Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Dünyada maskanın qiyməti 6 dəfə artıb


İtaliya, Milan, 4 mart, 2020-ci il
İtaliya, Milan, 4 mart, 2020-ci il

Dünən – martın 4-də dünyanın bir sıra ölkələrində üz maskası ehtiyatları ilə bağlı tədbirlər görüb. Belə ki, insanlar panik şəkildə maska alıb yığır, hətta oğurluq halları baş verir.

İlk dəfə Çində baş qaldırmış virus indi yeni ölkələrdə peyda olmaqdadır. Dünya üzrə 90 mindən artıq insan virusa yoluxub, 3 min 200-dək vəfat edən var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bu virusun ölüm səviyyəsi 3,4 faizdir, yəni mövsümi qripdən daha yüksəkdir. Adi qripə yoluxanların adətən bir faizindən də azı vəfat edir.

ÜST səhiyyə işçilərinin işlətdiyi maskaların, xüsusi eynəklərin və digər qoruyucu avadanlığın tükənmək üzrə olduğunu, buna “artan tələbin, insanların onları alaraq ehtiyat yığmasının və sui-istifadə”nin səbəb olduğunu bildirib.

“Səhiyyə işçilərimizi qorumadan COVID-19-u dayandıra bilmərik”, – ÜST başçısı Tedros Adhanom Ghebreyesus Cenevrədə jurnalistlərə deyib. Onun sözlərinə görə, maskaların qiyməti 6, ventilyatorların qiyməti isə 3 dəfə qalxıb.

Tedros deyir ki, ÜST 27 ölkəyə yarım milyon bağlamadan çox şəxsi qoruyucu ləvazimat göndərib, amma xəbərdarlıq da edib ki, “ehtiyatlar sürətlə tükənir”.

Çində ləvazimat qıtlığı minlərlə tibb işçisinin virusa yoluxması, onlarla işçinin vəfatıyla sonuclanıb. Ölkə uşaq bezi, palto, hətta smartfon zavodlarında maska, digər ləvazimatlar istehsalına başlayıb.

Maska oğruları

Dünən Seulda azı 500 nəfər bir supermarket qarşısında maska almaq üçün növbəyə durub. Prezident Moon Jae-in bu həftə qıtlığa görə üzr istəyib.

Cənubi Koreyada günə 10 milyon maska istehsal olunur. Hökumət məhsulun yarısını poçt idarələrinə, apteklərə yönəltmək göstərişi verib. Maskanın müəyyən olunmuş aşağı qiymətlə, adama 5 dənə satılması tapşırılıb. Bu ölkədə koronavirusa 5 min 600 nəfər yoluxub, 32 nəfər vəfat edib.

Çində isə çərşənbə günü 38 yeni ölüm, 119 yoluxma halı açıqlanıb. Bu, yanvardan bəri ən az yoluxmadır.

Çində virusdan 2 min 981 nəfər vəfat edib, 80 mindən çox yoluxan var.

İndoneziya polisi isə Cakartada bir anbardan 600 min üz maskası müsadirə edib.

“Maskaların qiyməti hər yerdə qalxıb və qıtlıq yaranıb, ən çox da ona görə ki möhtəkirlər camaatın hesabına pul qazanmağa çalışırlar”, – Cakarta polisinin sözçüsü Yusri Yunus agentliyə deyib.

Rusiyada martın 4-dək maska, respirator, qoruyucu kostyum ixracı qadağan olunub.

İtaliyada üz maskaları hazırlanmır. Bir mülki müdafiə rəsmisinin sözlərinə görə, ölkə Cənubi Afrikadan 800 min maska alır, amma azı 10 milyon lazımdır.

Fransa Prezidenti Emmanuel Macron deyib ki, hökumət gələn aylar ərzində üz maskası ehtiyatlarını açacaq, istehsalı gücləndirəcək. Burada bir xəstəxanadan 2 min maska oğurlanıb.

Çinin sənaye nazirliyi rəsmisinin sözlərinə görə, şirkətlər qoruyucu ləvazimatların ixracına həvəsləndirilir, çünki hazırda ölkədə istehsal epidemiyanın episentri sayılan Hubeyin gündəlik tələbatını aşır.

Şirkətlər işçilərini qorumağa çalışır

Bu arada Amazon və digər böyük şirkətlər biznes səfərlərini dayandırmaqla işçilərini qorumağa çalışırlar.

Sietldə mənzillənən şirkət 800 minədək işçisinə tapşırıb ki, istər Birləşmiş Ştatlar daxilində, istərsə də dünya üzrə vacib olmayan səfərləri təxirə salsınlar.

İsveçrədəki Nestle ərzaq şirkəti dünya üzrə 291 min işçisinə martın 15-dək yerli biznes səyahətlərini, eləcə də beynəlxalq səfərləri dayandırmağa çağırıb.

Fransanın L’Oréal kosmetika şirkətinin 86 min işçisi var, o da martın 31-dək oxşar qadağa qoyub.

Twitter kimi şirkətlər dünya üzrə işçilərinə evdən işləməyi tapşırır. Google Dublindəki Avropa qərargahının 8 minlik işçi heyətinə belə bir təlimat göndərib.

Cenevrə Beynəlxalq Avtomobil Şousu, Barselonada Mobil Dünya Konqresi kimi böyük biznes toplantıları da təxirə salınıb.

XS
SM
MD
LG