Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Postkovid sindromu – Qərb mediası


Almaniya, arxiv fotosu
Almaniya, arxiv fotosu

Məqalədə Britaniyada yarım milyon insanın altı aydan çox müddətdə postkovid sindromu yaşadığı vurğulanır

“The Economist” dərgisi dünyada pandemiyanın ikinci ilində iki böhranın yaşandığını yazır. Onlardan ən gözəgörünəni, təlaş yaradanı Hindistan kimi yoxsul ölkələrdə baş verənlərdir. Günə 350 mindən çox yoluxma, oksigen çatışmazlığının arxasında duran insan yaşantılarını, əzablarını təsəvvür edin.

İkinci, gözəgörünməyən böhran isə Amerika, Britaniya və İsrail kimi əhalinin çox hissəsinin peyvənd olunduğu zəngin ölkələrdə üzə çıxır, kasıb ölkələrə təsiri də qaçılmazdır. Rəsmi adı “postkovid sindromu” olan bu böhran koronavirusa yoluxandan azı üç ay sonra da bədəndə qalır. Təngnəfəslik, yorğunluq və “beynin dumanlanması” – əsas xüsusiyyətləri bunlardır.

Britaniyada hər beş nəfərdən üçü kovidin onların həmişəki hərəkətlərini “müəyyən qədər”, hər beş nəfərdən biri isə “çox” məhdudlaşdırdığını deyir. Bu şəxslər hətta yarımştat, evdən çıxmamaq şərtilə işlərini də görə bilmədiklərini vurğulayıblar.

Məqalədə Britaniyada yarım milyon insanın altı aydan çox müddətdə postkovid sindromu yaşadığı vurğulanır. Dərgi öz hesablamalarına əsasən Britaniya əhalisinin 15 faizinin, dünyada isə 80 milyondan çox insanın bu problemləri yaşadığını ehtimal edir.

COVID-19 – qadınların iş yerlərinin “qənimi”?

Atlantik Şurasının portalı isə koronavirus pandemiyasının dünyada qadınların iqtisadi imkanlarını məhdudlaşdırmasından yazır. Qadınların iş yerləri kişilərkindən 1.8 dəfə çox təsirə məruz qalıb.

İranda isə qapanmalar qadınların onsuz da aşağı olan iqtisadi iştiraklılıq göstəricilərini 20 faizədək azaldıb.

İran dünyada qadınların əmək qüvvəsindəki payı az olan ölkələr sırasındadır. 2019-cu ildə 18 faizlə 180 ölkə içində 175-ci olmuşdu.

İranlıların 62 milyon nəfəri 15-64, yəni işçi qüvvəsi yaşındadır. 2019-cu ilin sonundan 2020-ci ilin sonunadək işçi qüvvəsi yaşındakı əhalinin sayı 1.3 milyon nəfər artıb, amma əmək bazarında iştiraklılıq 1.4 milyon nəfər azalıb. Məqalədə bu azalmanın bir milyonunun məhz qadınların əmək bazarını tərk etməsi ilə bağlı olduğu bildirilir – yəni 20 faizlik azalma. Sözügedən dövrdə kişilərin əmək bazarında iştirakı 2 faiz azalıb, 71-dən 69 faizə düşüb. Qadınlar üçün 2019-cu ildə 18 faiz olan göstərici 2020-ci ildə 14 faizə düşüb.

Portal yazır ki, iranlı qadın və kişilərin əsas iş yeri xidmət sektorudur, ondan sonra sənaye və kənd təsərrüfatı gəlir. Xidmətlərdə azalma isə başadüşüləndi, bütün dünyada bu sektor ziyan görüb.

“Qadınlar bütün sektorlarda iş yerlərini itiriblər, kişilər isə sənaye sahəsindəki yerləri əldə ediblər”,– məqalədə vurğulanır.

Hazırda dünyada koronavirusa 150 milyon yarımdan çox yoluxma aşkarlanıb, 3 milyondan çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG