Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

Ukrayna ordusu Xersonda, Zaporojyedə də təxliyə ola bilər


Ukrayna hərbçisi Xerson yaxınlığındakı Snigirovkada
Ukrayna hərbçisi Xerson yaxınlığındakı Snigirovkada

Bundan əvvəl noyabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılması başa çatıb

Ukrayna ordusu noyabrın 11-də Xerson vilayətinin mərkəzi şəhəri Xersona daxil olub.

Bundan az əvvəl Rusiya silahlı qüvvələri şəhəri tərk etmişdilər.

Ukrayna Xerson şəhərinin azad olunması barədə hələki rəsmi açıqlama verməyib.

Lakin sosial şəbəkələrdə yayılan video və fotolarda şəhərin küçələrində, o cümlədən Şumenski mikrorayonunda Ukrayna əsgərləri görünür.

Xəbər verilir ki, Ukrayna əsgərlərini salamlamaq üçün əllərində Ukrayna bayraqları olan yüzlərlə şəhər sakini küçələrə çıxıb.

Xersonun mərkəzi meydanında artıq Ukrayna bayrağı qaldırılıb.

Şəhərdə hər hansı atışma və döyüşlərin olduğu barədə məlumat yoxdur.

Bundan əvvəl noyabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılması başa çatıb.

Rusiya qoşunlarının Dneprin sağ sahilindən çıxarılacağına dair məlumatı Ukraynadakı Rusiya qoşunlarının komandanı general Sergey Surovikin noyabrın 9-da vermişdi.

Beləliklə, Rusiya qoşunlarının Dneprin sol sahilinə geri çəkilməsi 2 sutkadan da az vaxtda baş verib.

Rusiya ordusu çəkilərkən Dnepr üzərindəki əsas körpünü partladıb.

Heç bir müqavimətlə qarşılaşmadan

Bu da xəbər verilir ki, Ukrayna ordusu heç bir müqavimətlə qarşılaşmadan Dneprin sağ sahilindəki bir neçə məntəqəni də azad edib. Bunların arasında Çernobayevka şəhəri də var.

Xəbər verilir ki, yerli sakinlər “Rusiya ilə həmişəlik!” yazılmış plakatları çıxarırlar.

Zaporojye vilayəti də təslim edilə bilər

Rusiyanın Ukraynada işğal etdiyi Zaporojye vilayətinin cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələri də atəşə tutularsa, əhali Rusiyaya yox, amma başqa regionlara təxliyə edilə bilər.

Bu barədə məlumatı Zaporojye vilayətinə Moskvanın təyin etdiyi “qubernator” Yevgeni Balitski verib.

Zaporojye şəhərinin özü Ukraynanın nəzarətində olsa da, vilayətin bir hissəsi Rusiya tərəfindən işğal olunub.

Balitski bildirib ki, əhalinin ilhaq edilmiş Krıma və ya Rusiyanın başqa regionlarına təxliyəsi nəzərdə tutulmur.

Bundan əvvəl, oktyabr ayında Rusiyanın Xersondakı işğal administrasiyası “lazım gələrsə”, əhalinin evakuasiya olunacağını bildirmişdi.

Sakinlərə “istirahət və sağlamlığın bərpası” məqsədilə Rusiya regionlarına köçmək təklif olunmuşdu.

Heç vaxt "həmişəlik" demə

May ayında Rusiyada hakim Vahid Rusiya partiyası ali şurasının katibi Andrey Turçak Xerson vilayətinə səfəri zamanı “Rusiya həmişəlik burdadır” demişdi.

Avqust ayından Xerson vilayətinin şəhərlərində “Xerson həmişəlik Rusiya ilə” plakatları asılmışdı.

Rusiyanın “bura həmişəlik gəldiyini” Turçak Xarkov vilayətinin Kupyansk şəhərində də demişdi və bu şəhər Rusiya tərəfindən rəsmən ilhaq olunmamışdı.

Kreml bildirib ki, Moskva Xerson şəhərinin itirilməsinə, Zaporojye şəhərinin isə onun nəzarətində olmamasına baxmayaraq bu vilayətləri öz ərazisi hesab etməkdə davam edir.

Nikolayevdə altı nəfər öldürülüb

Ötən gecə Ukraynanın cənubundakı Nikolayev şəhərinə Rusiyanın raket hücumu nəticəsində altı dinc sakin həlak olub. Bu arada Ukrayna qüvvələri Xerson şəhəri istiqamətində irəliləyir. Rusiya isə Dnepr çayının qərb sahilində yerləşən şəhərdən qüvvələrini çıxarmaqdadır.

Nikolayevin meri Oleksandr Sienkoviç noyabrın 11-də deyib ki, Rusiyanın yaşayış məntəqəsinə atdığı raketlər beşmərtəbəli binanı dağıdıb, 6 nəfər həlak olub.

Silahlı Qüvvələrin Baş Qərargahının məlumatına görə, Rusiyanın Xersondan çıxması ləng gedir, Moskva eyni zamanda Dneprin şərq sahilindəki mövqelərini bərkidir.

Geridə qalanlar

Baş Qərargah geri çəkilən Rusiya qüvvələrinin evləri talan etdiyini, mülki infrastrukturu dağıtdığını, nəzarəti altında olan yerlərdən sakinləri zorla çıxardığını bildirir. Eyni zamanda Rusiya hərbçilərinin basdırdığı minaların dinc sakinləri yaraladığı xəbər verilir.

Prezident Volodimir Zelenski isə Ukrayna qüvvələrinin ölkənin cənubunda 41 yaşayış məskənini azad etdiyini deyib. O, “qəddar mübarizə”nin getdiyini vurğulayıb. Zelenski döyüşlərdə neçə hərbçinin öldürüldüyünü açıqlamatyyıb, sabitləşdirmə işlərinin aparıldığını söyləyib.

O geri çəkilən Rusiya qüvvələrinin arxada minlərlə mina və sursat qoyub getdiyini deyib.

Bu arada şərqi Donetsk vilayətinin Baxmut və Soledar şəhərlərində, eləcə də Luqanskda ağır döyüşlər getdiyi, Rusiyanın yaşayış məntəqələrini intensiv atəşə tutduğu bildirilir.

Prezidentin müşaviri Mixaylo Podolyak minaların Xersonu “ölüm şəhəri”nə çevirdiyini, şəhərin Dnepr çayı üzərindən atəşə tutulacağını söyləyib.

Azı bir həftə

Ukraynanın Müdafiə naziri Oleksey Reznikov isə Rusiyanın Xerson şəhərindən çıxmasının azı bir həftə çəkə biləcəyini deyib. Onun sözlərinə görə, Rusiyanın Xerson vilayətində 40 min əsgəri, şəhərdə, onun ətrafında, Dneprin qərb sahilində hələ qüvvələri var.

Baş qərargah rəisi Valeri Zalujni isə daha öncə deyib ki, Kiyev Rusiyanın Xersondan həqiqətən çəkildiyini təsdiqləyə bilmir, amma Ukrayna qüvvələri irəliləməkdədir.

Ukrayna rəsmiləri Moskvanın Xersondan çəkilməkdən başqa seçimi olmadığını desələr də, pusqudan ehtiyat edirlər.

Şəhərə nəzarətin bərpası Ukraynaya cənubda itirilmiş ərazini, o cümlədən Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımı qaytarmaq imkanı verər.

XS
SM
MD
LG