Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:27

Taymazın Təbrizdən ayrılması


İran azərbaycanlısı yazıçı Təbrizli Məmmədrza.
İran azərbaycanlısı yazıçı Təbrizli Məmmədrza.

-

"Taymazın çox ‎sevdiyi musiqiyə qarşı rejimin sərgilədiyi qadağa və yasaqlar onda erkən yaşlarından etiraz ‎doğurmuş, onu aşağılanan, addımbaşı təhqir edilən Azərbaycan milli mədəniyyətinin ən qızğın ‎qoruyucularından birinə çevirmişdi".

"Kim olur-olsun, ‎nə işdə çalışır-çalışsın, hansı rejimdə, hansı dövlət quruluşunda yaşayır-yaşasın, fərqi yoxdur, ‎milləti kölə olan bir adamın özü də kölədir".

"İki sevgili bir-birinin gözlərinin içinə baxa-baxa aralanmağa çalışdılar, ancaq əlləri sanki ‎bir-birinə yapışmışdı, ayrıla bilmirdilər. Taymaz ayaqlarını sürüyüb qarış-qarış addım atdıqca ‎əlləri yavaş-yavaş Sevdanın dirsəyindən barmaqlarının ucuna sürüşdü".

Təbrizli Məmmədrza‎

AYRILIQ (hekayə)


O gecə şıdırğı yağış yağırdı. Günortadan dostları ilə görüşə gedən Taymaz evə dönəndə ‎çox gərgin idi. Saatlarca sürən götür-qoydan, müzakirə və dartışmalardan sonra elə bu gecə ‎Təbrizdən çıxmasına qərar vermişdilər... ‎

Hava qaralmazdan qabaq dostları onu maşınla evə gətirirdi. Taymazın ürəyinə qəribə bir ‎ağırlıq çökmüşdü. Düşünürdü ki, bəlkə bir də Təbrizə dönə bilmədi. Yarı yolda istədi ki, ‎evlərinə yeriyə-yeriyə getsin. Dostları ilə danışıb razılaşdı, maşından enib bir az "Saat ‎qabağında"1 durdu, yan-yörəyə diqqətlə göz gəzdirib baxdı, baxdı... sonra dərindən köks ‎ötürdü, işgəncə zamanı dırnaqları dartılıb çıxarılan, irinlədiyi üçün hələ də zoqquldayan yaralı ‎ayağını çəkə-çəkə Ərk qalasına2 yaxınlaşdı, dolmuş gözlərini silib ürəyində qoca Ərklə ‎sağollaşdı.

Təbriz şəhərinin bələdiyyə binası.
Təbriz şəhərinin bələdiyyə binası.

Bir azdan Taymaz özünü toparladı, axsaya-axsaya evlərinə yaxınlaşıb alaqapının orta ‎tayına vurulmuş dəmir qapı toxmağını yavaşca taqqıldatdı. Aylar uzunu qazamatda gördüyü ‎ağır işgəncələrdən qalan yaraları hələ də bərk sızıldayırdı. Ancaq özünü möhkəm tutur, ‎canındakı ağrıları anasına bildirmək istəmirdi. Qardaşı Atilla qapını açdı, evə keçdilər. Anası ‎da, qardaşları da səbirsizliklə onu gözləyirdi. Taymaz son qərarı bildirib üzünü anasına tutdu:‎

‎– Anacan, durum indidən aydındır, mənim məhkəməni udma şansım yoxdur. Ona görə ‎də, məhkəmədən qabaq Təbrizdən uzaqlaşmam daha yaxşı olar. Ancaq bir ona üzülürəm ki, ‎mən getsəm, ağırlıq sizə düşəcək, namərdlər sizi incidəcək, mən də ömür boyu bunun əzabını ‎çəkəcəyəm. ‎

‎– Dadaş, bizdən yana rahatsız olma, bir təhər yola verərik, təki sənə heç nə olmasın, – ‎deyə Atilla ona etiraz etdi, – heç bir əzab-zad da çəkmə, min işgəncə sən görmüsən, birini də ‎biz görsək, nə olacaq ki?! ‎

