Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Ölkəyə fişənglər necə gətirilir. 'Ən yüksək qazancım Şuşa alınan il oldu'


Daxili İşlər Nazirliyi 2021-ci ildə 200 minədək pirotexniki vasitənin satışdan çıxarıldığını bildirir.
Daxili İşlər Nazirliyi 2021-ci ildə 200 minədək pirotexniki vasitənin satışdan çıxarıldığını bildirir.

"Vzrıvpaket, fişəng və bənzər partlayıcıları Azərbaycanda istehsal edən, gətirən və paylayan var deyə, alqı-satqısı var da, özümüz hazırlamırıq ki... Bu məhsulların kökü kəsilmir, bizi günahkar çıxarıb cərimələyirlər, biz də cəriməni ödəyib işimizə davam edirik", – bu sözləri AzadlıqRadiosuna pirotexniki məhsulların satışı ilə məşğul olan şəxs deyib.

Partlayıcı maddəni gətirən olmasa, kimdir satan...

"Sədərək" Ticarət Mərkəzində dörd ildir oyuncaq satan, adının anonim qalmasını istəyən ticarətçi AzadlıqRadiosuna hər il 200-dən çox pirotexniki vasitə satdığını söyləyib. Onun sözlərinə görə, uşaqlara bu məhsulu satmasa da, valideynlər tez-tez almağa gəlir. Satıcı məhsulları elə "Sədərək"də eyni şəxsdən topdan aldıqlarını, daha sonra pərakəndə satdıqlarını qeyd edir.

"Uşaqlar tək gələndə satmıram, valideynlərə isə istifadə qaydasını izah edirəm. Yeni ildə partlayıcı məhsullardan yaxşı qazanc əldə edirəm. Ən yüksək qazancım isə Şuşa alınan ildə (2020) olmuşdu. Mindən çox partlayıcı satmışdım", – deyən satıcı sözügedən məhsulları xüsusi piştaxtaya düzmədiyini, istəyən olanda satdığını deyir.

"Çünki bəzən qadağandır deyib, gəlib cərimələyən olur. Amma məhsul qadağandırsa, bunu bizə satanlar, ölkəyə gətirənləri həbs etsinlər ki, biz də satmayaq da. Evimdə istehsal etmirəm ki! Mən kimdənsə alıram, o da kimdənsə alır. Bizi cərimələyə bilirlər, partlayıcı maddələri ölkəyə gətirənlərə niyə icazə verilir ki? Son iki ildə iki dəfə cərimələnmişəm, sonra yenidən satışa davam", – deyən satıcı pirotexniki vasitələrin ölkəyə gətirilməsinə dövlət orqanlarının şərait yaratdığını düşünür.

Arayış

Qadağalara baxmayaraq, 2021-ci ildə pirotexniki vasitələr beş il müddətinə gömrük rüsumu və vergidən azad edilib.
Qadağalara baxmayaraq, 2021-ci ildə pirotexniki vasitələr beş il müddətinə gömrük rüsumu və vergidən azad edilib.

2005-ci ildə pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Bu məhsulların dövriyyəsinə FHN-nin xüsusi icazəsi əsasında yol verilir.

Pirotexniki məmulatların satışı aşkarlanarkən onlar satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir. Sözügedən mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün 4 min manatdan 5 min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur. Həmin məhsulları qaçaqmalçılıq və ya qanunsuz şəkildə ölkəyə gətirən şəxslərə isə 3 ildən başlayaraq həbs cəzası verilir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı hələ 2001-ci ilin dekabrında partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsini yasaqlayıb.

Ancaq qadağalara baxmayaraq, 2021-ci ildə pirotexniki vasitələr beş il müddətinə – 2026-cı ilədək gömrük rüsumu və vergidən azad edilib.

Pirotexniki vasitələr təhlükə saçır

2021-ci ildə Yeni il ərəfəsində fişəng partlayışı nəticəsində uşaqlarından birinin qolu xəsarət alan, digəri isə qorxan Yeganə Əliyeva isə bu vasitələrin satışının qarşısını almağı vacib sayır.

