Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Nova Kaxovka bəndinin dağılması Ukrayna üçün nə deməkdir?


Kaxovkadakı mədəniyyət evi
Kaxovkadakı mədəniyyət evi

Sovet zəmanəsində tikilmiş Nova Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndi onilliklərdir ki, Ukraynanın cənubundakı gur sulu Dnepr çayının qarşısını kəsirdi. İyunun 6-da, gecə saatlarında bəndin dağılması çayın hər iki sahilində şəhər və kəndləri, habelə əkin sahələri və kənd təsərrüfatı obyektlərini su altında qoyub, minlərlə insanın fəlakət zonasından təxliyə edilməsinə səbəb olub.

Ukrayna bəndin dağılmasına görə bu ərazini hələ 2022-ci il müdaxiləsinin əvvəllərində işğal etmiş Rusiyanı ittiham edir. Rusiya isə əksinə bəyan edir ki, bəndi öz cəbhə uğursuzluqlarını ört-basdır etmək üçün Ukrayna dağıdıb. Hələ ki, heç bir tərəf sübut-dəlil təqdim etməyib.

Bu hadisə Ukrayna Dnepr çayının sağ sahilini, o cümlədən Rusiyanın ələ keçirdiyi yeganə vilayət mərkəzi Xersonu azad edəndən 6 ay sonra baş verib. Hadisə həm də Ukraynanın müharibənin gedişatını dəyişəcək böyük əks-hücumunun gözlənilən ərəfəsinə təsadüf edir.

Hələlik yalnız bir şey aydındır: bəndin dağılması Rusiyanın 16 aydır davam edən müdaxiləsi ərzində törədilmiş ən böyük texnogen fəlakətdir.

Bənd necə dağılıb?

Bu sualın dəqiq cavabı hələ ki, yoxdur.

1954-cü ildə Ukraynanın cənubunu elektriklə təmin etmək üçün tikilmiş 3 kilometrlik Nova Kaxovka və ya Kaxovka Belarusdan başlanıb Qara dənizə tökülən 980 kilometrlik Dnepr çayı üzərində 6 SES-dən biridir.

2022-ci ilin fevralından Rusiya qoşunlarının nəzarətində olan bəndə bundan əvvəl də ziyan dəyib. Ötən il noyabrın 11-də sağ sahildən geri çəkilən Rusiya qüvvələri bəndin üstündəki yolu partladıblar.

Bundan sonra bəzi müşahidəçilər bildirirdilər ki, strukturu zədələnmiş bənd öz-özünə dağıla bilər.

Rusiya qoşunları sağ sahildən çəkildikdən sonra, sol sahildə böyük müdafiə fortifikasiyaları qurub və geniş səngərlər qazılıb. Sol sahilindən həm də əldən getmiş Xersonun artilleriya atəşinə tutulması üçün istifadə edilib. Ərazidə minlərlə mina basdırılıb.

Nova Kaxovkada daşqın
Nova Kaxovkada daşqın

Ukrayna rəsmiləri bildirirlər ki, bəndin çatlamasına mühərrik zalında törədilmiş partlayış səbəb olub.

Rəsmilər habelə Kaxovka SES-in bundan sonra bərpa oluna bilməyəcəyini deyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski bu hadisə ilə bağlı rusiyalıları “terrorçu” adlandırıb:

“Kaxovka su-elektrik stansiyasının dağıdılması bütün dünyaya sübut edir ki, onlar Ukraynanın bütün guşələrindən qovulmalıdırlar”.

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı hələ ötən oktyabrda rusiyalıların stansiyanın bəzi hissələrini minaladıqları barədə məlumat vermişdi.

Xerson vilayətinin hələ də işğalda olan hissəsində Moskvanın təyin etdiyi administrasiya Ukraynanı bəndi raketlərlə atəşə tutmaqda ittiham edir. Amma bəzi Rusiya rəsmiləri deyirlər ki, bənd bundan əvvəl aldığı zədələrə görə öz-özünə dağılıb.

Təxliyə

Ukraynanın fövqəladə hallar rəsmiləri bildirirlər ki, artıq minlərlə insanın çayın sağ sahilindən evakuasiyasına başlanıb.

