Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Bir azərbaycanlının başına gələnlər: Suriyada yaralandı, Türkiyədə mühakimə olundu...


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

2016-cı ildə Türkiyədə İŞİD (İraq-Şam İslam Dövləti) üzvü kimi mühakimə olunub, sonradan bəraət alan azərbaycanlı Akif Osmanov indi Bakıda da eyni əmələ görə məhkəmə qarşısında cavab verir. 10 il öncə Suriyada qanunsuz silahlı qrupların tərkibində döyüşməkdə ittiham olunan Osmanov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir.

46-yaşlı Osmanovun üç azyaşlı övladı var. Martın 17-də məhkəmədə prokuror ona 6 il həbs cəzası verilməsini təklif edib. Cinayət işinin materiallarında yazılıb ki, o, 2013-cü ildə iki tanışıyla – Elşad CəfərovCavid Ağcabəyovla Gəncədən Türkiyəyə, oradan da Suriyaya gedib. Atma şəhərindəki düşərgədə təlimlər keçib, “Azəri camaatı” adlı silahlı qruplaşmanın tərkibində döyüşüb. “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərdə ayağından yaralanıb, ittihamnamədə belə deyilir.

Saxta pasport düzəltdirib

Osmanov Suriyanı tərk edib, Türkiyəyə qayıdıb. Orada bir müddət qalandan sonra deportasiya olunduğuna görə özünə Özbəkistan vətəndaşı olması haqda saxta pasport düzəltdirib. Həmin sənəddə ad-soyadı İlyorjon İsanov olub. Türkiyədə də bu ad altında yaşayıb. Lakin 2016-cı ildə İŞİD terror təşkilatına üzv olmaq ittihamıyla bir neçə nəfər Türkiyə vətəndaşıyla birlikdə cinayət məsuliyyətinə cəlb olunub.

“Həmin vaxt qonşular şikayət eləmişdilər. Çünki bizim yanımıza suriyalılar gəlmişdilər. Qonşular da bizdən şikayət eləmişdilər”, – Osmanov martın 17-də məhkəmədə belə deyib.

Türkiyədə məhkəmə onun haqqında öncə 8 il 9 ay həbs hökmü çıxarsa da, 2021-ci ildə orada ona və digərlərinə bəraət verilib.

“Orada növbətçilik eləyirdim”

Osmanov Suriyada qanunsuz silahlı dəstələrin tərkibində döyüşməsi haqda ittihamla da razılaşmır. O, özünü təqsirli bilmir. İfadəsində deyib ki, Suriyada 6 ay qalıb, aktiv döyüşlərdə iştirak etməyib:

“Mən orada növbətçilik eləyirdim, iki-üç gündən bir növbəyə gedəndə silah verirdilər”.

O, Suriyaya qazanc üçün getmədiyini bildirir. Bununla belə, ora getdiyinə görə çox peşman olduğunu da vurğulayır.

2022-ci ilin aprelində Türkiyədən deportasiya olunan Osmanov Bakıya gələndən sonra həbs edilib.

XS
SM
MD
LG