Taymaz fikirli və yorğun halda dedi: ‎

‎– Nəsə. Allah axırın xeyir eləsin. İndi durun hamınız bir az dincəlin, bütün günü gərginlik ‎içində olmusunuz. Elə mən də dincəlməliyəm, dan yeri ağarmamış Yaşarla Aytac gəlib məni ‎alacaqlar. ‎

Taymaz hamını yatmağa göndərdi, özü isə çıxıb eyvanda oturdu, verdikləri qərarı bir ‎daha dərindən düşündü. Yağışın şırıltısı bir az da güclənmişdi. Taymaz yağışa baxdı, “Nə təhər ‎də yağış yağır e-e.., bütün günü leysan töküb. Hər il bu çağda hər yan qar olardı, indi belə ‎yağış yağır. İnşallah ki, xeyirli olar. Hə, su aydınlıqdı, yağışın belə yağması da yolçuluğumuza ‎uğurlu olar”, – deyə öz-özünə pıçıldadı. Sonra durub içəri keçdi, pəncərənin taxçasında oturdu, ‎ancaq qərar tuta bilmədi, qalxıb bir az otaqda gəzişdi. Getdikcə həyəcanı ‎artır, gərginliyi çoxalırdı. Pəncərənin önündə durdu, gah qol saatına, gah da yağışa baxdı. ‎

Dözümsüz görünürdü. Özünü ələ alıb getdikcə artan həyəcanını sakitləşdirməyə çalışdı. ‎

Gecənin zil qaranlığı, yağışın şırıltısı, göyün qorxunc gurultusu, vaxtın getdikcə ‎yaxınlaşması Taymazda duymadığı duyğular oyadırdı. Bir yandan ayrılıq, o biri yandan ‎üzləşəcəyi bəlirsizlik, bilinməzlik... onu qayğılandırırdı. Dan yeri sökülmədən yola çıxmalı idilər. ‎Qarşıda onu gözləyən uzun, ağır yolçuluğun necə olacağını bilməməyi gərginliyini daha da ‎artırırdı. ‎

Təbriz şəhərində Ərk qalasının qalıqları.
Təbriz şəhərində Ərk qalasının qalıqları.

Yenidən otaqda var-gəl eləməyə, öz-özü ilə danışmağa başladı. Bir az qəhərli, tutqun ‎səslə: “Bu da son gecə! Sabahdan ayrılıq başlayır. Bu günə qədər heç Vətəndən, ailədən ‎ayrılıb uzaqlaşmadım, əsgərlikdən başqa. Onda da əsgər idim, ancaq heç olmasa, iki ayda bir ‎yol izinə gəlmək imkanı vardı... Görəsən, bir də bura qayıda biləcəyəmmi? Yoxsa Təbrizə ‎həsrət qalacağam? Tanrı o günü göstərməsin...” – deyə pıçıldadı. Özündən asılı olmayaraq ‎beynindən “Qalmağım daha yaxşı olmazmı?” sorusu keçdi. Ancaq tez də özünü ələ alıb, bir az ‎ucadan kəskin səslə özünə cavab verdi: ‎

‎– Yox, getməliyəm. Ən doğrusu da budur. ‎

‎ Sonra susdu. Evdə hamı yatmışdı, onun ucadan danışması onları oyada bilərdi. ‎Yavaşca içəri otağa keçib, mışıl-mışıl yatanlara göz gəzdirdi. Qardaşları ayılmamışdı, anası ‎isə... heç yatmamışdı, hələ oturub təsbeh çevirirdi. ‎

‎– Anacan, hələ yatmamısan ?‎

‎– Yox, a bala, mən necə yata bilərəm? İlan vuran yatar, mən yata bilmənəm. ‎Axşamdan bəri atan dikilib gözümün önünə. “Xəlq Müsəlman”* vaxtı onu itirdim, indi də ‎canımı qorxu alıb ki, səni itirirəm. O rəhmətlik iki saatlığa getmişdi, bir həftə sonra vay xəbəri ‎gəldi. Neçə gün sonra da atanın cəsədini "Münəccim körpüsünün"* altından tapdılar. Sayı dəqiq ‎bilinmədi, ancaq elə təkcə bu körpünün altında onlarla türkü öldürüb, bir yerdə basdırmışdılar. ‎Başqa yerdə də öldürülənlər vardı. Özü də, onda, Allah bilir, nə qədər adamı öldürəndən sonra ‎neylon torbalara doldurub, bir yerdə basdırardılar. O vaxt vur-tut on bir adam üçün qondarma ‎məhkəmə düzəldib asılma qərarı çıxartdılar, qalan insanları isə harda tuturdular, məhkəməsiz-‎zadsız güllələyirdilər. Atanız da onlardan biri idi və ölüsünü də təkcə əmilərin görmüşdü. Məni ‎ölüsünü görməyə də qoymadılar. Biz ancaq elə məmurların dediyi basdırılma yerini bilirik. Hər ‎yol qəbiristanlığa gedəndə məni fikir alır: görəsən, bu qəbir atanızın yatdığı yerdir, yoxsa başqa ‎bir adamın qəbridir? Hə, balam! Bu hökumət bizə yas tutmağa belə izin vermədi! Tanrı ‎o günləri kimsəyə göstərməsin! Qatillərin əlindən qurtarıb qaçanları da gecəyarısı evlərə girir, ‎yuxu içində yaxalayıb aparırdılar. Atanızın dostu Aydının evinə gecə məmurlar girəndə ailəsilə ‎sagollaşıb başqa yerə getmək istəyirmiş, yazığı 7 yaşlı oğlu Ataxanın gözü qabağında ‎öldürdülər. Məmurların evə vəhşiliklə girməsini, atasını güllələməsini gözlərilə görən yazıq ‎uşaq Ataxan dəli oldu. Gül kimi uşağıdı, günü-gündən saralıb-soldu, xəstələndi, ağlını itirdi, ‎küçələrə düşüb hər kəslə savaşdı, yoldan keçənə söyüş söydü... İndi də sən gedirsən, ay ‎balam, nə bilim, nə vaxt gələcəksən?

Taymaz yavaşca çiyinlərini çəkdi, cavab vermədi. Anası yenə astadan dilləndi:‎

‎– Allah bəlalarını versin, Azərbaycan vilayərində hər kimin evindən Azərbaycan musiqisi ‎eşidilsəydi, haman allahsız kommunist damğasıyla adamı qaralayırdılar. Rəhmətlik Aydın ‎bəyə bu üzdən kommunist adı vermişdilər. Aydının qiyafəsi indi də gözümün önündədi, o, ‎qısaboylu qaraşın bir kişiydi. Atanızın dediyinə görə, Aydın yol qırağında kitab satardı. Onun öz ‎alıcıları varmış. Aydın hər yanda satılan kitablardan qoyarmış göz qabağına, gizli basılmış ‎kitabları da ayrıca saxlayıb əl altından öz oxuyucularına satarmış. Çox dəyərli bir insandı, ‎oxumuş, xalqının dərdini başa düşən birisiydi. Daha qabaqlar Məhəmmədrza şahın qəzəbinə ‎uğrayıb yeddi il "Qacar qəsri zindanında"* yatmışdı. Sonra da... ‎

Özündən asılı olmayaraq anası ucadan hönkürdü, göz yaşları içində boğula-boğula “Nə ‎bilim, necə olacaq? Tanrı özü köməyimiz olsun!” – deyib Taymaza qısıldı. ‎

Taymaz qəhərlənsə də, özünü ələ aldı, bir az yavaşdan, ancaq arxayın və ötkəm bir ‎səslə anasını ovundurmağa çalışdı: ‎

‎– Möhkəm ol, ay ana! Getməkdən başqa yolum olmadığını bilirsən. Bir də, çox uzağa ‎getmirəm axı. İmkan olan kimi görüşəcəyik, ən azı söz verirəm, hər həftə məktub ‎yazacağam. ‎

Taymaz nə qədər yavaş danışmağa çalışsa da, səksəkəli halda pal-paltarlı yatmış ‎qardaşları ananın hönkürtüsünə ayılmışdılar, ortancıl qardaşı Atilla boğuq bir səslə “Dadaş, ‎vaxtdır?” – deyə soruşdu.‎

