Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:10

Prezidentin yolunun üstündəki bina ilə bağlı qərar verilib


Bina
Bina

Prezident İlham Əliyevin işə gedib-gələrkən hərəkət marşrutunun üstündə yerləşən çoxmərtəbəli bina ilə bağlı məhkəmə müvəqqəti qərar verib. Söhbət Sərdar Bünyadov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində (əvvəl "Qaqarin" adlandırılan, indiki Cavanşir körpüsünün yanında) yerləşən, Xətai Rayon İcra Hakimiyyəti başçısının sökülməsi haqda sərəncam verdiyi binadan gedir.

İcra hakimiyyətinin hər kvadratmetr üçün 2 min 200 manatlıq kompensasiya təklifi ilə razılaşmayan sakinlər məhkəməyə üz tutmuşdu. Onlar bildirir ki, evlərini tərk etmək istəmədiklərinə görə təzyiqlərə məruz qalırlar, binaya verilən kommunal xidmətlərin dayandırılmasıyla hədələnirlər. İddia ərizəsində göstərilib ki, sakinləri evlərindən çıxmağa məcbur etməkdən ötrü dekabrın 10-da binaya verilən elektrik enerjisi dayandırılıb.

Kommunikasiya xətlərini ayırmaq qadağan edilib

Bu üzdən narazı sakinlər iddia ərizəsində Xətai Rayon İcra Hakimiyyəti başçısının binanın sökülməsi haqda 12 noyabr 2021-ci il tarixli sərəncamının ləğviylə yanaşı, həm də xahiş edirlər ki, binanın həyətyanı sahəsinin uçurulması, elektrik enerjisinin kəsilməsi kimi hərəkətlər qanunsuz hesab edilsin. Məhkəmə icra hakimiyyətinə bu bina ilə bağlı söküntü işlərini, elektrik, qaz, su kəsintisini qadağan etsin.

Bakı İnzibati Məhkəməsində bu işə baxan hakim Miminat Hacıbəyova məsələ ilə əlaqədar qərardad qəbul edib. Bu qərara əsasən, icra hakimiyyəti və digər strukturlara binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini (qaz, su, elektrik enerjisi) ayırmaq qadağan edilib.

Yol qovşağı genişləndirilir

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Baş nazirin müavini Yaqub Eyyubovun da sözügedən binada evi olub. Amma o, verilən kompensasiyanın məbləğini mübahisələndirməyərək razılaşıb.

Xətai Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, sözügedən binanın sökülməsi dövlət ehtiyaclarından irəli gəlir. Bu işlər həmin ərazidə yol qovşağının genişləndirilməsi və abadlaşdırılma işləri ilə bağlıdır: "Bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanıb".

Zəfər abidə-kompleksi

Xətai Rayon İcra Hakimiyyətindən mediaya başqa açıqlamalarda isə binanın Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküldüyü bildirilib: "Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Bina ərazinin ümumi görünüşünə də xələl gətirir". Amma mülkiyyətçilər "dövlət ehtiyacı" arqumentini qəbul etmir.

"Bu bina prezidentin gündəlik hərəkət marşrutu üzərində yerləşdiyinə görə həmişə diqqət mərkəzində olub. Burada mənzillərin kimə satılması, kimə kirayə verilməsi məsələsinə də gizli şəkildə nəzarət edirdilər. Çünki prezidentin korteji sürətlə hərəkət etsə də, bu yerdə sürəti azaltmağa məcbur olur. Yüksək sürətlə dönmək mümkün deyil", – adının çəkilməsini istəməyən mülkiyyətçilərdən biri AzadlıqRadiosuna belə deyib.

XS
SM
MD
LG