Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Bəraət hökmlərinin sayı artır, yoxsa...


Yalnız varlılar üçün məhkəmə? Hansı məhkəmə rüsumları qalxa bilər?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Yalnız varlılar üçün məhkəmə? Hansı məhkəmə rüsumları qalxa bilər?

Azərbaycanın məhkəmə sistemindəki problemlər arasında ən çox qabardılan məsələlərdən biri bəraət hökmlərinin azlığıdır. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi keçmir. Ölkədə elə məhkəmələr var ki, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmır.

2021-ci il üzrə göstəricilər, hələlik, məlum deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 8 min 526 iş üzrə ittiham hökmü çıxarılıb, nəticədə 9 min 946 nəfər məhkum edilib. Buna qarşı cəmi 91 işdə bəraət hökmü verilib. 2019-cu ilə aid statistik məlumat isə belədir: 10 min 730 ittiham və cəmi 137 bəraət hökmü.

0.5 faizə çatmayan bəraət hökmləri

Göstəricilərdən aydın olur ki, əvvəl vəziyyət lap acınacaqlı olub. 2017-2018-ci illərdə Azərbaycanda 11 min 356 və 10 min 172 ittiham hökmləri çıxarılıb. Hər iki ildə hakimlər 87 işdə bəraət veriblər.

2005-2015-ci illəri əhatə edən dövrdə hər il 11 mindən bir qədər artıq ittiham hökmləri çıxarılıb. Bəraət hökmləri isə nəinki 1 faiz, bəzən heç 0.5 faizə də çatmayıb. Məsələn, 2005-ci ildə 7, 2006-cı ildə 6, 2007-ci ildə 8, 2008-ci ildə 10, 2009-cu ildə 12, 2010-cu ildə 20 işdə hakimlər bəraət hökmünə imza atıb. Sonrakı illərdə nisbətən artım qeydə alınıb və 2016-cı ildə 68 olub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Məhkəmə-Hüquq Şurası bəraət hökmü verən hakimlər və məhkəmələrin statistikasıyla bağlı hesabat hazırlayıb. Bu sənədə əsasən, ölkədə ən çox bəraət hökmləri Yasamal Rayon Məhkəməsində çıxarılıb – 2014-2021-ci illər ərzində 47 bəraət hökmü. İkinci pillədə isə 35 hökmlə Nərimanov Rayon Məhkəməsi gəlir.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Hakimlər

Aktivində ən çox bəraət hökmü olan hakim isə hazırda Bakı Apellyasiya Məhkəməsində fəaliyyət göstərən Ramin Qaraqurbanlıdır. O, 2014-2021-ci illərdə 24 bəraət hökmünə imza atıb ki, bu da ümumi bəraətlərin 8.42 faizini təşkil edir. Yasamal Rayon Məhkəməsinin bəraətlərə görə birinci yerdə olmasında onun da payı var. Çünki Qaraqurbanlı (o zaman Qurbanov adlanırdı-red.) 2013-2020-ci illərdə məhz bu məhkəmədə fəaliyyət göstərib. 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimidir. O, həm də 2018-ci ildə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilib. Bundan öncə isə komissiyanın vitse-prezidenti olub.

Ən çox bəraət hökmü çıxaran hakimlər sırasında ikinci yerdə Zamin Tahirovdur. Hazırda Balakən Rayon Məhkəməsinin hakimi olan Tahirov imza atdığı bəraət hökmlərinin böyük əksəriyyətini Quba Rayon Məhkəməsində işləyərkən çıxarıb. Maraqlıdır ki, 2019-cu ilin mayında Məhkəmə-Hüquq Şurası fəaliyyətində çoxsaylı pozuntulara yol verdiyi iddiasıyla onun intizam məsuliyyətinə cəlb edilməklə, iş yerinin dəyişdirilməsi haqda qərar qəbul edib və prezidentə bu haqda təklif verilib. Prezidentin təsdiqindən sonra o, Balakən Rayon Məhkəməsinə göndərilib.