Taymazın “Hə, az qalır, indilərdə gələrlər” cavabından sonra qardaşları qalxıb ona ‎sarıldılar. Taymaz onlara ürək-dirək verməyə çalışdı: ‎

‎– Ürəyinizi sıxmayın, özünüzü qoruyun. Tez-tez məktub yazıb göndərəcəyəm. Anaya ‎yaxşı baxın, qoymayın darıxsın. Özünüz də darıxmayın. Gün olacaq, yenə birlikdə "Eynalıya"* ‎qalxıb "Kəklik bulağının"* suyunu içəcəyik. Yenə "Söyüdlükdə"* ananın süfrəsində oturacağıq. ‎Möhkəm olun, sınmayın. Heç kimin şirin vədinə, bir tikə yağlı çörəyinə aldanmayın. ‎

Qaraqaşlı, enlikürəkli, polad iradəli Taymaz gənc olsa da, evin böyük oğlu idi. Çox ‎sevdiyi musiqiyə qarşı rejimin sərgilədiyi qadağa və yasaqlar onda erkən yaşlarından etiraz ‎doğurmuş, onu aşağılanan, addımbaşı təhqir edilən Azərbaycan milli mədəniyyətinin ən qızğın ‎qoruyucularından birinə çevirmişdi. Atasının vəhşicəsinə öldürülməsi də onu az etgiləməmişdi. ‎Bütün bunlar istər-istəməz Taymazı milli-siyasi fəaliyyətə yönəltmişdi və bu yöndəki ilk addımı ‎da öz kiçik qardaşlarını ayıltmağa çalışması olmuşdu. İndi, ayrılıq anında yenə qardaşlarına öz ‎sözünü deməyə çalışdı:‎

‎– Bəzək-düzəkli ideoloji nağıllara da inanmayın. Bilin ki, indilik bizim üçün tək bircə ‎doğru yol var: o da Vətənimiz Azərbaycanın və millətimizin qurtuluş yoludur! Kim olur-olsun, ‎nə işdə çalışır-çalışsın, hansı rejimdə, hansı dövlət quruluşunda yaşayır-yaşasın, fərqi yoxdur, ‎milləti kölə olan bir adamın özü də kölədir. Öz köləliyini anlamayıb yadlara nökərçilik eləyənlər ‎də manqurtdan başqa bir kimsə deyillər. Yaxamızı şovinizmin qanlı əllərindən ‎qurtarmalıyıq. Ancaq təbii ki, yolumuz çox uzundur, enişli-yoxuşlu, çənli-dumanlı, boranlı-qarlı ‎yoldur. Hər halda, atalar demişkən, bir gül ilə yaz olmaz, yorulmadan çalışmalı, millətimizin ‎mənliyini özünə qaytarıb bir yumruq olmalıyıq, zəfər də, qurtuluş da o birlikdədir.

Sonra Taymaz türkiyəli şair Əhməd Kutsinin bir şeirini xatırladı və çox sevdiyi, tez-tez ‎təkrarladığı bir şeiri ağır-ağır deməyə başladı:‎

Orda bir köy var, uzakta,
O köy bizim köyümüzdür.
Gezmesek de, tozmasak da
O köy bizim köyümüzdür.

Orda bir ev var, uzakta,
O ev bizim evimizdir.
Yatmasak da, kalkmasak da
O ev bizim evimizdir.

Orda bir ses var, uzakta,
O ses bizim sesimizdir.
Duymasak da, tınmasak da
O ses bizim sesimizdir.

Orda bir dağ var, uzakta,
O dağ bizim dağımızdır.
İnmesek de, çıkmasak da
O dağ bizim dağımızdır.

Orda bir yol var, uzakta,
O yol bizim yolumuzdur.
Dönmesek de, varmasak da
O yol bizim yolumuzdur.

Taymaz son misranı təkrarlayıb sözünə davam etdi:‎

‎– O yol bizim yolumuzdur! Yalnız ruhdan düşməməli, bütün çətinliklərə sinə gərməliyik. ‎Atalar demişkən, “Su gələn arxa bir də gələr”. Unutmayın ki, "29 Bəhməni"*, "21 Azəri"*, "28 ‎Mayı"* yaradan bizim xalqımızdır. Hər xalq yüz ildə dörd dəfə inqilab edə bilməz, bunu bizim ‎xalq edib. Yaman günün ömrü az olar, çox çəkməz ki, xalqımız yenidən ayağa qalxar...‎

Təbriz şəhərindən bir mənzərə.
Təbriz şəhərindən bir mənzərə.

Alaqapının yavaşdan çalınması Taymazın sözünü kəsdi. Hamı səssiz-səmirsiz dayanıb ‎bir-birinin üzünə baxdı. Atilla cəld işıqları söndürdü, bir az həyəcanlı halda qapını açmağa getdi ‎‎(Onun öz adı Atılla deyildi. “İran İslam Cümhuriyyəti”nin 5-ci Məclis seçkilərində Təbrizdəki ‎hadisələr vaxtı göstərdiyi qoçaqlığa görə dostları ona Atilla adı qoymuşdu). Atılla da qardaşı ‎Taymaz kimi iriyarı – canlı-cüssəli, enlikürəkli, qorxmaz bir gənc idi. Ancaq o, Taymaz kimi ‎qaraqaş, qaragöz deyildi. Taymaz atasına çəkmişdi, Atılla isə anası kimi mavigözlü idi və ‎gözləri bəzən yaşıla, bəzən də maviyə çalırdı. Çox çəkici görünüşü vardı və uzun saçları da ‎ona yaxşı yaraşırdı. Təbrizlilər demişkən, Atilla "qızqaytaran"* bir oğlandı. ‎

Az sonra Atılla qayıtdı, həmişəki adi səsi ilə bildirdi:‎

‎– Dadaş, Yaşarla Aytacdır. Həmən çıxmalıyıq. Allahdan, yağış hələ də yağır. Güman ki, ‎yağışa görə bir çox yerdə yoxlama olmasın.‎

Taymaz etiraza yol verməyəcək bir kəsinliklə dedi:‎

‎– Yox, Atilla, sən evdə qalıb anama, uşaqlara ürək-dirək olmalısan. Yaşarla Aytac məni ‎Urmuya qədər götürəcəklər. Siz mənə görə rahatsız olmayın. Yaşar da, Aytac da sayılıb-‎seçilən igid oğullardır. Ana, onların elə incəliyinə, arıqlığına baxmayın, ikisi də çox cəsarətli ‎uşaqlardı. Hərdən Aytac zarafatla özü haqqında deyir ki, mənim belə arıqlığıma baxmayın. ‎Mən tarlada bitən incə buğda sünbülünə bənzərəm, güclü küləklər yekə-yekə ağacları sındırıb ‎kökündən çıxardar, ancaq o küləklər necə əsir əssin, məni sındıra bilməz. Bu rejim də ‎məni tutub döyər, işgəncə edər, ancaq sındıra bilməz! Bax, ana, çoxları deyir ki, Yaşar öz ‎atasına çəkib. Atası milli şəhidlərimizdən biriydi, Ərdəbil səngərində şovinizmə qarşı ‎döyüşmüşdü. Yaşar da atası kimi fədayidir, ölər, geri durmaz. Aytac da onun kimi. Arxayın ‎olun, onlar məni sağ-salamat yola salacaqlar.