"Hər il Yeni il gecəsi evdə partapart səsindən oturmaq olmur. Şəhərdə də addımbaşı vzrıvpaket, fişəng partladırlar. Ötən il Dənizkənarı Milli Parkda uşaqlar vzrıvpaket atırdı, atılanlardan biri gəlib qızımın qoluna dəydi. Uşağın qolunda yanıq izi dörd-beş ay getmədi. O biri uşağım da qorxdu. üçyaşlı uşaq gecə qorxusundan yata bilmirdi. Polisə şikayət etmişdik, dedilər ki, tədbir görüldü. Görək necə tədbir görülüb, bu il eyni hoqqanı verirlər, yoxsa, yox", – deyən Əliyeva "ölüm və təhlükə saçan" pirotexniki vasitələr əyləncə üçün əlverişli saymır.

AzadlıqRadiosunun müxbiri pirotexniki vasitələrin əlaltından satıldığı mağazada bu malları almağa gələn alıcılar ilə rastlaşıb. Onlarda biri bildirib ki, özü əleyhinə olsa da, uşaqları istədiyi, qonşudan geri qalmamaq üçün alır.

"Məhəllədə başqa uşaqlarda görür, məcburi gəlib alırıq. Gizli olduğundan hərə öz istədiyi qiymətə də satır. Ya bunu ölkəyə gətirməsinlər, ya da uşaqları nəzərə alıb satışını qanunla təşkil etsinlər. Uşaqlar sevir onsuz da, ölkədə də var bu mallar. Niyə dağa-daşa dırmaşdırırlar ki, bizi. Qanunsuzdur deyə, indi ala bilmədik, görürsünüz. Dekabrın 20-dən sonra gələndə də od tutub yanacaq qiymətlər", –valideyn gileylənir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin dekabrından 2022-ci ilin yanvarına kimi pirotexniki vasitələrdən xəsarət almaqla bağlı müraciət daxil olmayıb. Ancaq AzadlıqRadiosunun 10-a yaxın özəl xəstəxanadan öyrənib, həmin müddətdə 70-ə yaxın şəxs pirotexniki vasitələrin səhhətlərinə vurduğu mənfi təsirlə bağlı tibb ocaqlarına müraciət edib.

Səhiyyə Nazirliyi 2020-ci ildə Yeni il ərəfəsində 13 nəfərin pirotexniki vasitələrdən xəsarət alması barədə məlumat paylaşmışdı.

965 min manatlıq pirotexniki vasitə...

Dövlət Gömrük Komitəsi 2021-ci ildə heç bir təhlükəsizlik tələblərinə cavab verməyən 965 min 465 manat dəyərində 274 min ədəd pirotexniki məmulatların ölkəyə qanunsuz gətirilməsinin qarşısını aldığını açıqlayıb.

2022-ci ilin oktyabrında yayılan məlumata görə, gömrükçülər 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkarlayıblar. Faktla bağlı araşdırmalar başlayıb. Komitə son iki ildə əməkdaşlarının ilk belə pirotexnika partiyası aşkarladığını bildirir. Bundan əvvəl belə hal 2020-ci ilin dekabrında qeydə alınıb.

Bu ilin sentyabrında Gömrük Komitəsində yüksək çinli məmurların pirotexniki vasitələrin ölkəyə gətirilməsi üçün əl atdıqları üsullar barədə yerli mediada məlumatlar yayılıb. Belə ki, Yeni il şənliyi və Novruz bayramından bir həftə öncə "Qırmızı körpü" keçid məntəqəsində ölkəyə daxil olan mallar yoxlanarkən əsas rentgen qurğusunun (Skan aparatı) bir həftəlik söndürüldüyü bildirilir. Rəsmi sənədlərdə bu əməliyyat "texniki nasazlıq" kimi qələmə verilir və, beləliklə, ölkəyə on milyonlarla dollar dəyərində tonlarla qadağan olunmuş pirotexniki vasitələr keçirilirmiş. Bütün bu əməliyyatlara Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin hazırda həbsdə olan rəisi Məsum Rəsulovun rəhbərlik etdiyi bildirilib. Rəsulov şübhəli şəxs qismində saxlanılıb, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Rəsulovun özünün ittihamlara münasibəti bəlli deyil.

Bu iddialara Dövlət Gömrük Komitəsi susqunluq nümayiş etdirib. Komitə AzadlıqRadiosunun sorğusunu da cavabsız qoyub.

