Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Bu qədər kadr «brak» çıxırsa…


İlham Əliyev və Eldar Mahmudov
İlham Əliyev və Eldar Mahmudov

-

20 oktyabrda ölkənin aparıcı qəzetlərinin və saytlarının əsas mövzusu Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşının həbsi, nazir Eldar Mahmudovun vəzifəsindən çıxarılmasıdır.

MTN İŞİNDƏ ƏLİYEVİN MƏSULİYYƏTİ

«Azadlıq» qəzeti eyni sərlövhəli yazıda bildirir ki, bu qədər kadr «brak» çıxırsa, deməli, hökumət yerində deyil: «Əvvəla məlum olur ki, hakimiyyət komandasında heç kimin təmiz olmadığını hakimiyyət özü etiraf edir. Bəli, ölkə başçısı səviyyəsində etiraf olunur ki, bütün kadrlarımız korrupsioner, yarıtmaz, yararsızdır. Ölkənin ən strateji postlarını tutmuş, uzun illər dövlətin sütunlarına «qarovul» çəkmiş adamlar «brak» çıxır. Deməli, bu hakimiyyətin komandası haqqında yazılanlar, deyilənlər həqiqətdir. Deməli, YAP hakimiyyəti ən strateji postlara ən yararsız adamları yerləşdirib».

Qəzet yazır ki, baş verənlərin birbaşa məsuliyyətini ölkə başçısı daşıyır: «Çünki bu adamları vəzifəyə təyin edən, onları «Şərəf»ləndirən, «Şöhrət»ləndirən, bu adamların fəaliyyətinə uzun illər «əla» deyən məhz ölkə başçısı olub. Bəli, İlham Əliyev geniş müşavirələr keçirib, bu adamlara «ölkəni düzəldin» tapşırığı verir. Bir müddətdən sonra isə həmin adamlar haqqında «ölkəni dağıdırlar» təqdimatı verir».

MTN-DƏN MƏXFİ MƏLUMATLAR OĞURLANIB

«Yeni Müsavat» qəzeti yazır ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılması ilə «ölkədə və hakimiyyətdə nə baş verir» sualı ətrafında müəmma hər keçən gün daha da artır: «Sabiq nazirə qarşı hakimiyyətyönümlü deputatların şok ittihamları dövriyyəyə girib ki, bu daMTN strukturunda həbslərə hazırlıq kimi dəyərləndirilir. Artıqsabiq nazirə və onun komandasına qarşı «cinayət ittihamları» da dövriyyəyə buraxılıb.

MTN
MTN

Sabiq nazir və komandası «dövlət təhlükəsizliyini zərbə altında qoymaqdan» tutmuş, «quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr» kimi ağır ittihamlara tuş gəlib. Bu cinayətdə ittiham edilənlərin adını məlum sərəncamadək ictimai yerlərdə çəkmək belə riskli idi: «Eldar Mahmudov başda olmaqla, nazirliyin bir qrup yüksəkrütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla, Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

MTN-in Mərkəzi Aparatının rəhbəri Fərhad Vahabovun daev dustağı edilməsi yayılan xəbərlər sırasındadır».

«Yeni Müsavat» yazır ki, Baş Prokurorluğun istintaq qrupu MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb: «Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar. «Turan» agentliyi xəbər verib ki, oktyabrın 17-də nazirliyə baş girişin darvazası tam acıq olub və burada digər dövlət qurumlarının avtomobilləri növbə çəkib. «Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim qapıda növbə çəkirdilər. Bütün bunlar içəridə yoxlama aparılması və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı» - deyə, məlumatda bildirilir».

İsmayıllı kərpic zavodu.
İsmayıllı kərpic zavodu.

DAĞLAR QOYNUNDA «SƏNAYE MƏRKƏZİ»

«Azərbaycan» qəzetində dərc edilən «Dağlar qoynunda «Sənaye mərkəzi»» adlı yazıda İsmayıllı rayonunun iqtisadi uğurlarından bəhs olunur: «Yaxın vaxtlarda rayonda «Sənaye mərkəzi» yaratmaq planı da var. Hazırda bu istiqamətdə imkanlar nəzərdən keçirilir, sahibkarlar, iş adamları ilə müvafiq müzakirələr aparılır. Mərkəzin Velosiped zavodunun yaxınlığında - dövlət mülkiyyətində olan sahədə yaradılması nəzərdə tutulur. Təşəbbüsün dəstəklənməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilmiş, 5 hektar ərazinin sxemi və infrastrukturun mövcudluğu, həmçinin burada yaradılması nəzərdə tutulan obyektlər barədə ilkin məlumatlar nazirliyə təqdim olunmuşdur.

Rayonun aqrar sektorunda da uğurlar az deyil. Birinci yarımillikdə ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 521 min manat artmışdır. Bu mövsüm rayonun tarixində rekord səviyyədə - 102 min ton taxıl istehsal olunmuş, dəmyə şəraitdə hər hektardan 36.7 sentner məhsul götürülmüşdür».

XS
SM
MD
LG