Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

'Balkan yolu'nda ölən miqrantlar. Cəsədlər yarılmır...


Miqrantlar
Miqrantlar

İndiyədək yüzminlərlə miqrant Avropa xəyalı ilə “Balkan marşrutu” ilə yola çıxsa da, heç də hamının üzü gülməyib, bu yolda həyatı yarımçıq kəsilənlər olub.

Aprelin ortalarında səlahiyyətlilər Serbiyanın Xorvatiya ilə sərhədi yaxınlığında qatar relslərində bir gəncin parçalanmış cəsədini tapdılar. Bəlli prosedurlara baxmayaraq, bəzən miqrantların cəsədində yarılma aparılmır, DNT nümunəsi də götürülmür. Fəallar deyirlər ki, bu cür qurbanlar qaçqın olduqlarına görə, bəzi müəyyən edilmiş prosedurları onlara tətbiq etmirlər.

Ancaq bu qurbanın adı vardı.

21-yaşlı Şoib Tasal Əfqanıstandan Türkiyəyə qaçmış, ölümündən bir neçə ay əvvəl Serbiyaya gəlmişdi.

2015-dən davam edən miqrasiya böhranı

Tərk edilmiş vaqonlarda, dalğalı dənizlərdə və ya sürətlə axan çaylarda həlak olan minlərlə miqrant dostlarından fərqli olaraq, Tasalın cənazəsi fəalların xəbərdarlıqları və Niderlanddakı bir ailə üzvünün xeyriyyə kampaniyası sayəsində vətənində dəfn edilmək üçün ailəsinə təhvil verildi.

Avropada 2015-ci ildə pik həddinə çatan miqrasiya böhranı o vaxtdan qeyri-bərabər, lakin inadla davam edərək, bir çox insanların həyatını alt-üst edib və ya faciəvi şəkildə başa çatıb.

2021-ci ilin oktyabrına olan son rəsmi rəqəmlərə görə, Əfqanıstan, Suriya, İraq, Şimali Afrikada müharibə və humanitar böhranlar fonunda Avropaya sənədsiz miqrasiya dalğasının başlanmasından bəri, Serbiyada təxminən 70 qaçqın və miqrant ölüb.

Serbiyanın Qaçqınlar və Miqrasiya üzrə Komissarlığı AzadlıqRadiosunun Balkan Xidmətinin dəqiq və daha aktual rəqəmlə bağlı sorğusunu cavablandırmayıb.

Ölüm səbəbləri

Təsdiqlənmiş ölümlərin ən çox yayılmış səbəbləri nəqliyyat və dəmir yolu qəzalarıdır. Serbiya sərhədi boyunca sürətlə axan üç çayda boğulmalar da olub.

Serbiyada ölən miqrantların əksəriyyəti ölkədəki qaçqın mərkəzinin yaxınlığındakı yerli qəbiristanlıqlarda basdırılır.

Tanınmış hüquqşünas və aktivist, Serbiyadakı Sığınacaq Mühafizəsi Mərkəzinin icraçı direktoru Rados Djurovic deyir ki, bəzi cəsədlər heç vaxt tapılmadığı üçün ölənlərin sayı daha çoxdur.

Nə Daxili İşlər Nazirliyi, nə də Qaçqınlar və Miqrasiya üzrə Komissarlıq AzadlıqRadiosunun Tasalın ölümü ilə bağlı əlavə məlumat sorğusuna cavab verib.

Azı 55 min yarımçıq tale

Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) hesablamalarına görə, 2014-cü ildən bəri 55 mindən çox miqrant müxtəlif ölkələrə gedərkən dünyasını dəyişib. Onların demək olar ki, yarısının Aralıq dənizi regionunda öldüyü təxmin edilir.

Rəsmi məlumatların olmadığı bir şəraitdə, fəallar, regionda miqrant ölümləri ilə bağlı “4D məlumat bazası” yaradıb. Onlar suda boğulma, avtomobil qəzaları, qatar qəzaları və bəzən atəş və ya digər zorakılıq kimi nakam taleləri siyahıya alırlar.

Son yeniləməyə görə, 2022-ci ilin yanvarınadək Serbiyada ən azı 80 ölüm qeydə alınıb.

XS
SM
MD
LG