Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:25

İcra hakimiyyəti ilə evindən çıxmaq istəməyən sakinlər arasında qalmaqal


Söküntü. Foto arxiv
Söküntü. Foto arxiv

Bakının Nəsimi rayonu, Azadlıq prospekti-80 ünvanındakı binanın bir hissəsi sökülüb. "Fədək" MMC onun yerində yeni çoxmərtəbəli yaşayış binası tikməyi planlaşdırır. Amma sakinlərin bir qismi bununla razılaşmır, evlərindən çıxmaq istəmirlər. Narazı mənzil sahibləri buna görə məhkəməyə çəkilib.

Mənzillərindən çıxmaq istəməyən vətəndaşları məhkəməyə verən isə tikinti şirkəti yox, Nəsimi rayon İcra Hakimiyyətidir. "Fədək" MMC isə bu prosesə, sadəcə, üçüncü tərəf qismində cəlb olunub.

İcra hakimiyyəti iddia ərizəsində göstərib ki, bir qrup sakin yeni yaşayış binasının tikintisinə maneçilik törədir. Ona görə də həmin şəxslərin məcburi evlərindən çıxması, yeni bina hazır olana qədər kirayə yaşaması və kirayə pulunu da tikinti şirkətinin ödəməsi haqda qərar çıxarılması istənilib.

Sərəncamda binanın qəzalı olduğu deyilir

Binanın sökülməsi barədə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 23 iyun 2017-ci il tarixli, 172 saylı sərəncamı var. Sərəncamda yazılıb ki, sözügedən bina qəzalıdır, sökülüb yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə "Fədək" MMC-yə icarəyə verilir.

Amma narazı sakinlər binanın qəzalı olduğuna görə sökülməsi barədə iddialarla razılaşmırlar. Deyirlər ki, qəzalı görüntüsü yaratmaq üçün bir hissəsini söküb, evindən çıxmaq istəməyənləri çətin vəziyyətdə qoymaq istəyirlər.

İki ildir ki, bu mübahisə ilə əlaqədar sakinlərlə icra hakimiyyəti arasında məhkəmə çəkişməsi gedir. Bu çəkişmənin bundan sonra daha bir neçə ay uzanacağı dəqiqdir. Çünki bugünlərdə mübahisəni araşdıran Ali Məhkəmə də yekun nöqtəni qoymayıb. İşi təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Bundan öncə isə əvvəlcə işə Nəsimi rayon Məhkəməsində baxılıb və icra hakimiyyətinin iddiası təmin olunub. Bundan narazı qalan sakinlər apellyasiya şikayəti verib və bu dəfə onların xeyrinə qərar çıxarılıb – icra hakimiyyətinin iddiası rədd edilib. Apellyasiya instansiyası da belə qənaətə gəlib ki, icra hakimiyyəti binanın qəzalı olması haqda sübut ortaya qoymayıb. Qərarda o da vurğulanıb ki, bu iddianı "Fədək" MMC qaldırmalı olduğu halda, tələb hüququ olmayan Nəsimi rayon İcra Hakimiyyəti qaldırıb. Bu qərara etiraz edən icra hakimiyyəti Ali Məhkəməyə üz tutub. İş Ali Məhkəməyə gedəndə sakinlərdən bir neçəsi ilə razılıq əldə olunub, onlara münasibətdə iddialar geri götürülüb. Amma qalan dörd mənzilin sahibi fikrindən daşınmayıb.

"Biz niyə küçələrdə qalmalıyıq?"

İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, qəzalı olduğu bildirilən bina 1929-cu ildə tikilib. Onun qəzalı olması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının tərtib etdiyi aktdan da görünür.

Sakinlər həm də onu deyirlər ki, evləri məcburi sökülsə də, tikinti şirkətinin bu işi sonadək başa çatdıracağına zəmanət yoxdur: "Nə qədər adamlar prokurorluq, məhkəmə qapılarında qalıb, haqqını bərpa edə bilmir. Biz niyə küçələrdə qalmalıyıq?".

"Dörd mənzilin mülkiyyətçiləri ilə razılıq əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına, nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur", – Ali Məhkəmənin gəldiyi nəticədir.

Ali Məhkəmənin qərarı əsasında apellyasiya instansiyası bu işə bir daha baxacaq.

XS
SM
MD
LG