Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:56

İ.Qəmbər: 'İlham Əliyev 2003-cü ildən islahatlardan danışır'


R.Mirqədirov
R.Mirqədirov

«İndiki siyasi güc 26 ildir hakimiyyətdədir, onun indiki siyasi lideri isə 16 ildir iqtidardadır. 16 ildən sonra islahatlardan danışmaq gülüş doğurur. Sual yaranır ki, bu vaxta qədər neynəmisiniz?», – siyasi şərhçi Rauf Mirqədirov dövlət başçısı İlham Əliyevin islahatlarla bağlı fikrini şərh edərkən söyləyir. Onun qənaətincə, köklü hüquqi, siyasi, iqtisadi islahatlar «səhər yuxudan durdum, ağlıma gəldi, həyata keçirdim» deməklə baş tutmur.

Prezident bayram təbrikində deyib ki, islahatlar dərinləşəcək: «Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub».

«İndiyədək aparılan siyasətin səhv olduğu etiraf edilməlidir»

R.Mirqədirovun sözlərinə görə, İ.Əliyevin islahat aparmasına şübhəylə yanaşması səbəbsiz deyil. O, hakimiyyətin vaxtaşırı islahat haqda danışdığını və Azərbaycanı böhrandan aparılan iqtisadi-siyasətin xilas etdiyi barədə verdiyi bəyanatlarını xatırladır.

«Söhbət iqtisadi siyasətdən gedirsə, indiyədək nə baş verdi Azərbaycanda? İslahat böyük dövr üçün ölkənin siyasi-iqtisadi inkişafını müəyyənləşdirən tədbirlər planıdır. Əgər hakimiyyət siyasi, iqtisadi, hüquqi islahata başladığını elan edirsə, indiyədək aparılan siyasətin səhv olduğu etiraf edilməlidir. Etirafdan sonra səhvlər göstərilməli və yeni dövrdə atılacaq addımlar, ümumi istiqamət açıqlanmalıdır», – siyasi şərhçi bildirir.

İsa Qəmbər: «İlham Əliyev 2003-cü ildən islahatlardan danışır»

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də dövlət başçısının hakimiyyətə gəldiyi vaxtdan islahatlar haqda danışdığını söyləyir: «Bir söz demək çətindir. Bir məqama diqqət yetirilmir ki, İlham Əliyev 2003-cü ildən bəri islahatlar barədə danışır. 2003-cü ilin sonunda, 2004-cü ildə bir neçə dəfə tədbirlər keçirərək ölkədə ciddi dəyişikliklər edəcəyini, islahatlar aparacağını bəyan edib. Hər dəfə də sözünün arxasında əməl dayanmayıb, ciddi dəyişiklik baş verməyib. Ona görə də bu dəfə islahat haqqında danışmasından ciddi nəticə gözləməyə tələsmək lazım deyil».

Amma İ.Qəmbər ilin əvvəlindən İ.Əliyevin cəmiyyətlə yaxınlaşmağa cəhd göstərdiyini, müəyyən kosmetik dəyişikliklər etdiyini də bildirir. «Bu, kosmetik dəyişikliklərin ən ciddilərindən biri siyasi məhbusların təxminən üçdə birinin azadlığa buraxılmasıdır», - Mərkəz rəhbəri qeyd edir.

İ.Qəmbər
İ.Qəmbər

«Siyasi islahatdan söhbət gedirsə, görüləcək iş yalnız siyasi məhbusları azadlığa buraxmaq olmamalıdır»

AzadlıqRadiosunun müsahibləri R.Mirqədirov da, İ.Qəmbər də bir fikri xüsusi qeyd edirlər - islahat aparmaq istəyən hakimiyyət mütləq müzakirələr aparmalıdır, cəmiyyətin, onun müxtəlif kəsimlərinin rəyini öyrənməlidir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri deyir ki, İ.Əliyev həqiqətən islahat aparmaq niyyətindədirsə, cəmiyyətlə açıq danışmalıdır, ən azından məhkəmə-hüquq sistemində, siyasi, iqtisadi sahələrdə hansı addımı atmaq istəyirsə, onları açıqlamalıdır, islahatların obyekti və subyekti olacaq tərəflər mövqe bildirməlidir.

«Siyasi islahatdan söhbət gedirsə, görüləcək iş yalnız siyasi məhbusların bir qismini azadlığa buraxmaq olmamalıdır. İlk növbədə siyasi motivlərlə həbslər dayandırılmalıdır, sərbəst toplaşmaq, birləşmə azadlığı təkcə sözdə, kağızda deyil, gerçəkdə tətbiq edilməlidir. İqtisadi azadlıqlardan söhbət gedirsə, iş adamlarına bərabər imkanlar yaradılmalıdır, monopoliya, korrupsiya aradan qaldırılmalıdır. Bütövlükdə ölkədə azad seçki sistemi qurulmalıdır. Prezident, parlament, bələdiyyə seçkiləri, eləcə də hakimlərin, vəkillərin seçilməsi hakimiyyətin iradəsi ilə deyil, ədalətli, şəffaf seçim vasitəsilə həyata keçirilməlidir. Atılası addım çoxdur», - İ.Qəmbər deyir.

