Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:11

Şəmkirçaya həsrət qalan şəmkirlilər


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Seyfəlidəki çaydan bizim kəndə su gəlirdi. Türklər gəldi, orda tikinti apardı, çayın kəndlərimizə tərəf axınının qarşısını kəsdilər. Gəncəyə, Samuxa kanal çəkdilər. O gün, bu gün susuz qalmışıq».

Şəmkirin Təzəkənd kəndinin sakinləri susuzluqdan dad döyürlər. Onlar 1 ildir ki, kəndə gələn suvarma suyunun qarşısının alındığını, içməli suyunsa əzəldən qəhətə çıxdığını deyirlər.

«BİRCƏ KƏLƏM DƏ GÖTÜRƏ BİLMƏDİM»

Kənd sakini Fuad Salmanov ailəsini əkinçiliklə dolandırır. Uzun illərdir ki, həyətində kələm əkir, bazara çəkib pula çevirir. Ancaq deməsinə görə, son 1 ildə bunu edə bilmir:

«Suvarma suyunun qarşısı kəsildiyindən göyərti, tərəvəz sahələrimiz də məhv olub. Şəxsən mən yarım hektar kələm əkmişdim, o boyda sahədən bircə kələm də götürə bilmədim».

Kəndlilər deyirlər, suya limit qoyulub. Olmayan suya…

Baba Həsənli: «Limit qoyublar, limitə düşən suyun pulunu da ay başa çatmamış qapı-qapı düşüb yığırlar. Ancaq su özü yoxdur. Danışırıq, deyirlər, «maaşımız sizdən yığdığımız pulla ödənilir». Deməli, qapı-qapı düşüb olmayan suya görə pul yığırlar, həmin pulu da ciblərinə qoyurlar ki, maaşımızdır. Şəxsən mən heç kəsdən xahiş etmirəm ki, qapıma vermədikləri suyun pulunu maaş kimi almağa gəlsinlər».

HƏR AY 10 MANAT SUPULU

Baba Həsənlinin sözlərinə görə, hər ay o və kənddə yaşayan azı 150 ailə 10 manatdan su pulu ödəyir:

«Göyərtinin dəstəsini 6 qəpiyə satırıq. Nə əkməyinə, nə qulluq etməyinə dəyir. Ancaq olmayan suya görə 10 manat ödəyirik. Deməyim odur ki, birtəhər başımızı dolandırırıq. Gedib hökumətlə qarın davası aparmırıq. Heç olmasa, hökumət də bizi dinc buraxsın. Elə bil pusquda dayanıblar, haradan bir qarın çörək çıxarırıqsa, tez qarşıya bir sədd çəkirlər. Suvarma suyumuzu kəsməklə ailələr əkinçilikdən məhrum olublar. Sahələr yanır, kənddə aclıq, səfalət baş alıb gedir».

Kənd sakinlərinin iddiasına görə, kəndə suvarma suyu Şəmkirçaydan gəlirmiş. Ancaq ötən il bir layihə onları Şəmkirçayın suyuna həsrət qoyub.

İltimas Şəfiyev: «Türklər gəlib Şəmkirçayın qarşısını bağladılar. Başqa rayonlara çaydan kanallar çəkdilər. Bir sözlə, indi Şəmkirçaydan Şəmkirin öz kəndlərindən başqa uzaq-yaxın hamı istifadə edə bilir. Bizi isə aldadırlar ki, motor çayın suyunu bizim kəndlərə tərəf vurmur».

ARTEZİAN QUYULARI QAZILSIN

Kəndlilər kənddə artezian quyularının qazılmasını istəyirlər. Ancaq demələrinə görə, yerli icra hakimiyyəti bu işi onların öz üzərinə yükləmək istəyir:

«Deyirlər, 22-25 min manata başa gəlir. Düzdür, bəzi kəndlərdə yığışıb bunu alıblar, su problemlərini öz güclərinə aradan qaldırıblar. Bizimsə buna imkanımız yoxdur».

Şəmkir rayon İcra Hakimiyyətindən bildiriblər ki, Təzəkənd sakinləri bir neçə dəfə quruma susuzluqdan şikayətləniblər. Ancaq kənddə ilboyu əsasən yayda susuzluq olur. Səbəb də havaların quraqlıq keçməsidir - arxların suyu quruyur. O ki qaldı, Şəmkirçayla bağlı iddialara, qurumdan bildirilib ki, ötən il Şəmkirçay su anbarı tikilib, anbara yığılan su əkin sahələrini suvarmaq üçün nəzərdə tutulub. Bunun üçün magistral kanallar da inşa olunub. Bu anbar Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının həm suvarma, həm də içməli su ilə təmin olunması üçündür. Texniki problemlər Təzəkənd sakinlərinə çaydan yararlanmağa imkan vermir.

İcra hakimiyyəti yaxın vaxtlarda kənddə bir artezian quyusunun qazılmasını planlaşdırır.

XS
SM
MD
LG