Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Azərbaycan özündən balaca qonşularından nələri öyrənməli?


Abşeronda mebel fabrikinin açılışı.
Abşeronda mebel fabrikinin açılışı.

-

«BİZ BU GÜN GÜCLÜ DÖVLƏT QURURUQ»

«Yeni islahatlar iqtisadi modernləşdirməyə böyük təkan verəcək». Bu fikir «Azərbaycan» qəzetinin bugünkü sayından götürülüb. Qəzet ölkədə işlərin rəvan getdiyi qənaətini ifadə edir:

«Biz bu gün güclü dövlət qururuq. O dövlət ki, dünya miqyasında böyük hörmətə malikdir»- deyə İ.Əliyevin siyasətinə isnad edən qəzet ölkədə hər hansı problem yaşanmadığını bildirir.

«SAHİBKARA İMKAN VERMİRLƏR Kİ...»

«Sahibkara imkan vermirlər ki, gətirdiyi malı devalvasiyaya uyğunlaşdırıb qiymət qoysun» - deyə «Azadlıq» qəzetinə açıqlama verən ekspert Samir Əliyev deyir. O, ölkəyə idxalın azalmasına aydınlıq gətirir. Onun fikrincə, bu ilin yanvar ayında idxalın 65-70 faiz azalmasının səbəblərindən biri bu inzibati təzyiqlərdir:

«Hakimiyyət idxalın qarşısını inzibati yolla almaqla ölkədən valyuta axının və manatın enməsinin qarşısını almaq istəyir».

Amma S.Əliyev eyni zamanda vurğulayır ki, bu inzibati metod uzun müddət davam edə bilməz:

Samir Əliyev
Samir Əliyev

«Sahibkarların gətirdikləri malların qiymətlərinin inzibati yolla tənzimlənməsi, malın dəyərindən aşağı qiymətə satılması onların ölkəyə mal gətirmək maraqlarını sıradan çıxaracaq. Bir tərəfdən alıcılıq qabiliyyəti aşağı düşür, digər tərəfdən sahibkar malı istədiyi dəyərdə sata bilmir. Əksər iş adamları da gözləmə mövqeyindədir» - deyə S.Əliyev ölkədə iş adamlarının vəziyyətinə toxundur.

MOLDOVA İLƏ AZƏRBAYCANIN İBRƏTAMİZ MÜQAYİSƏSİ...

«Qazanclı bazarlara neftdən başqa heç nə satmırıq». Bunu ekspert Rövşən Ağayev «Bizim Yol» qəzetinə açıqlamasında deyib. İqtisadçı ixrac sahəsindəki duruma toxunur:

«Ən böyük problem odur ki, biz inkişaf etmiş bazarlara gedə bilmirik». O, Gürcüstanın Avropa bazarlarına 650 milyon dollardan çox məhsul ixrac etdiyini bildirir. İqtisadçı qeyd edir ki, Azərbaycandan 3 dəfə kiçik olan Moldova 10 dəfədən çox kənd təsərrüfatı məhsulu istehsal edir.

Əli İnsanov
Əli İnsanov

R.Ağayev bu vəziyyətdən çıxış yolu kimi torpaqların özəlləşdirilməsini, fermer təsərrüfatlarının inkişafına yardım edilməsini və istehsalın stimullaşdırılmasını tövsiyə edir.

ƏLİ İNSANOV MÜXALİFƏTİN LİDERİ OLA BİLƏR?

«Yeni Müsavat» qəzeti həbsdən çıxmasına cəmi 8 ay qalan keçmiş səhiyyə naziri Əli İnsanov ətrafında təhlillər aparmağa çalışıb. Qəzetin iddiasına görə, keçmiş nazir müxalifət qüvvələrinin liderinə dönə bilər: «Əli İnsanov- müxalifətin vahid lideri –Niyə də yox» məqaləsini qəzet bu mövzuya həsr edib:

« Hakimiyyətlə parlamentdəki yerlərin qismən bölgüsü mümkün olmadı. Məhz bu səbəbdən müxalifət hazırda böhran yaşayır. Buna görə də müxalifətin elektoratı bütünlükdə virtual məkana transfer edilib» - deyə qəzet bildirir.

Bu qəzetin yazdığına görə, 2013-cü ildə Rüstəm İbrahimbəyov namizədliyi uğur qazanmadığı üçün hazırda ümid yeri kimi Əli İnsanova baxılır. Bununla qəzet əslində ölkə müxalifətinin «lidersizlik» sindromu yaşadığını nəzərə çatdırmaq istəyir.

UŞAQ TELEKANALININ YARADILMASI TƏXİRƏ SALINIR

«İxtisaslı televiziya kadrlarının olmaması üzündən uşaq telekanalının yaradılması təxirə salınır» - deyə «Exo» qəzeti maraqlı uşaq probleminə toxunur:

Teleqüllə
Teleqüllə

«Bu gün televiziyalar ancaq daha çox reklama fokuslanıb. Böyük pullardan söhbət gedəndə televiziyalar öz izləyicilərinin maraqlarını unudurlar» - deyə jurnalist Altay Zahidov həmin məqalədə bildirir. A.Zahidovun fikrincə, bu məsələdə daha bir problem yüksəkixtisaslı mütəxəssislərin olmamasıdır:
«Uşaq auditoriyası üçün jurnalist seçimi daha mürəkkəb olacaq. Çünki onlar ekran arxasından öz kiçik izləyiciləri ilə ümumi dil tapmalıdırlar» - deyə A.Zahidov qeyd edir. Jurnalist bu məsələdə xarici ölkələrin təcrübəsini öyrənməyi lazım bilir.

«AZƏRBAYCAN MÜRƏKKƏB DURUMDADIR»

Bunu isə «Novaye Vremya» qəzeti yazır. Qəzetdə yer alan aparıcı fikrə görə, Türkiyənin Suriya məsələsində daha dərinlərə getməsi bu durum mürəkkəbləşdirir: «Türkiyənin Suriyada hərbi əməliyyatları birbaşa Vaşinqtondan asılıdır. İndi Azərbaycan da sadə vəziyyətdə deyil və seçim etməlidir» - deyə qəzet qütb seçməyin zamanın gəldiyini diqqətə çatdırır.

XS
SM
MD
LG