Pərakəndə satıla bilməz

Daxili İşlər Nazirliyi isə 2021-ci ildə 200 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitənin satışdan çıxarıldığını bildirir. 2022-ci ilin rəqəmləri hələ açıqlanmasa da, DİN vaxtaşırı qanunsuz pirotexniki vasitələri satanların cəzalanması barədə məlumatlar paylaşır. Həmçinin, bu vasitələrdən istifadə edənlərin də cərimələndiyi ictimaiyyətə açıqlanıb. Sonuncu belə xəbərə görə, Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" – "Qarabağ" oyunundan əvvəl matça gedərkən "Qarabağ" tərəfdarları pirotexniki vasitədən istifadə əsas gətirilərək Nizami Rayon Polis İdarəsinə aparılıb. Bir nəfər polis tərəfindən 500 manat cərimə edilib, digəri isə Nizami Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati həbs cəzası alıb.

DİN pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslərlə mübarizə apardığını deyir. AzadlıqRadiosuna nazirlikdən bildirib ki, bu məhsullar yalnız qurumlar ilə razılaşdırıldıqdan sonra istifadə edilə bilər. Belə ki, yerli qanunlara görə, bu vasitələr ölkəyə xüsusi qaydalarla gətirilə və satışa çıxarıla bilər.

"Əvvəla, pərakəndə satışına icazə yoxdur. Ərzaq, oyuncaq və s. kimi məhsullar satılan mağazalarda pirotexniki vasitələr satmaq qadağandır. Həmçinin, bayramlarda fərdi insanların da bu məhsullardan istifadəsi qanunaziddir. Bunlar yalnız Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə dövlət tədbirlərində, rəsmi bayram şənliklərində istifadə edilə bilər. Çünki istər FHN, istərsə də DİN həmin ərazilərdə pirotexniki vasitələrin istifadəsi zamanı yarana biləcək təhlükələri nəzərdən keçirir, ona uyğun icazə verilir. İcazəsiz satışı, istifadəsi təşkil olunarsa, həmin şəxslər barədə inzibati cəza tədbirləri görülür", – DİN-dən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.

Cəza sərtləşsin, xüsusi anbar yaradılsın, lisenziya sistemi qurulsun

Hüquqşünas Elmir Səlimov AzadlıqRadiosuna bildirib ki, pirotexniki vasitələrin qanunsuz satışı, ölkəyə gətirilməsinin qarşısını almağın tək çarəsi cərimələrin artırılmasıdır.

"Azərbaycanda pirotexniki vasitələrin pərakəndə satışı ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı artıb. Bu, yaxşı haldır, çünki metro qarşısından tutmuş, çörək mağazasına kimi bir çox yerlərdə bu vasitələrin satışı təşkil olunub. Ona görə də icazəsiz satış ilə məşğul olanlar məsuliyyətə cəlb edilməlidir. Bəlkə də, cərimə miqdarı az olduğundan vətəndaşlar bu məhsulların satışı ilə yenidən məşğul olur. Məsələn, 2021-ci ildə pirotexniki vasitə satdıqları üçün cərimələnən şəxslər eyni əmələ görə yenidən saxlanıldı. Deməli, aldıqları cəza yetərli deyildi", – deyən hüquqşünas alıcıların maarifləndirilməsini, gömrük orqanına nəzarəti artırmağı vacib sayır.

Hüquqşünas bu məsələdə Türkiyə təcrübəsinə üz tutmağı, xüsusi qanunla tənzimləməyi tövsiyə edir: "18 yaşından aşağılara satılmasın, yuxarılara isə yalnız xüsusi miqdarda satılsın. Pirotexniki vasitələrin satışına icazəsi olan şəxslər anbarlar yaratmalı, iş müvəqqətidirsə, anbar icarəyə götürə bilərlər. Dövlət qurumları xaricində olanlar notarius qarşısında icarə müqavilələri və ya razılıq sənədi imzalamalıdır. Növünə görə isə sertifikatlar olmalıdır. Yaxud da bəzi partlayıcı maddələri yalnız yanğın zamanı edilməli olan təlimatlardan xəbərdar şəxslər sata, ala, istifadə edə bilər".

Pirotexniki məhsulların satışı ilə məşğul olan ticarətçi isə AzadlıqRadiosuna deyir ki, qanuni ticarətin, lisenziyalaşdırmanın tərəfdarıdır: "Bu məhsulların satışını tamamilə dayandırsalar, onsuz da qanunsuz satılacaq. Kimsə evində, kimsə narkotik kimi dərman qutusunda satacaq. Bundansa xüsusi üsulla təşkil edilə bilər. Xüsusi qiymətlər, qaydalar ilə həm biz satıb pul qazanaq, həm də camaat sevinsin. Onsuz da bahalı Yeni il keçirmək imkanı yoxdur kasıb camaatın, fişənglə həyatlarına rəng qatırlar".

XS
SM
MD
LG