Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:00

Rusiya idxalsız necə keçinir – Qərb mediası


Rusiyada "Metrovaqonmaş" zavodu
Rusiyada "Metrovaqonmaş" zavodu

“Financial Times” qəzeti Qərbin sanksiyaları altında olan Rusiyanın idxalsız yaşamağa necə öyrəşməsindən yazır. Fevralın sonunda Ukraynaya hücum edən Rusiya Qərbin sanksiyaları ilə üzləşib.

Məqalədə bu ilin avqustunda rusca danışan bir qrup kişinin beş çamadanla İstanbulda bir otelə gəlməsindən söz açılır. Onlarn yükü Avstriyadan alınmış peşəkar elektronika məhsullarından ibarət idi. Bu məhsulların istehsalçısı olan Qərb brendi Ukraynanı işğal edən Rusiyanı boykot qərarı verib.

Oteldə həmin şəxsləri qarşılayan Stanislav deyib ki, malların heç də hamısını şəxsi istifadəsi üçün almayıb. O, çamadanları gətirənlərlə nahar edib, daha sonra yüklə birlikdə Moskvaya yola düşüb.

Gizli ticarət

Qəzet Stanislavın əslində Avropadan daha həssas məhsulları yük maşınları ilə daşımaqla məşğul olduğunu yazır. Söhbət tikinti sektorunda, ağır sənaye üçün maşınqayırmada istifadə olunan materiallardan gedir.

“Financial Times” Stanislav kimi rusiyalı idxal-ixrac mütəxəssislərinin sayının getdikcə artdığını yazır. Onlar boşluqlar taparaq məhsulları gömrükdən keçirirlər.

Bu gizli bazarın iştirakçılarını danışdıran qəzet cəlbedici, ancaq eyni zamanda proqnozlaşdırılması çətin, qeyri-sabit ticarəti üzə çıxarıb. Axı Qərbin sanksiyaları Rusiyanın təchizat zəncirini pozub. Nəticədə bir çox şirkət vacib xarici məhsulları, ehtiyat hissələri əldə etməyin yollarını axtarır.

Qəzet yazır ki, martda çox ağır sanksiyalar açıqlananda bəzi iqtisadçılar Rusiya iqtisadiyyatının sürətlə çökəcəyini, hətta 30 faizədək kiçiləcəyəni proqnozlaşdırırdılar. Ancaq bu baş vermədi, çünki ölkəyə neft-qaz gəlirləri axırdı və rubl tezliklə dirçəldi.

Davamlı deqradasiya

Ancaq qəzet fərqli bir tendensiyanın getdiyini qeyd edir – dramatik azalma olmasa da, Rusiyanın istehsal gücü davamlı deqradasiyaya uğrayır. İqtisadçılar bunun Rusiyanı onillərlə geri atdığını deyirlər. Belə ki, vacib komponentləri, xammalı, texnologiyaları idxal edə bilməyən ölkə müasir iqtisadiyyatı idarə etməyə çalışır.

Rusiyanın ticarət tərəfdaşlarının datası müharibə başlayandan Rusiyanın idxalının 20-25 faiz azaldığını göstərir.

“Dərman, kimyəvi məhsullar istehsalı, maşınqayırma, metallurgiya, mədən sənayesi... Rusiyada elə bir sənaye sahəsi tapmaq olmaz ki, azı 50 faiz idxaldan asılı olmasın”, – Beynəlxalq Maliyyə İnstitutunun iqtisadçısı Elina Ribakova deyib.

15-20 il...

Sanksiyalar altında olan bir rusiyalı oliqarxın fikrincə, həyat daha sadə olacaq, pul azalacaq, adamlar daha azla işləməyi öyrənəcəklər. “Sosiskada daha çox kağız olacaq”, – deyən oliqarx belə bir vəziyyətin 15-20 il, “Prezident Vladimir Putin ölənəcən” davam edə biləcəyini söyləyib.

Mayda ötən ilin eyni ayı ilə müqayisədə ABŞ-dan Rusiyaya ixrac 85 azalıb.

Bu ilin iyun-avqust aylarında isə Rusiya 2021-ci illə müqayisədə aya 4.5 milyard dollar az idxal gerçəkləşdirib.

Ancaq bütün bunlara baxmayaraq, iqtisadiyyatla bağlı ən bədbin proqnozların düz çıxmaması ixrac gəlirlərinin güclü qalması ilə izah olunur. Rusiya getdikcə öz neftinə alternativ alıcılar tapır.

Bu il Rusiyada ÜDM-də 3.5-5.5 faizlik azalma proqnozlaşdırılır.

Keçmiş sovet təcrübəsi

Məqalədə Rusiyanın indiki durumu keçmiş Sovet İttifaqı ilə müqayisə olunur. O zaman FSB casusları vasitəsilə, üçüncü ölkələrdə texnologiyanı əldə edirdi. Rusiya hökumətinin qəbul etdiyi qanun isə bəzi texnologiya məhsullarının brendin icazəsi olmadan gömrükdən keçməsinə icazə verir.

Bu il Rusiyaya bu yolla 20 milyard dollarlıq məhsul idxal oldunduğu bildirilir. Onların içində iPhone 14 də var. Sentyabrda buraxılmış bu modelin Rusiyada rəsmi satışına icazə yoxdur.

Ancaq istehsalçılar Ermənistan və Qazaxıstan kimi ölkələrin mikroçip sifarişlərinin artmasından narahatdırlar. Müharibə başlayandan bu ölkələrə böyük sayda rusiyalı IT mütəxəssisləri yığışıb.

“ABŞ-ın bəzi şirkətləri Ermənistana göndərişləri dayandırıblar. Deyirlər ki, bir il qabaq bir lisenziyamız vardı. İndi isə 100 lisenziya istəyirsiz? Cəhənnəm olun!” – bir şirkət rəhbəri söyləyib.

XS
SM
MD
LG