Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:01

Qərb Ukraynaya tankların verilməsinə başlayır


Fransanın AMX-10 RC təkərli tankları
Fransanın AMX-10 RC təkərli tankları

ABŞ prezidenti Co Bayden (Joe Biden) təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya Bradley piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir.

Kentukki ştatında səfərdə olan Bayden “Ukraynaya Bradley PDM-i veriləcəkmi” sualına “Bəli” cavabını verib.

Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüata varmayıb.

Güclü atəş vasitələri ilə silahlandırılmış Bradley zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir.

ABŞ-ın Bradley PDM-i Suriyada
ABŞ-ın Bradley PDM-i Suriyada

2022-ci ilin sonunda ABŞ Konqresinə 2023-cü il üçün müdafiə büdcəsinin layihəsi təqdim olunmuşdu.

Bu büdcədə Ukraynaya 45 milyard dollar məbləğində hərbi yardım da nəzərdə tutulmuşdu.

Bütünlükdə 2022-ci il ərzində ABŞ Kiyevə 120 milyard dollarlıq hərbi yardım verib.

Ukraynaya yeni maliyyə yardımı paketi Avropa İttifaqında da təsdiq olunub.

Avropa İttifaqı Avropa Komissiyasının təqdimatı ilə Ukraynaya 18 milyard avroluq güzəştli kredit paketi verəcək.

Ukrayna bu krediti 2033-cü ildən başlayaraq 35 il müddətində ödəməlidir.

Ukraynaya ilk Qərb istehsalı olan tankı Paris verəcək

Bu arada məlum olub ki, Fransa hökuməti də Ukraynaya AMX-10 RC təkərli tanklarının və Bastion zirehli PDM-lərinin verilməsinə hazırlaşır.

Bu barədə özünün Twitter hesabından Fransa prezidenti Emmanuel Makron yazıb.

Yelisey sarayından vurğulayıblar ki, AMX-10 RC Ukraynaya verilən ilk Qərb istehsalı tank olacaq.

Makron yanvarın 4-də demişdi ki, tankların göndəriləcəyi barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon söhbəti zamanı şəxsən çatdırıb:

"Nə qədər ki, qələbə olmayıb, nə qədər ki, Avropaya sülh qayıtmayıb bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək. Mən prezident Zelenskiyə demişəm: Fransa yüngül döyüş tankları verəcək və hava hücumundan müdafiə məsələsində dəstəyini davam etdirəcək”.

Volodimir Zelenski bu hərbi yardıma görə Fransaya təşəkkürünü bildirib:

“Mən Ukraynaya yüngül tankların və Bastion zirehlilərinin verilməsi qərarına, habelə bu istiqamətdə partnyorlarla işin aktivləşdirilməsinə görə təşəkkürümü bildirmişəm. Biz hava hücumundan müdafiə sistemimizin və başqa müdafiə vasitələrimizin əsaslı şəkildə möhkəmləndirilməsi üçün bundan sonrakı əməkdaşlığımızı razılaşdırmışıq. Biz habelə sülh formulunun həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəlmişik”.

Fransa istehsalı AMX-10 RC zirehli maşınları döyüş kəşfiyyatının həyata keçirilməsi üçün istifadə olunur.

Bu maşınlar 1981-ci ildən bəri Fransa ordusunun istifadəsindədir.

2021-ci ilə olan məlumata görə Fransa ordusunun 240 ədəd belə maşını vardı.

Bu maşının 105mm çaplı topu, 7.62mm çaplı pulemyotu və tank qülləsinin iki tərəfində iki qumbaraatanı var.

Ardınca Leopard tankları?

Almaniya bəyan edib ki, Ukraynaya təkmil silahların verilməsində “keyfiyyətcə yeni addımın” atılmasına hazırlaşır.

Media bu yardım paketinə Marder zirehli döyüş maşınlarının da daxil olacağını yazır.

Ukraynaya müasir zirehli döyüş maşınlarının verilməsinə Almaniya kansleri Olaf Şolts çağırış etmişdi.

Almaniya parlamenti müdafiə komitəsinin rəhbəri və Şolts hökumətinin koalisiya müttəfiqi olan Azad Demokratlar partiyasının üzvü Mari-Aqnes Ştrax-Zimmerman (Marie-Agnes Strack-Zimmermann) Berlini Ukraynaya Marder döyüş maşınları göndərməyə və bu maşınların idarə olunması üçün ukraynalıların təlimləndirilməsinə çağırıb.

Almaniya Yaşıllar Partiyasının sözçüsü Sara Nanni isə deyib ki, Berlin Kiyevə Marder maşınlarından başqa həm də Leopard tankları verməlidir.

Şoltsun özünün Sosial Demokrat partiyasından parlament fraksiyasının rəhbəri Rolf Mützenix (Rolf Muetzenich) bildirib ki, Ukraynaya döyüş tankları verilməsini o da dəstəkləyir.

Ağır tanklar məsələsi

Şolts Ukraynaya müharibə başlanan ilk gündən hərbi dəstək verilməsini təşkil edib, lakin o da başqa Qərb müttəfiqləri kimi Moskva ilə birbaşa münaqişədən yayınmaq üçün Ukraynaya ağır silahların verilməsində tərəddüd keçirib.

Almaniya kansleri Ukraynaya tankların və başqa ağır silahların NATO müttəfiqləri ilə birlikdə “kollektiv şəkildə” verilməsinə tərəfdardır.

Şərhçilər bildirirlər ki, Almaniyanın Ukraynaya tanklar verilməsi barədə qərarı indi, ABŞ və Fransanın qərarından sonra qəbul etməsi gözlənilən idi.

The Washington Post qəzeti yazır ki, ABŞ administrasiyası əvvəllər olduğu kimi hələ də Ukraynaya Abrams ağır döyüş tanklarının verilməsini istisna edir.

Bayden administrasiyasının vəzifəli rəsmisi mediaya deyib ki, bu tankların çəkisi 55 tondur və onlar qaz-turbin mühərrikinə malikdir və buna görə də yanacağı çox işlədir.

Onun sözlərinə görə bundan başqa Abrams tanklarını təmir edəcək heyətlərə ayrıca təlim keçilməlidir.

Qəzetin qeyd etdiyinə görə Abrams tankları o qədər ağırdır ki, keçmiş prezident Donald Trampa onların Müstəqillik günü paradına çıxarılması üçün icazə verilməmişdi.

XS
SM
MD
LG