Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:38

İranda su etirazı. ‘Sistan suya möhtacdır’


Zabulda etiraz, 31 iyul, 2023-cü il
Zabulda etiraz, 31 iyul, 2023-cü il

İranın cənub-şərqində yerləşən Sistan-Bəluçistan əyalətinin sakinləri iyulun 31-də etiraz aksiyası keçiriblər. Onlar hökuməti dərinləşməkdə olan su böhranı, qum fırtınaları və Helmənd çayı üzərində su hüquqları məsələsini həll edə bilmədiyi üçün tənqid ediblər.

Bölgədə quraqlıq kritik həddə çatıb.

İranın rəsmi xəbər agentliklərinin “qanuni toplaşma” adlandırdığı aksiyaya Zabul şəhərinin yüzlərlə sakini qatılıb. Onlar Prezident İbrahim Rəisinin bölgəyə gəlməsini, həmçinin böhranın həlli üzrə ali şura yaradılmasını tələb ediblər.

Su ehtiyatlarının azalması İranda böyük təhlükəyə çevrilib. Su ehtiyatlarının yanlış idarə edilməsi, quraqlıq və korrupsiyadan qaynaqlanan infrastruktur layihələri ölkəni ciddi su qıtlığı ilə üz-üzə qoyub.

Etirazçıların əllərindəki plakatlarda “Sistanda su yoxdur, Sistanda hava yoxdur, Sistanda dolanışıq yoxdur”, habelə "Sistan suya möhtacdır, Sistan diqqətə möhtacdır” kimi şüarlar yazılıb. Böhranın həlli üçün şura yaradılmasının vacibliyini vurğulayan aksiya iştirakçıları məsələnin dərinləşərək “milli təhlükəsizlik probleminə” çevrilə biləcəyi haqda xəbərdarlıq ediblər.

Sistan-Bəluçistanda toz fırtınası
Sistan-Bəluçistanda toz fırtınası

Talibanla razılığa gəlinməyib

Su böhranı və sənayenin inkişaf etməməsi bölgə xalqına ciddi ziyan vurub. Sakinlərin bir qismi quraqlığın vurduğu ziyana görə kompensasiya, maldarlar üçün vergilərin bağışlanmasını və kredit güzəştləri tələb edir. Etirazçılardan biri bunun bölgədə “super kritik” dövrün başlanğıcı olduğunu deyib.

Bu, son aylar ərzində Sistan-Bəluçistan əyalətində beşinci etiraz aksiyasıdır. Apreldəki aksiyada iştirakçılar xarici işlər nazirliyi və digər hökumət qurumlarının qonşu Əfqanıstanın Taliban hökumətindən Helmənd çayı üzərində su hüquqlarını almaqdan ötrü yetərincə çalışmamasına etiraz edirdilər.

Sistan-Bəluçistan əyaləti, xüsusən də onun şimal şəhərləri su böhranından çox əziyyət çəkir. Yeni qum mərkəzləri və mövsümi küləklərin yaratdığı toz fırtınalarının bir neçə ay davam etməsi isə böhranı daha da dözülməz hala gətirib. Son bir ayda əyalət həm içməli su qıtlığı, həm də elektrik kəsintilərindən əziyyət çəkib.

Əhali köçü

İyunda “Su, inkişaf və iqlim miqrasiyası” adlı tədbirdə iranlı tədqiqatçılar ötən il su böhranına görə Zabul və ətraf ərazilərdən 10 minədək ailənin ölkənin başqa yerlərinə köç etdiyini bildiriblər.

Bu durum ölkənin bir çox yerində su böhranı və böhranla bağlı etirazların get-gedə adi hal almasından xəbər verir. Ekspertlər iqlim dəyişikliyinin İranda quraqlıq və selləri gücləndirdiyi qənaətindədirlər. Onlar tez-tez baş verən quraqlıq və sellərin ölkədə qida təhlükəsizliyini təhdid edə biləcəyini deyirlər.

İran Meteorologiya Təşkilatının hesablamalarına görə, ölkə ərazisinin 97%-i bu və ya digər dərəcədə quraqlıqdan əziyyət çəkir.

XS
SM
MD
LG