Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:14

Tam peyvənd olunanlar AB-yə səyahət edə biləcək


Hindistanda vaksin növbəsi
Hindistanda vaksin növbəsi

Nyu Dehlidə hakim orqanlar koronavirusun valideynsiz qoyduğu uşaqların təhsilinə sponsorluq edəcəyini, onlara maliyyə yardımı ayrılacağını bildirib

Avropa Birliyinin səfirləri koronavirusa qarşı tam peyvənd olunmuş şəxslərin blok ərazisinə buraxılması üzrə razılaşma əldə ediblər.

Səfirlər həmçinin təhlükəsiz hesab olunacaq ölkələr üçün kriteriyaları yüngülləşdirməyə razılaşıblar. Bu ölkələrdən bütün ziyarətçilər səyahət edə biləcəklər. İndiyədək siyahıda yeddi ölkə yer alıb.

27 üzvü olan blok ötən il COVID-19 yoluxmalarını önləmək üçün kəskin addımlar atıblar. Səfirlərin fikrincə, vacib sayılmayan səyahətlərə qadağaların çoxu qaldırılmalıdır.

AB Komissiyasının sözçüsü Kristian Viqand deyib ki, Avropa Şurası “üzv ölkələrə vaksin olunmuş şəxslər üçün mövcud məhdudiyyətləri yüngülləşdirməyi tövsiyə edəcək”.

Viqand sərhədlərin nə vaxt açılacağını deməyib. Çünki AB ölkələri hələ tədbirləri rəsmən təsdiqləməlidirlər.

Yeni qaydalara görə, AB-də təsdiqlənmiş vaksinin tələb olunan dozalarını qəbul etmiş şəxslər bloka daxil ola biləcəklər.

Yaşıl siyahıya düşən ölkələr üçün iki həftə ərzində hər 100 min nəfər üzrə yoluxma sayı 25-dən 75-ə qaldırılıb.

Britaniya kimi vaksinasiyada yaxşı irəliləyiş əldə etmiş ölkələrdən səyahətə icazə verilə bilər.

***

Dünyada milyard yarımdan çox vaksin vurulub

İndiyədək dünyada COVID infeksiyalarına qarşı azı 1.5 milyard doza vaksin vurulub. Hesablamanı “Frans Pres” aparıb.

Agentliyin mayın 18-də rəsmi mənbələrə əsasən yaydığı məlumata görə, 210 ölkədə və ərazidə 1 milyard 500 milyon 17 mindən çox doza vurulub.

Ümumi dozaların 60 faizi cəmi üç ölkədə – 421 milyondan çoxu Çində, 274 milyondan artığı Birləşmiş Ştatlarda, 184 milyondan çox isə Hindistanda vurulub.

İsrail, Hindistan

İsrail əhalinin peyvənd olunmuş qisminə görə liderdir, 60 faizə vaksinin hər iki dozası vurulub. Britaniyada 54 faizə, Birləşmiş Ştatlarda 48 faizə azı bir doza vurub.

Rəsmi statistikaya görə, Avropa Birliyi əhalisinin 32 faizinə vaksinin azı bir dozası vurulub.

Mayın 19-da Hindistanda COVID-19-dan gündəlik ölüm hallarında daha bir rekord qeydə alınıb. Səhiyyə Nazirliyi 4 min 529 nəfərin öldüyünü bildirib, ümumi ölü sayı 283 mini keçib. Gündəlik yoluxmalar isə artıq üçüncü gündür 300 mini keçmir. Ancaq hər iki rəqəmin reallığı əks etdirmədiyi güman edilir.

Nyu Dehlidə hakim orqanlar koronavirusun valideynsiz qoyduğu uşaqların təhsilinə sponsorluq edəcəyini, onlara maliyyə yardımı ayrılacağını bildirib. Valideynlərini itirmiş uşaqlar 25 yaşına çatanadək aya 2 min 500 rupi (35 dollar) alacaqlar, təhsil haqqını Dehli hökuməti ödəyəcək.

Hindistan 25 milyon yoluxma ilə dünyada Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur.

AstraZeneka və Pfizer-Biontech peyvəndlərinin qarışdırılması effektli olub
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

İqtisadi bədəl

Parisdə keçirilən sammitdə isə Afrikanın pandemiya ilə mübarizəsinə kömək vəd edilib. Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi sammitə Afrika liderləri, qlobal maliyyə qurumlarının rəhbərləri qatılıb.

Pandemiyanın iqtisadi bədəli böyük olub. Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ilin sonlarında xəbərdarlıq edib ki, 2023-cü ilədək Afrikanın inkişaf hədəflərinə çatması üçün 290 milyard dollara ehtiyacı yaranacaq.

Sammitdə vaksinlərin qitədə istehsalına yol açmaqdan ötrü patent qadağalarının qaldırılmasına çağırış səslənib.

BVF rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, Afrikada vaksinləmə sürətləndirilməsə, bunun iqtisadi fəsadları olar.

XS
SM
MD
LG