Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Çexiya Rusiya və Belarus vətəndaşlarına viza qadağasını uzadır


İllüstrativ foto
İllüstrativ foto

Çexiya hökuməti Rusiya və Belarus vətəndaşlarına viza və uzunmüddətli yaşayış izni verilməsinə qadağanı 2024-cü il martın 31-cən uzadıb.

Bu qadağa başqa bir ölkənin vətəndaşlığını daşıyan rusiyalı və belaruslulara da aiddir.

Yalnız humanitar viza üçün müraciət edən rusiyalı və belaruslular, o cümlədən Aİ ölkələri vətəndaşlarının qohumları, yaxud Aİ-də yaşayan, yaşayış icazəsi ya da daimi yaşayış yeri olanlar istisnadır.

Sadələşdirilmiş proqram kimləri əhatələyir

Rusiya ötən ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan Çexiya rusiyalı və belaruslulara viza verilməsini dayandırıb. Hakimiyyət bunu hərbi əməliyyatlardan dolayı “Çexiyanın xarici siyasi maraqlarını qorumaq”, Rusiya və Belarusa təzyiq göstərmək niyyətilə izah edib.

Daha sonra Çexiya hökuməti Rusiya və Belarusdan fəallara yaşayış icazəsi və uzunmüddətli vizanın verilməsi üçün sadələşdirilmiş proqram elan edib. “Azadlıq uğrunda mübarizə aparanların, insan haqları müdafiəçilərinin, vətəndaş cəmiyyəti, müstəqil media və elmi dairə təmsilçilərinin” proqrama müraciət edə biləcəyi açıqlanıb. Eləcə də hökumətin təqibi ilə üzləşənlər, təhlükəsizlik məqsədilə ölkəni tərk etməyə məcbur qalanlar da bu sıradadır. Proqram bir illikdir, uzadılması mümkündür. İllik kvota isə 500 ərizəçidən ibarətdir.

Aİ ötən ilin sentyabrından Rusiya ilə sadələşdirilmiş viza sazişini dayandırıb. Daxili məsələlər üzrə komissar İlva Yohanson deyib ki, Rusiya vətəndaşlarının Aİ-yə çıxışı asan olmamalıdır, Aİ-də turist olmaq isə fundamental hüquq deyil.

Litva seyminin qəbul etdiyi qanun layihəsi

Bugünlərdə Litva seymi Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı məhdudlaşdırıcı tədbirlər haqda qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəddə Rusiya və Belarus vətəndaşlarından Litva vətəndaşlığı almaq üçün müraciətlərin və belə ərizələr üzrə qərar qəbulunun dayandırılması nəzərdə tutulur. Bu iki ölkə vətəndaşlarına daha Litvada müvəqqəti yaşayış izni də verilməyəcək.

Rəsmi məlumata görə, 2021-ci ildə 33 belaruslu və 45 rusiyalı, 2022-ci ildə isə 16 belaruslu və 29 rusiyalı milliləşdirmə yoluyla Litva vətəndaşlığı alıb.

Qanun layihəsinə görə, Rusiya vətəndaşları və onların nəzarətində olan şirkətlər Litvada daşınmaz əmlak ala bilməyəcəklər. Öz ölkəsində təqiblərlə əlaqədar Litvada müvəqqəti yaşayış icazəsi alanlar istisna təşkil edəcək.

XS
SM
MD
LG