Müdaxilədən əvvəl 70 min əhalisi olan Nova Kaxovka şəhərinin bir hissəsi suyun altında qalıb.

Rəsmilər bildirirlər ki, şəhər zooparkındakı bütün heyvanlar böyük bir ehtimalla tələf olublar.

Xerson vilayətinin inzibati mərkəzi – Xerson şəhəri bəndin 70 kilometrliyində yerləşir və son məlumata görə burada da şəhərin çökəkdə olan hissələrini su basmağa başlayıb.

Xerson regional hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin əhalinin təxliyəsinə başlandığını deyib.

“Ən pis ssenari” gerçək olarsa...

Ötən oktyabrda İsveçin Damningsverket hidroloji mühəndislik şirkəti Kaxovka bəndinin dağılması təqdirində mümkün daşqının miqyası barədə qiymətləndirmə aparmışdı. Həmin hesabatda deyilirdi ki, daşqın suları nəinki Dneprin mənsəbinə çata, hətta ətraf çaylarda, mühüm dəniz limanı Mikolayevdə suyun səviyyəsini qaldıra bilər.

“Ən pis ssenaridə” deyilirdi ki, bəndin dağılmasından 19 saat sonra 4-5 metr hündürlüyündə sular Dnepr üzərindəki Antonov körpüsünü vuracaq, daha sonra daşqının İnhulets çayına tərəf geri çəkilməsi başlanacaq. Bunun ardınca ətraf çaylarda, o cümlədən ən böyük çay limanı Mikolayevdə 4-5 gün müddətində daha az güclü daşqınlar ola bilər.

Mikolayev şəhərinin meri Oleksandr Sinkeviç iyunun 6-da şəhərdə daşqının olmadığını bildirmişdi.

Bəndin dağılması xəbərindən sonra Damningsverket şirkətinin başçısı Henrik Oelander-Hyalmarsson deyib ki, hadisə baş verəndə su anbarındakı suyun səviyyəsi son 30 ilin ən yüksək həddində idi, çünki münaqişə dövründə bəndin daşqın qapıları bağlı saxlanmış, qarın əriməsi nəticəsində gələn izafi suya çıxış verilməmişdi.

Oelander-Hyalmarsson NBC News telekanalına deyib ki, “bu nəhəng fəlakətdir və rusiyalıların bunu etməsi məni dərindən kədərləndirib”.

Nüvə təhlükəsi varmı?

Bəndin əmələ gətirdiyi su anbarı 100 kilometrədək şimala doğru uzanır.

Bu da qeyd olunur ki, bu su anbarı həm də Avropanın ən böyük nüvə stansiyası – Enerhodar şəhərindəki 6 reaktorlu Zaporojye nüvə elektrik stansiyası üçün “sərinləşdirici” rolunu oynayır. Bu nüvə stansiyası da Rusiya işğal qüvvələrinin nəzarətindədir, amma stansiyada Ukrayna mühəndisləri işləyirlər.

Stansiyanın reaktorları yaxınlıqda gedən döyüş əməliyyatlarına görə sentyabr ayından bəri dayandırılıb və burada elektrik enerjisi istehsal olunmur.

Buna baxmayaraq nüvə stansiyası ətrafında təhlükə riski indi daha da artıb, belə ki, daşqın suları radioaktiv yanacaq çubuqlarını sərinləşdirməli olan hovuzları dağıda bilər. Su səviyyəsinin həddən artıq enməsi nəticəsində hovuzlardakı suyun temperaturu qalxa, yanacaq çubuqları əriyə və hətta partlaya bilər.

İyunun 6-da günorta saatlarında nüvə stansiyasından şimalda yerləşən Nikopol şəhərində su səviyyəsinin artıq 1.5 metr endiyi xəbər verilib.

Ukraynanın atom enerjisi üzrə dövlət şirkəti Enerhoatomun rəsmiləri bildirirlər ki, su səviyyəsinin enməsi sərinləşdirici hovuzları təsirləndirməyib.

Şirkətin rəhbəri Petro Kotin deyib ki, hətta Kaxovka su anbarında heç su qalmasa belə, hovuzlardakı suyun təzələnməsi üçün başqa ehtiyat tədbirlər nəzərdə tutulub.

Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-dəki vəziyyəti intensiv monitorinq etdiyini bildirib.

Xerson şəhəri Kaxovka bəndinin dağılmasından sonra
Xerson şəhəri Kaxovka bəndinin dağılmasından sonra

Krımla bağlı vəziyyət necədir?

Kaxovka su anbarında su səviyyəsinin enməsi Rusiyanın ilhaq etdiyi Krımı da təsirləndirə bilər.

Qara dənizə çıxan bu yarımada 2014-cü ildən bəri Rusiyanın nəzarətindədir.

Krım ilhaqa qədər suyu Ukrayna ərazisindən hələ 1960-cı ildə çəkilmiş 402 kilometrlik kanalla alırdı.

Yarımadada havaların istiləşməsi və yağmurların azalması bu kanalın əhəmiyyətini daha da artırmışdı.

Ukrayna Krımın ilhaqından dərhal sonra bu kanalla suyun verilməsini dayandırsa da, ərazini işğal edən Rusiya qüvvələri suyu yenidən açmışdılar.

İyunun 6-da Krımın Rusiya tərəfindən təyin edilmiş qubernatoru Sergey Aksyonov deyib ki, yarımadanın su anbarları 80 faizədək doludur, amma yay aylarında kanaldakı suyun səviyyəsi enə bilər.

Bu da qeyd olunur ki, daşqınlar Xerson və Zaporojye vilayətlərindəki irriqasiya sistemi üçün də fəlakətli ola bilər.

Ukraynadakı "Kaxovka" su bəndi dağıdılıb, ətrafdakı yaşayış məntəqələrini su basır
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Bəndin dağılması kimə sərf edir?

Bəndin dağılması nəticəsində yaranan daşqın əsasən Ukraynanın nəzarətində olan sağ sahili təsirləndirib.

Bu faktı və su bəndinin son bir ildə Rusiya qüvvələrinin nəzarətində olmasını nəzərə alan bir çox müşahidəçilər bu fəlakətə görə Moskvanı ittiham edirlər.

Üstəlik bu da deyilməlidir ki, son aylarda Ukraynanın 1000 kilometrlik cəbhə xətti boyunca böyük əks-hücuma keçəcəyi gözlənilir.

Son aylarda Ukraynanın diversiya qrupları Dnepr çayının sol sahilində müşahidə olunurdular.

Kaxovka bəndinin dağılması ilə keçilməsi onsuz da asan olmayan Dnepr, daşqından sonra Rusiya qüvvələri üçün daha bir təbii müdafiə xətti yaradıb.

Bu da qeyd olunur ki, Ukrayna hökuməti əks-hücum üçün ayırdığı vəsaitləri indi evakuasiya və xilasetmə işlərinə xərcləməli ola bilər.

Ukrayna ordusu cənub komandanlığının sözçüsü Natalya Humenyuk deyib ki, rusiyalılar Ukraynanın əks-hücumunun qarşısını bu şəkildə almaq qərarına gəliblər.

Bunu Stalin də etmişdi

Bunu deməyə o da əsas verir ki, 1941-ci ildə Sovet İttifaqının içərilərinə doğru irəliləyən almanların hücumunun yavaşıdılması məqsədilə ovaxtkı sovet lideri İosif Stalin Zaporojyedəki su anbarlarından birinin partladılmasını əmr etmişdi. O vaxt daşqın suları minlərlə yerli sakinin ölümü ilə nəticələnmişdi.

Necə olursa-olsun, ekspertlərin fikrincə Ukrayna qarşıdan gələn illərdə sudan təkcə elektrik enerjisinin alınması məqsədilə deyil, həm də irriqasiya məqsədilə istifadə sahəsində problemlər yaşaya bilər.

Ukrayna Su Problemləri İnstitutunun direktoru Mixaylo Yatsyuk bu barədə deyib:

"Bunu başa düşmək lazımdır ki, Ukrayna iqtisadiyyatının üçdə ikisi Dnepr çayı üzərindəki su bəndlərinə bağlıdır”.

XS
SM
MD
LG