Taymaz Yaşardan, Aytacdan danışmaqla anasıgili bir az sakitləşdirmək istəyirdi, ‎ancaq uzun-uzadı danışmağa imkan yox idi, artıq yola düşmə zamanı gəlib çatmışdı.‎

Evdə hər kəslə bir-bir qucaqlaşdı, sonra arxayın addımlarla qapıya sarı yollandı. Evin hər ‎yanına göz gəzdirirdi, baxışları ilə dam-divarla, qapı-pəncərə, ev-eşiyə hopmuş xatirələri ilə ‎sağollaşırdı. Anası yanıqlı bir səslə “Taymaz!” – deyə səsləndi, ancaq hönkürtü, gözyaşları ‎danışmasına aman vermədi. Taymaz özünü tox tutmağa çalışsa da, ayaqları yerdən ‎qopmurdı, sanki yerə yapışmışdı. O, qapıdan çıxarkən bir daha dönüb anasına baxdı. Özünü ‎saxlaya bilmədi, yenidən qayıdıb anasını qucaqladı, gözyaşlarını gizlətmək üçün üzünü ‎anasının çiyinlərinə sürtdü. Anası dodaqları titrəyə-titrəyə nəsə demək istəsə də, dili söz ‎tutmadı, yalnız hıçqırıqları, ayrı-ayrı boğuq, xırıltılı səsləri eşidildi. ‎

Taymaz bir anlıq zəifliyindən utanan kimi olub tez özünü ələ aldı, yenidən ötkəm səslə ‎‎“Salamat qalın!” – deyərək qapıdan çıxdı. Arxasınca anasının səpdiyi suyun səsini eşidəndə ‎sanki birdən-birə arxayınlaşdı, düşündü ki, yolu açıq-aydın, uğurlu olacaq.

O, maşına oturanda yenə saatına baxdı. Elə bil, zaman ayaq açıb qaçırdı. Hələ sevgilisi ‎Sevda ilə də sağollaşmalı, sonra da hava işıqlanmamış Təbrizdən çıxmalı idi. ‎

Axşamdan öz bacısıgilə gedən Sevda səhəri dirigözlü aça-aça oturub onun yolunu ‎gözləyirdi. Maşın dar bir küçənin ağzında dayandı. Yaşar motoru söndürdü, hökmlü bir səslə ‎dedi:

‎– Taymaz, vaxtımız çox azdır, lütfən, tez gəl. ‎

Taymaz “Baş üstə!” – deyə cəld maşından çıxıb Sevda ilə görüşə tələsdi. Maşın səsini ‎eşitmiş Sevda pərdənin arxasından baxıb Taymazı tanıdı, bir göz qırpımında evin ikinci ‎qatından enib özünü qapıya çatdırdı. İki sevgili qapı ağzındaca bir-birinə sarıldılar, ancaq çox ‎keçmədən özlərini ələ aldılar. Güclü, qoçaq bir adam olan Sevda bilirdi ki, vaxt çox dardır, ona ‎görə də, üzünü Taymazın sinəsinə qoyub yavaşdan, ancaq tələsik bir səslə dedi:‎

‎–Taymaz, Urmuya çatan kimi zəng elə! Ayrılığın ağırlığı bir yana, həm də ürəyimdə ‎umud var, inanıram ki, sağ-salamat Türkiyəyə çatacaqsan, oradan o yanası da lap rahat ‎olacaq. Ancaq Təbrizdən sağ-salamat çıxa bilməniz məni qayğılandırır. Elxan az öncə gəldi, ‎dediyinə görə, hər yanda yoxlama var. "Qurd meydanında"*, daha sonra "Təpəli bağ"* ağzında ‎arabalarını dayandırıb yoxlayıblar, bir neçə saat yağış altında saxladıqdan sonra buraxıblar. ‎Elxangillə birlikdə gələn musiqiçiləri döyə-döyə maşına basıb aparıblar, dediyinə görə, ‎tarçalanın tarını yazığın öz başına çırpıb sındırıblar, qarmonla nağaranı da yolun ortasına atıb ‎ayaqlayırmışlar.

Elxan Sevdanın bacısı Solmazın həyat yoldaşı idi. Yeni evlənmişdilər, hələ uşaqları ‎yoxudu. Üç il öncə gizli keçirilən Türk dil öyrənmə yığıncaqlarında görüşüb tanış olmuş, iki il ‎sonra da evlənmişdilər. Taymaz Sevdanı sakitləşdirməyə çalışdı:‎

‎ – Canım-gözüm, sən məndən yana nigaran qalma, üzülmə. Bilirəm, hər yanda ‎yoxlama var, haqlısan, bu gün 21 Azər günü olduğundan çox yerdə yoxlama var. Ancaq sən ‎qorxma, canını sıxma, Yaşar şəhərin bütün yol-yolağını yaxşı tanıyır. Üstəlik, bizə gələndə də ‎şəhəri dolaşıb hər yeri gözdən keçirib, harada nə olduğunu bilir, rahatca gedəcəyik. Urmuya ‎yetişdikdə də zəng edəcəyəm. Özünə yaxşı bax, aradabir get anamı da yoxla. Haydı canım, ‎getməliyəm, salamat qal, gözlə məni. İlk fürsətdə çalışacağam, yenidən bir-birimizə qovuşaq. ‎Mənim xəbərimi gözlə. Artıq getməliyəm, sağ ol.‎

İki sevgili bir-birinin gözlərinin içinə baxa-baxa aralanmağa çalışdılar, ancaq əlləri sanki ‎bir-birinə yapışmışdı, ayrıla bilmirdilər. Taymaz ayaqlarını sürüyüb qarış-qarış addım atdıqca ‎əlləri yavaş-yavaş Sevdanın dirsəyindən barmaqlarının ucuna sürüşdü. Barmaqlarının bir-‎birindən üzüldüyü yerdə onlar ayrıldılar. ‎

Sevda Taymazın arxasınca küçənin ağzınadək gəlib maşın gözdən itənə qədər küçənin ‎ağzında durdu, sonra evə qayıdanda gördü ki, bacısı pəncərədən onları izləyirmiş, bacısına ‎sarılıb uzun-uzadı ağladı, bir az içini boşaltdı. Solmazla Sevda bir-birinə çox bənzəyirdilər. Hər ‎ikisi ucaboylu, sarısaclı, mavigözlü olub öz gözəllikləri ilə seçilirdi...‎


Taymaz çox dəyərli və həm də çox sayıqlıq tələb edən bir gündə – 21 Azər günündə ‎yola çıxırdı. O tay Azərbaycanın 1945-ci ildəki bir illik bağımsızlığının ildönümü olan 21 Azər ‎günü milli fəallar Azərbaycanın bir çox bölgələrində gizlicə musiqili şənlik gecələri, şeir ‎axşamları, siyasi toplantılar düzənləyər, öncülləri, şəhidləri anar, onların unudulmamasına, xalq ‎içərisində xatirələrinin əziz tutulmasına çalışardılar. Ona görə də, Azərbaycanın hər yerində ‎rejimin ciddi və sərt yoxlaması olardı. Çünki rejim İslam örtüyü altında Pəhləvilərin illər ‎boyu yürütdüyü anti-türk siyasəti eynilə davam etdirməkdə idi. 1946-ci ilin 21 Azər günü İran Pəhləvi hakimiyyəti İngiltərə və Rusiyanın yardımına arxalanıb Azərbaycan Milli Hökumətini ‎devirdi, Azərbaycanı qana boyadı. Taymaz oxuduğu gizli yazılardan birindəki bir ‎məqamı da xatırladı: 21 Azər və ondan sonrakı günlərdə Azərbaycanın otuz minə yaxın insanı ‎şəhid olmuşdu. Bu şəhidləri anmaq, onların adını çəkmək yasaqdı, ancaq şovinizm cəza dəstəsindən olan adını ‎bilmədikləri bir əsgərin cəsədini Təbrizin gözü olan Ərk qalasının girişində, Bala bağda ‎‎“Adsız əsgər” (Sərbaze qomnam) adı ilə basdırmış və bu əsgərin qəbrini Azərbaycan ‎insanları üçün rəsmi ziyarətgaha çevirmişdi... ‎
‎___________________________________________
‎1. Saat qabağı - Təbrizin meydanlarından biridir. Orda Təbriz bələdiyyə binası yerləşir.‎ Binanın üstündə böyük saat olduğu üçün meydan belə adlandırılır.

2. Ərk qalası - Təbriz şəhərinin məşhur qalasıdır.

(Hekayəni ərəb əlifbasından latın əlifbasına çevirən və redaktoru Pərvan Məmmədlidir)

XS
SM
MD
LG