«Bu, situativ xarakter daşıyacaq»

R.Mirqədirov hakimiyyətin bəzi sahələrdə ciddi addım atacağını istisna etmir, məsələn, seçki, məhkəmə sistemində, xüsusən də vəkilliklə bağlı islahat xarakterli tədbir görülə biləcəyini güman edir:

İlham Əliyev ölkədə nəyi dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

«Azərbaycan uzun müddət beynəlxalq təşkilatların siyasi, hüquqi, iqtisadi sistemin demokratikləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı bütün təkliflərini rədd edib. İstisna etmirəm ki, daha bir qrup məhbus azadlığa buraxılsın. Ancaq mənim düşüncəmə görə, bu, situativ xarakter daşıyacaq. Səbəbini deyim. Mənim təəssüratıma görə, müxalifətdə olanların məqsədi sistemi dəyişmək deyil, sadəcə, hakimiyyəti dəyişməkdir, elə cəmiyyətin də yanaşması fərqlənmir. Bir tərəfdən də, hakimiyyətdə siyasi iradə, xoş məram da görmürəm».

«Azərbaycan Qərblə münasibətlər sistemi qurmaq istəyir»

O halda hakimiyyətin islahat görüntüsü yaratmaqda məqsədi nədir?

R.Mirqədirova görə, burda iki amil var. Siyasi şərhçi birinci amili əhalinin sosial durumu ilə bağlayır və adi bir misal çəkərək Azərbaycanda orta aylıq əməkhaqqının Ermənistandan və Gürcüstandan çox aşağı olduğunu qeyd edir. Buna görə də hakimiyyətin sosial yöndə addımlar atdığını düşünür.

İkinci amilə gəlincə, R.Mirqədirov bunun xarici amil olduğunu vurğulayır. O, Azərbaycanın uzun zamandır Qərbin yox, Rusiyanın strateji tərəfdaşına çevrildiyini, hakim elita üzvlərindən Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrasiya Birliyinə daxil olmaq, Avropa Şurasından çıxmaq haqda fikirlərin səsləndiyini də xatırladır. Siyasi şərhçi artıq bu cür fikirlərin dilə gətirilmədiyini, Qərblə bağlı tənqidlərin dayandığını bildirir: «Əksinə, 50 nəfər azadlığa buraxıldı. Bununla nümayiş etdirildi ki, Azərbaycan hakimiyyəti problemlərin sanksiyalar, qarşıdurma yolu ilə yox, dialoq çərçivəsində həllinə hazırdır. Bu, Azərbaycanın Qərb-Rusiya qarşıdurmasında bitərəf olmasının göstəricisidir. Görünür, Rusiya ilə bağlı ümidlər gerçəkləşməyib, Azərbaycan Qərblə münasibətlər sistemi qurmaq istəyir».

Bu günlərdə AzadlıqRadiosuna danışan, keçmiş məhbus, NİDA üzvü İlkin Rüstəmzadə hakimiyyəti islahatdan danışmağa vadar edən səbəblərin çox olduğunu söyləyib. O, cəmiyyətdən gələn təpkiləri xüsusi qeyd etsə də, regionda gedən proseslərin təsiri olduğunu da düşünür. İ.Rüstəmzadənin qənaətincə, hakimiyyət artıq son aylarda başa düşdü ki, Azərbaycanın uzunmüddətli perspektivi Qərbdədir: «Rusiya-Türkiyə-İran mürtəce ittifaqı əvvəlcə onun üçün bufer rolunu oynadı, Qərbin mütərəqqi tələblərindən qoruyan qalxan idi. Amma uzunmüddətli perspektivdə Azərbaycan dövlətinin də, hakimiyyətinin də maraqları Qərbdədir. Artıq son aylarda bunu dərk etdilər».

Azərbaycanın dövlət başçısı martın 1-də məhkəmə-hüquq islahatlarının vacibliyini, bu haqda müvafiq qurumlara göstəriş verildiyini bəyan etmişdi. İ.Əliyev əlavə məlumat verməmişdi. AzadlıqRadiosu Ədliyyə Nazirliyindən yalnız bunu öyrənə bilmişdi ki, Məhkəmə-Hüquq Şurası təkliflər üzərində işləyir. O ki qaldı digər təkliflərə, bayramla əlaqədar iş günü deyil və rəsmilərdən açıqlama almaq mümkün olmayıb.

XS
SM
MD
LG