Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

‘Qara göbələk’ - koronavirusun yol açdığı daha ölümcül infeksiya


Nyu Delhidəki xəstəxanalrdan birində
Nyu Delhidəki xəstəxanalrdan birində

Hindistanda koronavirusa yoluxanlar da daxil, getdikcə daha çox insanda birbaşa beyinə müdaxilə edən nadir “qara göbələk” xəstəliyi müşahidə edilir.

Bu göbələk xüsusilə də başqa xroniki xəstəliyi olanlar üçün daha təhlükəlidir.

The Guardian yazır ki, ötən bazar günü Hindistan Səhiyyə Nazirliyi bu infeksiyanın müalicə olunmasına dair xüsusi təlimat buraxıb.

Bu göbələk paytaxt Əhmədabad da daxil Qucarat ştatının müxtəlif yerlərindəki 300 pasientdə aşkar olunub.

Latınca adı mucormycosis olan xəstəlik “çox ciddi, yüksək mortallığa – ölümcüllüyə malik” Mukoromikoz xəstəliyini törədir.

Xəstəliyin müalicəsi üçün dərmanlarla yanaşı cərrahiyyə əməliyyatlarına da əl atmaq lazım gəlir.

Mukoromikoz nədir?

Bu xəstəliyi törədən kif göbələkləri qrupu mukoromisit adlanır, torpaq və bitkilərin üzəri də daxil, əksər mühitlərdə yaşayır.

Mukoromikoz xəstəliyinə ABŞ və Avstraliya da daxil bütün dünyada rast gəlinir. Xəstəlik çox vaxt xəstəxanalarda, xüsusilə də transplantasiya əməliyyatı keçirmiş zəif pasientlərə yoluxur.

Göbələklərin sporları ventilyasiya sistemi vasitəsilə xəstəxanalara daxil ola və yataq ağlarının üzərinə çökə bilir.

Dünya Səhiyyə Təşkilatının eksperti, professor Piter Kolliqnon deyir:

“Bu göbələk ailəsi insanın sinuslarına (toxumalar arasındakı məsamələr və ya boşluqlar) daxil olur və orada yığılıb qalır. Onlar başın içindəki hava boşluqlarına daxil ola bilər. İnsanın immun sistemi zəifləyəndə göbələklər aktivləşir və beyinə müdaxilə edir. Burada göbələk çox ciddi və real bir problemə çevrilir”.

Sağlam insanlarda problem yaratmaya bilər

Professorun dediyinə görə, bu göbələk infeksiyası daha çox torpaq-tikinti işlərinin görüldüyü yerlərdə, toz zərrələri ilə birlikdə yayıla bilir.

Adi halda insan bu göbələyin sporlarını (toxumlarını) havadakı tozla birlikdə udur. Bu, sağlam insanlarda problem yaratmaya da bilər. Amma göbələk diabet və leykoz kimi xəstəliklərə görə immun sistemi zəif insanlar üçün ciddi təhlükə hesab olunur.

Göbələk steroid tipli dərmanları qəbul edən şəxslər üçün də təhlükəlidir. Bu dərman preparatları da immuniteti zəiflətmək xüsusiyyətinə malikdir.

Alimlər deyirlər ki, bu xəstəlik doğrudan da nadirdir. Məsələn ABŞ-da pandemiyadan əvvəl 500-dək insanda aşkar olunmuşdu. Nadir olduğuna görə də xəstəliyin heç statistikası da aparılmır.

Bu infeksiya niyə indi Hindistanda yayılır?

Professor Kolliqnon deyir ki, koronavirus infeksiyası “qara göbələk” infeksiyasının aktivləşməsinə şərait yaradır.

Beləki COVID-19 yoluxması insanın ilk növbədə immun sistemini hədəfləyir. Məhz buna görə də mukoromikoz daha çox diabetli xəstələrdə müşahidə olunur:

“Biz hazırda koronavirus yoluxması ilə reanimasiyaya düşən xəstələrə iltihabın qarşısını almaq məqsədilə steroidlərin yüksək dozasını veririk. Amma çox təəssüf ki, steroidlər immun sistemini zəiflədir. Əslində biz elə bu səbəbdən kiməsə lazım olduğundan artıq steroid yeridilməməsinə çalışırıq. Biz koronavirusun yaratdığı iltihabı azaltmaq istəyirik, amma təəssüf ki, bu, orqanizmin göbələk kimi başqa “normal infeksiyalara” qarşı müqavimətini də azaldır”.

The Guardian yazır ki, hazırda koronavirus infeksiyasının sıçrayışlı artımı Hindistanın səhiyyə sistemi üzərinə ağır yük salıb. Belə bir şəraitdə hansısa başqa infeksiyanın müalicəsi çətinləşir.

Xəstəliyin əlamətləri

Mukoromikoz yoluxması ağrı, burun və göz ətrafında qızartı, qızdırma, baş ağrısı, qanlı öskürək, burundan qanlı və tünd mayenin axması, sifətin bir tərəfində, burun boşluğunda ağrı, burun rənginin dəyişməsi və qaralması, diş ağrısı, görmənin tutqunlaşması ilə müşayiət olunur.

Xəstəliyin qarşısını necə almalı?

Professor Kolliqnon deyir ki, mukoromikozun müalicəsi bahalı və ağırdır. Ölüm halları 50 faiz təşkil edir.

“Biz immun sistemi zəifləmiş pasientləri müsbət təzyiq otaqları adlandırığımız otaqlarda yerləşdiririk. Burada onlar mukoromikoz kimi başqa infeksiyalara yoluxmadan mümkün qədər mühafizə edilir. Otağa verilən təzyiq içəridəki havanı bayıra, dəhlizə vurur. Belə olduqda pasientə hava vasitəsilə hər hansı infeksiyanın keçməsi ehtimalı minimuma endirilir”.

Lakin professor dərhal əlavə edir:

“Əlbəttə COVID pasientlərini müsbət təzyiq otaqlarına yerləşdirmək istəməzdik. Çünki bu halda koronavirusun yayılması riski böyüyür”.

Alim bildirir ki, mukoromikoz xəstələrinə antigöbələk dərmanları verilir, amma bu preparatların zəhərliyi böyükdür:

“Mukoromikozun müalicəsi üçün cərrahiyyə də lazım gəlir. Çünki göbələyi yığıldığı yerlərdən, ağız, burun və boğazdakı məsamələrdən təmizləmək lazımdır. Cərrahi müdaxilə zamanı bütün göbələk materialının çıxarılması mühümdür. Təsəvvür edin ki, bəzi hallarda belə cərrahiyyəni beyin məsamələri kimi yerlərdə aparmaq lazım gəlir”.

Hindistan Tibb Şurası və Federal Səhiyyə Nazirliyi “qara göbələkdən” qorunmaq üçün tövsiyələr verib.

Bu təliumata görə torpaq və peyin işləri görərkən xüsusi ayaqqabılardan, uzunqol köynəklərdən və əlcəklərdən istifadə olunmalıdır.

Diabet kimi xəstəlikləri olanlar isə şəxsi gigiyenaya riayət etməli və qanda şəkərin miqdarını normada saxlamağa çalışmalıdırlar.

XS
SM
MD
LG