Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:53

İzlənilməsi mümkün olmayan film


Hamfri Boqart və Loren Bekoll
Hamfri Boqart və Loren Bekoll

"The Big Sleep" (Dərin yuxu) filmi 75 il bundan əvvəl ekranlara çıxıb. O zamandan bəri onun ssenarisi tamaşaçıları düşündürür. Hovard Houksun Los-Ancelesdə nuar janrında çəkdiyi bu klassik əsər ABŞ kinosunun ən əyləncəli filmlərindən biri sayılır. Onu əyləncəli edən dialoqlar, ekşn, ümumi atmosfer, filmin ulduzları - Hamfri Boqartla Loren Bekoll arasındakı seksual qaynaşmadır. Ancaq tamaşaçılar filmdə nə baş verdiyini anlamırlar.

Filmin ilk nümayişindən on illər keçmiş bu gün belə onun "Vikipediya" səhifəsində deyilir ki, "onu izləmək mümkün deyil".

İki fərqli ssenari?

BBC yazır ki, əslində filmin ssenarisini izləmək qeyri-mümkün deyil. Düzdür, bunu qələmsiz və bloknotsuz, vaxtaşırı pauza düyməsini basmadan etmək son dərəcə çətindir. Filmdəki bütün o gözəl kitabxanaçıları, dükançıları, yeməkpaylayanları və taksi sürücülərini yadda saxlamaq kifayət deyil. Bundan başqa, çoxsaylı kişi qatilləri və qətl qurbanlarını da bir-birindən ayırmağı bacarmaq lazımdır.

Kinoşünas, "Narrative and Narration" kitabının müəllifi Uorren Baklend deyir: ""Dərin yuxu" filminin bir maraqlı cəhəti də odur ki, filmdə yalnız bir nəfərin – Marlounun gördükləri və eşitdikləri göstərilir. Əsas hadisələr filmin başlanmasından az əvvəl baş verdiyindən Marlou onlar haqqında çox az şey bilir. Bu isə o deməkdir ki, tamaşaçı da elə onun qədər bilir".

Filmin bu qədər çətin anlaşılmasının daha iki səbəbi bar. Reymond Çandler Marlounun qəhrəman olduğu ilk romanını daha əvvəl nəşr etdirdiyi iki qısa hekayəsini birləşdirərək yazıb. Buna görə də tamaşaçıya elə gələ bilər ki, filmdə bir-birindən fərqli iki ssenari var. Sonradan ssenaristlər əsəri ssenariyə çevirmək üçün çox əziyyət çəkiblər. Hətta deyilənə görə, onlar hansısa personajın intihar etdiyi, yaxud öldürüldüyü haqda bir qərara gələ bilmirlərmiş. Buna görə Houks Çandlerə teleqram vuraraq bunu ondan soruşmaq istəyib. Çandler də deyib ki, bunu heç özü də bilmir.

"Tamaşaçı özü də detektivə çevrilir"

Bundan başqa, Marlou bir-birinin ardınca cürbəcür qalmaqalların üstünü açır. Üstəlik, sırf Boqart və Bekollun populyarlığını daha da artırmaq üçün filmin ayrı-ayrı səhnələri kəsilib. Bu iki aktyor bundan əvvəl Houksun "To Have and Have Not" adlı başqa bir trillerində çəkilmişdilər. Studiyanın rəhbəri Cek Uorner iki aktyor arasında daha çox müəmmalı dialoq səhnələrinin olmasını istəmişdi. Bu səhnələrə yer ayırmaq üçün Houks Marlounun aşkar etdiyi şeylərə aydınlıq gətirən səhnələri kəsməli olmuşdu. Beləliklə, onsuz da qarışıq roman əsasında yazılmış ssenari aktyorları qlamurlaşdırmaq üçün daha da qarışıq hala salınmışdı. Məqalədə deyilir ki, filmin başına gətirilənlərdən sonra hələ də nəyinsə anlaşılması böyük möcüzədir.

Bununla yanaşı, "Dərin yuxu" filminin nəql etdiyi labirintvarı hekayə maraqlıdır. Tamaşaçı sadəcə detektiv izləmir, özü də detektivə çevrilir. Filmin gedişatı tamaşaçını ayıq saxlayır. "Nə qədər çox baş sındırırsansa, …o qədər çox həzz alırsan. Gedişatı sadə olan filmin verdiyi həzz başqadır. Dolaşıq filmə baxarkən sən onu [beynində] emal etməli olursan və buna görə mükafatlandırılırsan", – Baklend deyir.

Rejissor Devid Linç deyirdi ki, film çox səliqəli olanda tamamilə maraqsız olur, çünki həyatın özü səliqəli deyil. Ancaq filmin eniş və yoxuşları, ziddiyyətləri olanda bu bizim öz həyat təcrübəmizlə səsləşir.

XS
SM
MD
LG