Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Həkim: '18 yaşdan yuxarı hamıya peyvənd vurulmalıdır'


Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?

Operativ Qərargahın aprelin 28-i axşam saatlarına olan məlumatına görə, Azərbaycanda yalnız 0.5 milyon şəxs koronavirusa qarşı ikinci mərhələdə vaksinasiyadan keçib. Ümumilikdə isə yanvarın 18-dən bəri 1.4 milyon şəxs birinci mərhələdə peyvənd edilib.

Rəsmi açıqlamalara görə, gündəlik peyvəndləmənin sayı isə aşağı düşür. Təxminən bir ay əvvəl gündə 34-35 min şəxsə peyvənd vurulurdusa, hazırda bu rəqəm təqribən 15 minə bərabərdir. Üstəlik, son günlər vaksinasiya haqqında saxta arayışların pulla alınması ilə bağlı iddialar yayılır. Rəsmi məlumata görə, artıq 14 həkim işdən azad edilib, bəziləri haqqında cinayət işi başlanıb, tutulanlar var.

Bəzi deputatlar, mütəxəssislər isə hesab edir ki, Azərbaycanda vaksinasiya ləng gedir. Onların fikrincə, yaş həddini ləğv etmək (hazırda 40 yaşından yuxarı şəxslərə peyvənd vurulur) və hətta artıq məcburi vaksinasiyaya keçmək lazımdır.

14 faiz...

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının sessiyasında prezident İlham Əliyev bildirib ki, ölkəsində vaksinasiya əhalinin 14 faizini təşkil edir. (Azərbaycanın 10 milyon əhalisi var)

"Vətəndaşlarımızda yanlış məlumatlar var"

Milli Məclisin deputatı Fəzail Ağamalı isə "Turan"a bildirib ki, vaksinasiyada sayın aşağı düşməsinin iki səbəbi var: "Biri insanlarımızın biganəliyi və bəzi hallarda sosial şəbəkələrdə vaksinlə bağlı yayılan yanlış məlumatlardır. Vətəndaşlarımızda yanlış məlumatlar var və üstünə biganəlik da gələndə xoşagəlməz mənzərə yaranır".

F.Ağamalı
F.Ağamalı

Deputat hesab edir ki, digər vacib səbəb Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşların arasında kifayət qədər maarifləndirmə işləri aparmamasıdır: "Videoçarxların gündəmə gətirilməməsi, vətəndaşlarımıza vaksinləşmənin vacib olduğunu sistemli olaraq təbliğ etməmələridir. Bu iki səbəb bizdə vaksinləşmənin geniş miqyas almasına mane olur".

"Bu ölkələrdə yoluxma sayı minimuma enib"

F.Ağamalı qeyd edib ki, ortada dünya miqyasında iki mühüm örnək var: "Çinin və İsrailin örnəyi var. Orada, demək olar ki, insanların hamısı vaksinləşiblər və bu ölkələrdə yoluxma sayı minimuma enib".

Deputat vaksinləşmə prosesinin çox vacib olduğunu vurğulayıb: "Bu virusun qarşısını almağın üç şərti bizə bəlli idi – tibbi maska, məsafə və gigiyenik qaydalara əməl edilməsi. Bunun üzərinə dördüncü çox vacib element də gəlib. Bu, vaksinləşmədir ki, insanların immuniteti güclənir və beləliklə yoluxma sayı azalır. Hər bir vətəndaş özünün sağlamlığının qayğısına qalmalıdır. Bunun üçün peyvəndlənmək lazımdır".

"Yaş həddini aradan qaldırmaq lazımdır"

F.Ağamalının fikrincə, vaksinləşmə prosesində yaş həddini aradan qaldırmaq lazımdır: "Çünki indiyə qədər ən müxtəlif ölkələrdə belə bir fakt özünü təsdiq edib ki, bu virus yaşa baxmır. Hətta körpə uşaqlar da belə yoluxurlar. Sadəcə, onlarda immunitet güclü olduğuna görə uşaqlar bunu nisbətən yüngül keçirirlər. Çində də, İsraildə də 18 yaşdan yuxarı vaksinləşmə aparılır. Biz də 18 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasını başlamalıyıq".

Deputat qeyd edib ki, əgər ölkədə vaksin çatışmazlığı varsa, bu problemin üzərinə düşmək lazımdır: "Ancaq çox hörmətli həmkarım Əhliman Əmiraslanov parlament iclasında məlumat verdi ki, vaksinlə bağlı hər hansı problem yoxdur, yaxın zamanlarda ölkəmizə əlavə 5 milyon vaksin gətiriləcək. 7-8 milyon vətəndaşımız vaksinləşmədən keçərsə, biz özümüzü bu bəladan sığortalamış olacağıq".

V.İsmayıl
V.İsmayıl

"Ən məntiqli izah ondan ibarətdir ki…"

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda vaksinləşmə prosesi ləng gedir: "Burada ən məntiqli izah ondan ibarətdir ki, əlimizdə olan peyvəndlərin sayı çox deyil. Bunu həll etmək üçün peyvəndi ölkəyə tədarük etmək lazımdır. Peyvəndləməni sürətləndirmək üçün yeganə yol budur".

Ekspertə görə, vaksinasiya məcburi aparılmamalıdır: "Bu məsələlər qanunvericilik bazasına uyğun olmalıdır".

Həkim də hesab edir ki, peyvəndləşmə prosesində yaş senzi ləğv olunmalıdır: "18 yaşdan yuxarı hamıya bu peyvənd vurulmalıdır".

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Hazırda yaşı 40-dan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Azərbaycanda isə indiyədək ümumilikdə 316 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 461 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG