Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Ermənistanda demarkasiya ilə bağlı əlavə yolun çəkilməsinə hazırlıq işləri başlanıb


Alternativ yolun nişanlanmasına başlanıb
Alternativ yolun nişanlanmasına başlanıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, mayın 21-də səhərdən Azərbaycanla sərhədin demarkasiya olunduğu bölgədə əlavə yol sektorunun ölçmə-müəyyənləşdirmə işlərinə başlanıb.

Bu işi aparan qrupun üzvləri Azatutyuna deyiblər ki, burada Yerevan-Tbilisi yolunun Azərbaycan ərazisindən yan keçəcək hissəsi tikiləcək.

Elə həmin rəsmilər bunu da bildiriblər ki, bəzi sakinləri demarkasiyaya etiraz edən Kirants kəndi əhalisinin ricası ilə sərhədin bu hissəsi hasarlanacaq.

Azatutyun bunu da bildirir ki, Kirants kəndinə gedən yollar ötən həftədən bağlı qalır.

Yeni yolun yeri açılır
Yeni yolun yeri açılır

Polis izah edib ki, bu, Ermənistan sərhədçilərinin yeni müəyyənləşmiş sərhəd xətti boyunca yerləşdirilməsi üçün edilir.

Hazırda Yerevan-Tbilisi dövlətlərarası magistralının Kirants kəndi yaxınlığındakı hissəsi və bir körpü rəsmən Azərbaycan ərazisi kimi tanınıb.

Qeyd olunur ki, alternativ yol Ermənistanın Açarkut kəndindən başlanıb Kirants kəndinə tərəf dönəcək və daha sonra əsas magistrala birləşdiriləcək.

Mayın 20-də Ermənistan baş naziri administrasiyasının rəhbəri Arayik Arutyunyan Facebook-da yazıb ki, yol genişləndiriləcək və bütün beynəlxalq standartlara cavab verəcək.

Onun sözlərinə görə bütün bu proses iki ay ərzində başa çatdırılacaq.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Paşinyan hökuməti mayın 15-də gecə Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasına dair protokol imzalanandan sonra sərhədin müəyyənləşdirilməsi prosesini bərpa etdiyini bildirib.

Baş nazirin ofisindən verilən məlumatda deyilirdi ki, demarkasiya nəticəsində Azərbaycan dörd ərazi (Qazax rayonunun dörd kəndi - red) üzərində nəzarətini bərpa edəcək.

Hökumət bunu da bildirmişdi ki, sözü gedən dörd ərazidən ən həssası Kirants sektorunun qonşuluğundadır və burada “bir sıra detallara aydınlıq gətirilməldirir”.

Bu da xəbər verilirdi ki, Ermənistan bu əraziləri 1990-cı illərdən işğal edib və işğal dövründə de jure Azərbayanın Qazax rayonuna aid ərazilərdə fərdi evlər və bir sıra obyektlər tikilib.

Paşinyan hökuməti demarkasiya prosesinə görə evlərini və torpaq sahələrini itirəcək Kirants sakinlərinə kompensasiya veriləcəyini vəd edib. Lakin Azatutyunun yazdığına görə bəzi etirazçılar “kompensasiya istəmədiklərini” deyirdilər.

Azərbaycan-Ermənistan sərhədinin Tavuş-Qazax sektoru
Azərbaycan-Ermənistan sərhədinin Tavuş-Qazax sektoru

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG