Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Rusiyanın muzdlu döyüşçü şirkətləri. Kim kimdir


Redut döyüşçüləri Tambov yaxınlığında
Redut döyüşçüləri Tambov yaxınlığında

Rusiyanın “Vaqner” muzdlu qrupunun başçısı, sözünü birbaşa deyən Yevgeni Priqojin mayın 9-da yayımlanan videoda Rusiya hərbi komandirlərini təhqiramiz ifadələrlə tənqid edib.

Priqojin Ukraynanın şərqindəki Baxmut şəhərinə 10 aydır gedən hücumda əsas rol oynayan döyüşçülərinin sursatla təmin olunmamasından şikayətlənib. Daha sonra o, başqa bir hədəfə, “Qazprom” dövlət şirkətinin maliyyələşdirdiyi özəl təhlükəsizlik qrupunu tənqid edərək, onun döyüşçülərinin Baxmut yaxınlığındakı döyüşdə mövqe tutmaqdan imtina etdiyini bildirib.

“Niyə camaatın pulunu xərcləyirsən, adamları yığıb döyüşə göndərirsən? Bu cəfəngiyatı dayandır, bu müharibədir!” – deyən Priqojin, videoda söyüş və təhqiramiz ifadələr işlədib.

Rusiyada “Vaqner” kimi başqa hərbi qruplaşmalar da var.

Bunlardan bəziləri döyüşmək üçün Ukraynaya dəstələr göndərib, digərləri isə özünəməxsus üsullarla şöhrət qazanıblar.

Redut

“Meduza” xəbər saytının məlumatına görə, Rusiya 2022-ci il fevralın 24-də genişmiqyaslı işğala başlayanda, “Redut” kimi tanınan qruplaşmanın əsgərləri Ukraynaya ilk daxil olanlar arasında olub. “Redut” rusca müdafiə istehkamı deməkdir.

Amma rusdilli “Novaya qazeta”nın yazdığına görə, bu hərəkatın mənşəyi bir neçə il əvvələ, Suriyaya gedib çıxır. “Redut” “Stroitransgaz” mühəndislik və tikinti şirkətinin Suriyadakı obyektlərinin mühafizəsinə cəlb olunub. Bu şirkəti əvvəlcə “Qazprom” yaradıb, sonradan onu Kremlə bağlı milyarder Gennadi Timçenko satın alıb.

“Novaya qazeta”nın məlumatına görə, “Redut”un baş ofisi Moskvanın Kubinka qəsəbəsində, Rusiya Hava Desant Qüvvələrinin 45-ci Xüsusi Təyinatlı Briqadasının əsas bazasına yaxın yerləşir.

Rusiya sosial şəbəkələrində aktiv şəkildə əsgər toplayan şirkət, maraqlanan namizədlərin ən azı 25 yaşında olmalarını, müəyyən hərbi təcrübəyə və ya hüquq-mühafizə orqanlarında təcrübəyə malik olmasını tələb edir.

Bu yaxınlarda AzadlıqRadiosunun “İdel Realities” portalı “Redut” müqaviləsinin surətini əldə edib. Sənəddə Ukraynadan və ya hər hansı davam edən hərbi əməliyyatlardan bəhs edilmir. Müqavilədə “Redut” Rusiyanın cənubunda Rostov-na-Don şəhərində qeydiyyatdan keçmiş tikinti şirkəti kimi göstərilir.

Müqavilədə şirkət özünü “RLSPI” və ya Regional Sosial və Psixoloji Tədqiqat Laboratoriyası kimi tanıdır. Laboratoriya əslində, Rusiyanın “QRU” hərbi kəşfiyyat idarəsinin bir bölməsidir və rəsmi olaraq 35555 saylı hərbi hissə adlanır.

“Redut”a qoşulan bir nəfər “İdel Realities” portalına bildirib ki, işğaldan əvvəl Ukraynaya muzdlular göndərilib. Rusiya 2014-cü ildən Donbasdakı yerli qüvvələrə dəstək verir və onlara ABŞ dolları ilə nağd pul ödəyir. Amma işğaldan sonra ödənişlər rublla verilir.

Müqaviləyə görə, muzdlulardan gözlənti və öhdəliklərə “işəgötürənin istəyinə uyğun olaraq istənilən yerdə, istənilən vaxt xüsusi tapşırıqların yerinə yetirilməsi” daxildir.

İdel.Realities-ə danışan digər keçmiş döyüşçü bildirib ki, əsgərlər təlimlərinin bir hissəsini Rusiyanın cənub-qərbindəki Tambov şəhəri yaxınlığındakı hərbi kəşfiyyat təlimi obyektində keçiblər.

Rusiya qanunvericiliyinə görə texniki cəhətdən qeyri-qanuni olan “Vaqner”dən başqa, Ukrayna döyüş meydanında leqal olan başqa silahlı mühafizə şirkətləri də var.

Priqojinin açıqlamalarından əvvəl də “Qazprom”un dəstəklədiyi bir və ya bir neçə özəl hərbi şirkətin mövcudluğuna dair şübhələr var idi. Bu ilin əvvəlində baş nazir Mixail Mişustin “Qazprom”un “Qazpromneft” törəmə neft şirkətinə Rusiya qanunlarına görə leqal “özəl təhlükəsizlik şirkəti” təsnifatı altında belə bir qurum yaratmağa icazə verib.

BBC-nin rus xidmətinin məlumatına görə, “Qazprom”un özəl qurumu əvvəlcə Sibirin Omsk şəhərində “Qazpromneft Oxrana” və ya “Qazpromneft Security” adı ilə yaradılıb. Quruma Arxangelsk vilayətinin Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Stanislav Bauman rəhbərlik edib.

Priqojinin açıqlamalarına və digər məlumatlardan belə çıxır ki, “Qazprom”un çətiri altında birdən çox özəl təhlükəsizlik qurumu var.

Potok

“Potok” və ya "axın" kimi tanınan şirkətlərdən biri apreldə ictimaiyyətin diqqətini çəkən bir video paylaşdı. Videoda bir qrup podratçı döyüş meydanında təchizatdan şikayətlənirdi. Onlara Müdafiə Nazirliyi vasitəsilə rəsmi müqavilələr bağlanacağı deyilsə də, əvəzində “Redut” şirkətinin başçılığı ilə əraziyə yerləşdiriliblər.

“Redut” ilə əlaqəli “Don” Briqadası çoxu kazaklar olmaqla könüllülərdən ibarətdir. Briqada “BARS” kimi tanınan milli rezerv sistemində siyahıya alınıb və rəsmi olaraq Müdafiə Nazirliyinə bağlıdır.

Rusiya və Xaricdəki Kazak Döyüşçüləri İttifaqı adlı kazak ictimai təşkilatının yüksək vəzifəlisi sosial şəbəkədə könüllüləri işə cəlb edib. Qrupun digər yüksək vəzifəlisi isə əvvəllər Donbasdakı separatçılara rəhbərlik etmiş rusiyalı Aleksandr Borodaydır. O, hazırda Rusiya parlamentinin deputatıdır.

Özünü Maksim kimi təqdim edən “Don” əsgəri AzadlıqRadiosuna bildirib ki, “Redut” tərəfindən qoyulan yaş tələbinə görə qrupa qoşulub. O, Don və Donbas Könüllülər Birliyi ilə müqavilə bağlayanların maaşının “Redut” tərəfindən ödənildiyini bildirib.

Birliyin əvvəllər “VKontake” kimi tanınan sosial şəbəkədəki səhifəsinə görə, qrupun Rostov vilayətindəki Kadamovski poliqonunda məşq edən üç batalyonu var.

Moran Təhlükəsizlik Qrupu, Slavyan Korpusu və E.N.O.T.

Moran Təhlükəsizlik Qrupunun nə vaxt yarandığı ilə bağlı ziddiyyətli tarixlər var. Yeni Amerika Fondunun 2019-cu il hesabatında deyilir ki, şirkət 2011-ci ildə Belizedə qurulub və elə həmin il Moskvaya köçüb. Marketinq materiallarında deyilir ki, 1990-cı illərdə Rusiya gəmilərinin dəniz quldurlarına qarşı təhlükəsizliyini təmin edib. Moranın böyük müştəriləri arasında Rusiyanın ən böyük gəmiçilik şirkəti, dövlətə məxsus “Sovcomflot” da var idi.

Sankt-Peterburqun "Fontanka" xəbər orqanına görə, “Vaqner”in kökləri 2013-cü ildə döyüşçülər yığan Slavyan Korpusu özəl hərbi şirkətinə gedib çıxır.

Slavyan Korpusu ilk dəfə 2013-cü ildə Honq-Konqdakı korporativ sənədlərdə ortaya çıxıb. Şirkətin rəhbərləri Moran-ın keçmiş işçiləri Vadim QusevYevgeni Sidorov idi. Yenə 2013-cü ildə Slavyan Korpusunun döyüşçüləri Suriya hökumətinin xahişilə bu ölkədə peyda oldu. O zaman İslam Dövləti və digər qruplar Suriyada bir neçə neft obyektini ələ keçirmişdilər.

Slavyan Korpusunun bir neçə əsgərinin yaralandığı döyüşdən sonra Qusev və Sidorov Rusiyaya qayıtdı. Onlar Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldılar, bir il sonra qanunsuz muzdlu şirkət idarə etməkdə təqsirli bilinərək Moskva məhkəməsi tərəfindən məhkum edildilər.

E.N.O.T. Corp

Başqa bir özəl şirkət isə İqor Manquşev adlı millətçi fəalın təsis etdiyi E.N.O.T. Corp-dur. Ukraynalı tədqiqatçılar bu şirkətin Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsində iştirak etdiyini müəyyənləşdiriblər.

Polşa Beynəlxalq Münasibətlər İnstitutunun 2018-ci il hesabatına əsasən, E.N.O.T. döyüşçüləri Suriya, Tacikistan və Qarabağda yarımhərbi əməliyyatlarda iştirak ediblər. Qrup həmçinin Serbiya, Monteneqro, Belarus və digər ölkələrdə gənclər üçün “vətənpərvər” yay düşərgələri təşkil edib.

Qrup 2018-ci ildə Krasnodar vilayətində Rusiya hüquq-mühafizə orqanları tərəfindən hədəfə alınıb. Qrupun federal təhlükəsizlik və ya kəşfiyyat əməkdaşları olan bir neçə üzvü soyğunçuluqda ittiham olunub. Ötən il 2016-cı ildən qruplaşmaya rəhbərlik edən Roman Telenkeviç oğurluq, hədə-qorxu və digər cinayətlərə görə 13 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG