirib ki, M.İbrahimov yalan danışır və onun həbsdə olmasından sui-istifadə edir. Keçmiş deputat vurğulayıb ki, bu şəxslə cəmi 10-15 gün əlaqəsi olub.

N.Bəydəmirli ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələriylə ittiham verilib. Bu maddələrdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

N.Bəydəmirli ittihamları rədd edir, onları uydurma adlandırır.

Keçmiş deputat məhkəmədə ifadəsində özünü “ekologiya məhbusu” saydığını deyib. Onun sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarıyla əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər.

Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.

XS
SM
MD
LG