Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:46

Dipfeyk texnologiyasının kinonu dəyişməsi


Dipfeyk texnologiyası inkişaf etdikcə kino industriyasını çox ciddi dəyişə bilər.
Dipfeyk texnologiyası inkişaf etdikcə kino industriyasını çox ciddi dəyişə bilər.

Hollivudda dipfeyk texnologiyası sürətlə inkişaf edir. Son zamanlar studiyalar bu texnologiyadan aktyorların yaşını azaltmaq, artıq həyatda olmayan aktyorları "geri gətirmək", yaxud aktyorların daha gənc vaxtlarının reallığa çox yaxın görüntüsünü əldə etmək üçün istifadə edirlər. Kino həvəskarları "The Irishman" filmində bu texnologiyanın aktyorları necə cavanlaşdırdığını görüblər.

Kadrı yenidən çəkmədən sözləri dəyişmək

"Screen Rant" saytı yazır ki, hazırda Hollivud oxşar nəticələr almaq üçün dipfeyk texnologiyasının tətbiqinin ilkin mərhələsindədir. Süni zəkanın köməyi ilə Tom Kruzun "Iron Man"inin alternativ versiyaları nümayiş etdirilib, Tom Holland və Robert Dauni "Back to the Future" filminin içinə yerləşdirilib. Kino industriyası və görüntü effektləri ilə məşğul olanlar dipfeyk texnologiyasının sürətli inkişafına laqeyd qala bilməzdilər. Bu texnologiyanın potensialı ən müxtəlif sahələrə tətbiq edilər bilər. Məsələn, 1955-ci ildə vəfat edən Ceyms Din yeni filmə çəkilə bilər.

Dipfeyk texnologiyası inkişaf etdikcə kino industriyasını çox ciddi dəyişə bilər. Bu texnologiya, əsasən, post-prodakşn dövründə və kadrların yenidən çəkilməsi zamanı işə köməyə gəlir. Dipfeyk texnologiyası insanın görüntüsünü yenidən yaratmaq üçün inanılmaz dərəcədə böyük data və çəkiliş materialı istifadə etdiyindən onun sayəsində kinematoqrafçılar kadrları yenidən çəkmədən dialoqlardakı sözləri dəyişə bilirlər. Aktyor dialoqdakı yeni sözləri yazdırır, kamera isə onun hərəkətlərini çəkir. Sonradan dipfeyk texnologiyası qısa zamanda orijinal kadrı yeni dialoqla əvəzləyir. Sadəcə bir dialoqu dəyişmək üçün bütün set və çəkiliş heyətini yenidən toplamağa gərək qalmır. Kiçik komanda və dipfeyk texnologiyası kifayət edir.

İmkanlar

Bu, dipfeyk texnologiyasının kinematoqrafçılara kamera arxasında göstərə bildiyi köməyin kiçik bir nümunəsidir. Bu dəyişiklikləri tamaşaçı ekranda hiss etmir. Ancaq bu texnologiya film istehsalının daha böyük parçasına da çevrilməyə qadirdir. Dipfeyk texnologiyasının inkişafı elə bir nöqtəyə gətirib çıxara bilər ki, filmdə aktyorlar başqa ulduzlarla əvəzlənə bilər. Bura müasir aktyorların köhnə filmlərə və ya, əksinə, artıq həyatda olmayan aktyorların yeni filmlərə daxil edilməsi imkanları da daxildir.

Sayt yazır ki, artıq hətta aktyor heyətinin əsas üzvlərindən biri çəkiliş meydançasında olmasa belə, yeni filmi onsuz çəkmək mümkündür. Hazırda kino ulduzlarının müxtəlif filmlərdə iş cədvəlləri tez-tez toqquşur və bununla bağlı çətinliklər yaranır. Ancaq dipfeyk texnologiyası sayəsində bu problem aradan qalxmış ola bilər. Məsələn, Dueyn Conson kimi məşğul sənətçi dipfeyk texnologiyası sayəsində istədiyi filmdə çəkilə bilər.

Çətinliklər, qanunilik

Təbii ki, bu texnologiyadan istifadənin öz çətinlikləri də var. Məsələ burasındadır ki, dipfeyk texnologiyası aktyorun üzünü əvəz edə bilir. Bu səbəbdən bu üsulu sınaqdan keçirmək istəyən çəkiliş komandası bədəni, yerişi, jestləri və digər hərəkətləri həmin aktyorunkuna bənzəyən başqa bir aktyor tapmalı olacaq.

Yazıda daha sonra qeyd edilir ki, dipfeyk texnologiyasının gətirdiyi imkanlar çoxlu narahatlıqlar və əxlaqla bağlı suallar ortaya qoyur. Buna razı olmayan adamın hansısa aktyora oxşarlığından istifadənin qanuniliyi belə məsələlərdən biri ola bilər.

Dipfeyk texnologiyasının istifadə edilə biləcəyi sahələrlə bağlı narahatlıqlar başadüşüləndir. Ancaq onun filmlərə tətbiqi kinematoqrafçıların çox köməyinə gələcək. Fərdi layihələr, studiyalar və digər film istehsalçılarının özləri ondan problemlərlə üzləşmədən düzgün istifadə etməyin yollarını tapmalı olacaqlar.

XS
SM
MD
LG