Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Eldar Həsənov: 'Məni beş məktuba və iki çıxışıma görə həbs ediblər'


Eldar Həsənov məhkəmədə
Eldar Həsənov məhkəmədə

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov deyir ki, hazırda həbsdə olmasının səbəbi yazdığı 5 məktub və 2 çıxışında səsləndirdiyi fikirlərdir.

Bu barədə noyabrın 12-də öz məhkəməsində danışan Həsənov sözügedən məktub və çıxışlarda nədən bəhs olunduğunu açıqlamayıb.

Keçmiş səfirin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydır davam edən məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. İttiham tərəfinin şahidləri dindirilib, indi sabiq səfirin vəkilləri əlavə şahidlərin dindirilməsini istəyir.

Onların arasında əcnəbi siyasətçilər, eləcə də Serbiyada Azərbaycan səfirliyinin binasında çalışmış xadimə, bağban, sürücü və başqaları var. Amma hakimlər müdafiə tərəfinin istədiyi şəxslərin dindirilməsinə ehtiyac görməyib.

“Müstəntiq o sənədlərə baxmayıb”

Eldar Həsənov həmin sənədlərin prokurorluqdan alınıb, işə əlavə olunmasını istəyib:

“Həbsimə səbəb iki iclasda çıxışım və beş məktubum olub. Bu sənədlər səfirlikdən götürülüb, çıxışların da stenoqramları çıxarılıb. Xarici İşlər Nazirliyi onları Baş Prokurorluğa göndərib. O sənədlər cinayət işinin materiallarına əlavə olunmayıb. Baş Prokurorluqda bir ölüxana kabinet yaradıblar, mənim işimlə bağlı bütün sənədlər, arxiv oradadır”.

Amma məhkəmə onun bu vəsatətinə “yox” deyib.

Sabiq səfir bildirib ki, Azərbaycan hökumətinin xarici ölkələrdə həyata keçirdiyi, ona aidiyyəti olmayan humanitar layihələrdə yeyintilərlə bağlı da ona qarşı ittiham verilib. Həsənov iddia edir ki, bu ittihamlar sadəcə, sözdən ibarətdir, onların arxasında dayanan heç bir fakt, sənəd yoxdur.

Həsənov vurğulayıb ki, Rumıniyada səfir işlədiyi dövrlə bağlı bir epizod üzrə ittiham olunur. Bu da paytaxt Buxarestdəki parkda (həmin parkı Azərbaycan hökuməti saldırıb, Heydər Əliyevin büstü qoyulub-red.) kamera quraşdırılmasıyla bağlıdır:

“Bu məsələ ilə əlaqədar mən istintaqa iki sənəd təqdim etmişəm. Amma müstəntiq o sənədlərə baxmayıb. Əminəm ki, siz o sənədlərə baxsanız, avtomatik ədalətli qərar çıxaracaqsınız”.

“Müstəntiqə deyiblər, “get, adamın barmağını gətir”’

Keçmiş səfirin sözlərinə görə, onun özü və ailə üzvlərilə yanaşı, əmisi, dayısı və onların övladlarının da bank hesabları, əmlakları araşdırılıb. Amma heç nə tapılmayıb. Onun imzası olmayan sənədə görə ittiham edildiyini vurğulayan səfir bunu qərəzlə yanaşı, həm də savadsızlıq kimi qiymətləndirib:

“Belə savadsızlıq, təcrübəsizlik olmaz. Müstəntiqə deyiblər, “get, adamın barmağını gətir”, bu da gedib başını gətirib. Bu qədər olmaz... Eldar Hüseynovu (Heydər Əliyev Fondunun layihələrinin icrası üçün göndərilən Eldar Hüseynov bir neçə il əvvəl vəfat edib-red) dövlət göndərmişdi, bununla bağlı Xarici İşlər Nazirliyinin səfirə təlimatı olub. Müstəntiq isə yazıb ki, guya Eldar Hüseynovu şəxsi əlaqəmə görə mən gətirmişəm. Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam. Başqa sözüm yoxdu”.

Sabiq baş prokurorun məhkəməsi noyabrın 15-də davam edəcək. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı və prokurorun Həsənova cəza istəyəcəyi istisna olunmur.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb.

O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Eldar Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG