Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Azərbaycan və Ermənistan qoşunlarını sərhəddən geri çəkə bilərmi?


Azərbaycan-Ermənistan sərhədi xəritəsi
Azərbaycan-Ermənistan sərhədi xəritəsi

Qoşunların Azərbaycan və Ermənistan sərhədindən qarşılıqlı olaraq geri çəkilməsi yenidən gündəmə gələ bilər. Hər halda, Ermənistanda belə düşünürlər.

"Ermənistan-Azərbaycan sərhədindən hər iki ölkənin qoşunlarının geri çəkilməsi məsələsi müzakirə olunurdu və mən ümid edirəm ki, müzakirə olunmağa davam edəcək". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 13-də Yerevanda Estoniya xarici işlər naziri ilə görüşdən sonra təşkil olunan brifinq zamanı bildirib. O deyib ki, qoşunların sərhəddən geri çəkilməsi müsbət effekt yaradacaq və növbəti mümkün eskalasiyasının qarşısını alacaq: "Bu ideya müzakirə olunur".

C.Bayramov
C.Bayramov

Ceyhun Bayramov: "Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı..."

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bu məsələyə münasibət bildirib. APA-nın xəbərinə görə, o deyib ki, danışıqlar prosesində müzakirə olunan hansısa elementi çıxarıb ayrıca təqdim etmək cəmiyyətdə çaşqınlıq yaradır: "Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda, qoşunlar geri çəkilərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi".

"Bizim prinsipial yanaşma odur ki, Azərbaycan sərhədi yalnız Azərbaycan əsgəri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə oluna bilməz. Bu, Azərbaycanın suveren hüququdur", - nazir əlavə edib.

E.Məmmədov
E.Məmmədov

"Bu, sərhədçilərin geri çəkilməsi demək deyil"

Deputat Elman Məmmədov "Turan"a bildirib ki, qoşunların geri çəkilməsi mümkündür, ancaq bu, sərhədçilərin geri çəkilməsi demək deyil: "Azərbaycan sərhədlərini sərhəd qoşunları qoruyur. Sərhəd qoşunları da bu gün harada dayanıbsa, hansı mövqe tutublarsa, orada da dayanacaqlar. Yəni, bunun ümumi qoşunların geri çəkilməsinə aidiyyəti yoxdur".

Ə.Oruclu
Ə.Oruclu

"Qapalı dairə yaranıb"

Siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, burada sanki bir qapalı dairə yaranıb: "Qoşunları geri çəkmək etimad yaradıcı amildir, amma qoşunları çəkmək üçün də etimad olmalıdır, etimad isə yoxdur. Ona görə də, ola bilsin ki, qoşunlar çəkilməyəcək".

O düşünür ki, Ermənistanla Azərbaycan bunu birlikdə gerçəkləşdirməlidir və hər iki tərəfdən mütləq müşahidəçilər iştirak etməlidir. "Amma indiki şəraitdə, fikrimcə, belə bir addım atılmayacaq. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda marağı olan bir sıra böyük dövlətlərin, ilk növbədə Rusiyanın istəyinə uyğun deyil", - Ə.Oruclu AzadlıqRadiosuna bildirib.

Xatırlatma

1988-ci ildə qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Noyabrın 30-da Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların beşinci görüşü keçirilib. Tərəflər iclasların və birgə işçi görüşlərin keçirilməsi reqlamentini ilkin olaraq razılaşdırıblar.

XS
SM
MD
LG