Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:28

BOK Olimpiya oyunlarının təhlükəsiz olacağını deyir


Yaponiya
Yaponiya

“Nikkei” qəzetinin mayın 19-da yazmasına görə, Yaponiyada üç aydır peyvəndləmənin getməsinə baxmayaraq, böyük şəhərlərdə tibb işçilərinin 30 faizindən də azına peyvənd vurulub

Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyula planlaşdırılan Tokio Olimpiya oyunlarının həm atletlər, həm də ictimaiyyət üçün təhlükəsiz olacağını deyir. Bu arada ölkədə oyunların yoluxmaları artıracağı sarıdan narahatlıq artmaqdadır.

BOK rəhbəri Tomas Baxın sözlərinə görə, Olimpiya Kəndi sakinlərinin 80 faizi iyulun 23-nə – Oyunlar başlananadək ya peyvənd vurdurmuş olacaq, ya da buna görə vaxt təyin edəcək.

Üçüncü dalğa, ləng vaksinasiya

Mayın 19-da Tokioda danışan Bax oyunları təxirə salmaq çağırışlarını rədd edib. Onun sözlərinə görə, digər idman tədbirləri Olimpiya oyunlarının güclü qabaqlayıcı tədbirlərlə keçirilməsinin mümkünlüyünü göstərib.

“Yaponiyalı tərəfdaşlarımız və dostlarımızla birlikdə mən yalnız BOK-un Olimpiya və Paralimpiya oyunlarını hər kəs üçün təhlükəsiz keçirilməsinə tam sadiq olduğunu vurğulaya bilərəm”, – Bax deyib.

Ötən ilə planlaşdırılan oyunlar pandemiya səbəbindən təxirə salınmışdı.

Hazırda Yaponiya yoluxmaların üçüncü dalğası ilə mübarizə aparır, vaksinasiya ləng gedir.

Cəmi 3.7 faiz

“Nikkei” qəzetinin mayın 19-da yazmasına görə, Yaponiyada üç aydır peyvəndləmənin getməsinə baxmayaraq, böyük şəhərlərdə tibb işçilərinin 30 faizindən də azına peyvənd vurulub.

Rəsmi rəqəmlərdə isə bu rəqəm 40 faizdən yuxarı göstərilir.

Mayın 18-də Tokio Həkimlər Assosiasiyası Olimpiya oyunlarını təxirə salmaq çağırışlarına qoşulub. Qurumun 6 minədək həkim üzvü var.

Qrupun bildirməsinə görə, “paytaxtda xəstəxanalar tam dolub, boş yer yoxdur”.

Yaponiyanın 126 milyonluq əhalisinin 3.7 faizindən bir qədər çoxuna vaksinin azı bir dozası vurulub. Bu isə zəngin ölkələr arasında ən aşağı göstəricidir.

Tokio və Osaka daxil olmaqla ölkənin böyük hissəsində fövqəladə vəziyyət elan olunub.

“Asahi Shimbun” qəzetinin mayın 17-də dərc etdiyi sorğuya görə, yaponiyalıların 80 faizindən çoxu bu il Olimpiya oyunlarının keçirilməsinə qarşı çıxır. Respondentlərin 43 faizi oyunların ləğvini, 40 faizi isə bir daha təxirə salınmasını istəyir.

XS
SM
MD
LG