Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:20

Surovikin Suriyada fosfat biznesindən belə qazanıb


Sergey Surovikin
Sergey Surovikin

Ukrayna üzərinə hücumdan öncədən xəbəri olan Rusiya generalı iri gəlirli biznes sövdələşmələrindən mənfəət götürüb. Yeni araşdırma bu sövdələşmələrdə generalın arvadının Suriyadakı fosfat mədən biznesində iştirakını üzə çıxarıb.

General Sergey Surovikin 2010-cu illərin sonlarında Rusiyanın Suriyadakı qoşunlarının komandiri olub. O, qəddarlığına görə Suriyada "General Armageddon" ləqəbini qazanıb.

Oktyabrın 8-də Putin Surovikini Rusiyanın Ukraynadakı qoşunlarının komandiri təyin edib. Kreml çoxsaylı məğlubiyyətlərdən sonra müharibənin gedişatını öz xeyrinə dəyişməyə ümid edir.

Timçenkonun biznesi "birbaşa Putinə bağlıdır"

Noyabrın 9-da Surovikin və Müdafiə naziri Sergey Şoyqu qoşunları Xerson bölgəsində Dnepr çayının qərb sahilindən geri çəkdiklərini elan etdilər.

Rusiyada ekstremist təşkilat sayılan, həbsdə olan müxalifət lideri Aleksey Navalnının təsis etdiyi Antikorrupsiya Fondunun əməkdaşlarının çoxu 24 fevral hücumundan sonra Rusiyanı tərk etməyə məcbur olub. Fondun noyabrın 10-da yaydığı yeni hesabatda Surovikinin Suriyadakı Rusiya qoşunlarının komandiri olduğu müddətdə və ondan sonra Kremlə bağlı olan ziddiyyətli işadamı Gennadi Timçenko ilə dolaşıq sövdələşmədən böyük mənfəət götürdüyünü bildirib. Timçenkonun özü “Gunvor” adlı şirkəti vasitəsilə neft və enerji ticarətindən milyardlarla dollar qazanıb.

ABŞ Xəzinədarlıq Departamenti bildirir ki, Timçenkonun biznesi "birbaşa Putinə bağlıdır" və "Putinin “Gunvor”da sərmayələri və ola bilsin ki, “Gunvor”un maliyyə vəsaitlərinə çıxışı var”.

Gunvor şirkətinin təmsilçisi AzadlıqRadiosuna elektron məktubunda bildirib ki, Timçenko hələ sanksiyaların tətbiqindən öncə “Gunvor Group-da iştirakın tamamilə və dəyişilməz şəkildə dayandırıb”, 2014-cü il martın 19-dan “şirkətimizlə qəti əlaqəsi yoxdur”.

Təmsilçi onu da qeyd edib ki, “Putinin Gunvor Group-da heç vaxt payı, marağı, bilavasitə, yaxud dolayısı ilə hər hansı formada əlaqəsi olmayıb”.

Fosfat mədənləri

Hesabatda detalları açıqlanan sövdələşmələrə görə, Timçenkoya məxsus “Stroytransgaz” tikinti şirkəti Suriyanın Palmira şəhəri yaxınlığında iki fosfat mədəninə çıxış əldə edib. Bu mədənlərdən biri Əl-Şarkiya, digəri isə Xneyfisdir.

“Stroytransgaz” bu mədənlərdə gübrə istehsalında istifadə olunan fosfat hasilatına Rusiyanın Suriya diktatoru Bəşər Əl-Əsədi dəstəkləmək üçün bu ölkəyə ordu göndərməsindən iki il sonra, 2017-ci ilin yayında başlayıb.

2017-ci ilin əvvəlində Rusiyanın Suriyadakı qoşunlarının komandiri təyin olunan Surovikin eyni ilin dekabrında Rusiya televiziyasında Putinə Əl-Şarkiya və Xneyfisin azad edilməsi haqda raport verib. Putin də Suriyaya səfər edəcəyini bildirib.

Üstündən çox keçməmiş Putin Surovikini Suriyadakı komandir vəzifəsindən azad edərək Rusiya aerokosmik qüvvələrinin baş komandanı təyin edib.

Borclar

Antikorrupsiya Fondunun araşdırmalarından məlum olur ki, “Stroytransgaz”ın “STG Logistika” adlı filialı 2020 - 2021-ci illərdə “Argus SFK” adlı taxta-şalban şirkətinə 104 milyon rubl borc verib. Bu ozamankı məzənnəyə görə 2 milyon dollar deməkdir. Rusiyanın Sverdlovsk regionunda yerləşən şirkətin həmtəsisçiləri isə Surovikinin arvadı ilə həmin regionun qubernatoru olmuş Aleksandr Mişarinin qızıdır.

Araşdırmada deyilir ki, “Stroytransgaz”ın yüksək rütbəli menecerlərindən birinin arvadı da “Argus SFK”ə 25 milyon rublluq (412 min dollar) borc verib.

Navalnının komandası iddia edir ki, bu “borc” Surovikinə Suriya əməliyyatı dövründə ortaya qoyduğu biznes sövdələşmələri müqabilində verilib.

Məlumatlar gizli kateqoriyaya salınıb

Rusiyanın Müdafiə Nazirliyi, “Stroytransgaz” və Timçenkonun şirkətləri məsələ ilə bağlı açıqlama xahişlərini cavabsız qoyublar.

Tədqiqatçılar hesabat üzərində əsasən şirkət və daşınmaz əmlak sənədləri ilə işləyiblər.

Bu ay Rusiyanın milli daşınmaz əmlak qeydiyyat sistemi qəfildən Surovikinin ailəsi və qohumlarının əmlakları ilə bağlı qeydlərə çıxışı məhdudlaşdıraraq onları gizli kateqoriyasına salıb.

Ötən ilin yanvarında Almaniyada müalicədən qayıdan kimi Moskvada həbs olunan Navalnı 2,5 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin martında isə ona mənimsəmə ittihamı ilə əlavə doqquz il həbs cəzası verilib. O və tərəfdarları bu ittihamların və ona qarşı daha öncə açılan cinayət işlərinin absurd və siyasi motivli olduğunu deyirlər. Navalnı Rusiyanın mərkəzi hissəsindəki Vladimir regionunun Melexovo kəndindəki həbsxanada saxlanılır.

XS
SM
MD
LG