Cavad Cavadov
Cavad Cavadov

Heç vaxt bəraət hökmü çıxarmamış məhkəmələr

Vəkil Cavad Cavadov da deyir ki, ümumilikdə bəraət hökmlərinin sayında artım var. Amma bu, ədalət mühakiməsinin vəziyyətinin yaxşılaşması anlamına gəlmir: "Ümumi cinayət işlərinin sayında da artım var. Bəzi cinayətlərlə bağlı dekriminallaşma olmasına baxmayaraq, yenə də ümumi cinayət işlərinin sayında artım var. Bu gün elə məhkəmələr var ki, orada heç vaxt bəraət hökmü çıxarılmayıb, bu, biabırçılıqdır".

Belə instansiyalara Lənkəran Ağır Cinayətlər Məhkəməsini, Şabran, Biləsuvar, Kürdəmir rayon məhkəmələrini göstərmək olar.

Cavadov hesab edir ki, ictimai-siyasi əhəmiyyətli işlərdə olmasa da, adi işlərdə hakimlərə nisbətən sərbəstlik verilib. Onun sözlərinə görə, ən azı, statistika, görüntü xatirinə də olsa, cüzi dəyişikliyin zəruriliyini dərk edirlər: "Mənim vəkil kimi iştirak etdiyim bir iş açıq-aşkar bəraətlik iş idi. Amma vermədilər. O iş Ali Məhkəməyə gedib çıxdı, orada qərar ləğv edildi, təkrar araşdırma üçün aşağı instansiyaya göndərildi. Bundan sonra bəraət verdilər. Çəkingənlik, müstəqil qərar vermək qorxusu və s. amillər də öz sözünü deyir. Ola bilər ki, statistikada cüzi artım var, amma bu, qətiyyən məhkəmə sistemində köklü dəyişiklik demək deyil".

Vəkil vurğulayıb ki, məhkəmə-hüquq sistemi Azərbaycandakından bir o qədər yaxşı olmayan Rusiyada belə, bəraət hökmlərinin sayı qat-qat çoxdur.

Fazil Mustafa
Fazil Mustafa

“Sanki bir özünüsenzura var”

Hüquqşünas deputat Fazil Mustafa da bəraətlərlə bağlı durumdan narazıdır. O deyir ki, Azərbaycanda bəraət hökmlərinin sayı çox azdır. Hətta son dövrlərdə artım tendensiyası müşahidə olunsa da, vəziyyət hələ ürəkaçan səviyyədə deyil. Bu sahədə müxtəlif ölkələrin təcrübələrindən misal çəkən deputatın sözlərinə görə, bəraət hökmlərinin sayı ABŞ-da 50, Avropa dövlətlərində isə 30 faizdən yuxarıdır.

Fazil Mustafa hakimlərin bəraət verməkdən çəkinməsini isə belə izah edir: "Məhkəmə-hüquq sahəsindəki orqanların sanki bir-birinin səhvini tutmaqla bağlı kompleksi var. Əgər məhkəmə şəxsə bəraət versə, həmin adamı əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmiş istintaq orqanı çətin vəziyyətə düşür. Çox vaxt məhkəmələr buna görə bəraət vermirlər. Digər tərəfdən, bir çox hallarda hakimlərin də müstəqil qərar verməyə iradəsi çatmır. Heç ona obyektiv qərar verməyə mane olan olmasa da, özlərində sanki bir özünüsenzura var. Düşünürlər ki, bu qərarı versəm, birdən mənim üçün nəticə yaxşı olmaz. Buna görə çəkinirlər".

Deputat yada salıb ki, Prezident İlham Əliyevin 2019-cu ilin aprelində imzaladığı "Məhkəmə-Hüquq islahatlarının dərinləşdirilməsi haqqında" Fərmanda da bəraət verilməsi, həbsə alternativ cəzaların tətbiqi kimi məsələlər yer alıb. Rəsmilər həmin fərmanın ölkənin məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə gətirib çıxaracağını iddia edirdilər. Ancaq müşahidəçilər gözləntilərin hələ də tam doğrulmadığını deyirlər.

XS
SM
MD
LG