Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Bəhruz Hacıyevin dalağındakı beş nöqtə...


Elçin Behbudov
Elçin Behbudov

-

Avqustun 26-da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Mingəçevirdə olub. Hüquq müdafiəçisi avqustun 20-də Mingəçevir polis şöbəsində ölmüş Bəhruz Hacıyevin yaxınları, həm də yerli polis şöbəsinin rəhbərliyi ilə görüşüb.

Elçin Behbudov Mingəçevirdəki görüşləri haqqında AzadlıqRadiosuna məlumat verib:

- Dünən şəhərə çatan kimi Bəhruz Hacıyevin atası Dilsuz Hacıyevlə və əmiləri ilə görüşdüm. Onlara ilk sualım bu oldu ki, ikinci dəfə ekspertiza keçirilən zaman meyitin ayaqlarında, qollarında qançır, döyülmə, işgəncə əlamətləri vardımı? Dedilər ayaqlarında və qollarında qançır olmayıb. Ancaq onları şübhələndirən odur ki, sol tərəfdən dalağın üstündə beş nöqtə olub. Atası onu da dedi ki, oğlumun telefonu ilə saatı yoxa çıxıb. Sonra mən Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlovla görüşdüm. Rəis dedi ki, Bəhruz Hacıyevin telefonunu da, saatını da istintaq maddi sübut kimi götürüb. İstintaq başa çatan kimi həmin əşyalar ailəsinə qaytarılacaq.

– Bəhruz Hacıyevin yaxınları ona elektroşokla işgəncə verildiyini də deyirdilər...

- Mən elektroşok haqqında polis rəisindən soruşdum. Dedi ki, «almışıq, bizdə var. Prokurorluqdan da gəlib yoxlayıblar. Hamısı möhürlü, ağzı bağlıdır. Hələ ki, istifadə olunmayıb». Mən işlə bağlı həbs olunan baş leytenant Şahlar Şahlarzadə ilə də görüşmək istədim. O, Gəncədəki 2 saylı istintaq təcridxanasına köçürülüb. Ona prokurorluq tərəfindən ölüm dərəcəsinə çatdırma və səhlənkarlığa görə cinayət işi qaldırılıb. Bəhruzun özünü atdığı otaqda baxış da keçirdim. Kiçik otaqdır. Pəncərə də kiçik idi, bir tərəfə açılır. Onu pəncərədən itələsəydilər, Bəhruz divarın dibinə düşməliydi. Ancaq Bəhruzun meyiti divardan 6 metr aralıya düşüb. Mən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Qurban Səfərovla da görüşmək istədim. Ancaq o, Bakıya getdiyi üçün telefon əlaqəsi saxlaya bildim. Qurban Səfərov mənə dedi ki, doğrudan da əməliyyat işçisinin günahı var. Yəni, şəxs şöbəyə gətiriləndə hal şahidləri ilə onun üstünə baxış keçirilməliydi. Şübhəli şəxsi həm də otaqda tək qoymamalıydı. Bu da onun günahıdır. Polis rəisi Ələsgər Bədəlov isə dedi ki, bizdə çəkiliş də var. Bəhruz Hacıyev tam sakit şəkildə şöbəyə girir. Şöbəyə girəndən 6-7 dəqiqə sonra özünü aşağı atır. Rəis deyir ki, 2-3 dəqiqəyə 3-cü mərtəbəyə qalxmalıdır. Deyir, 3 dəqiqəyə ona işgəncə verilməsi inandırıcı deyil, mümkün olan şey deyil. Mən müstəntiqə dedim ki, valideynləri narahat edən dalağındakı beş nöqtədir. Qurban müəllim dedi ki, «Bakıdan ikinci dəfə çağırılan ekspertiza qarşısında yazılı qoyduğum suallardan birincisi budur -o beş nöqtə nədən əmələ gələ bilər və o nədir?». Deyir ki, hələ ekspertizanın rəyi hazır deyil. Rəy hazır olandan sonra o beş nöqtənin nə olduğunu deyə bilərik.

– Deyirsiniz polis rəisi sizə Bəhruz Hacıyevin şöbəyə gətirilməsi, 6-7 dəqiqə sonra isə özünü aşağı atması haqda videogörüntünün olduğunu deyib. Siz özünüz həmin görüntülərə baxdınız?

- Yox, iş çox olduğundan, başqa görüşlər də keçirdiyimdən baxa bilmədim. Ancaq belə başa düşürəm ki, istəsəydim, göstərəcəkdilər, baxmağa problem olmayacaqdı.

– Yəni özünüz istəmədiniz.

- Vaxtımın azlığından baxmağa imkan olmadı.

– Səfərinizdən aldığınız ilkin təəssüratlarınız necədir? Sizcə, Bəhruz Hacıyevə işgəncə verilib?

- Düzdür, mən meyiti görməmişəm, atası, əmiləri görüb. Özü də meyitə baxış onların yaşadıqları həyətdə keçirilib. Onlar da deyir ki, meyitin üzərində, qollarında, ayaqlarında qançır yox idi. Qançır da taxta parçası, rezin dəyənəklə döyüləndə əmələ gəlir. Ancaq məni də, ailə üzvlərini də şübhələndirən o dalağındakı beş nöqtədir. Ailə üzvləri deyir ki, bəlkə cərəyana veriblər.

– İşgəncələri araşdıran şəxs kimi fikirləriniz necədir, adətən bu cür nöqtələr nədən yaranır?

- Mən nəsə deyərəm, ancaq istintaq sirri də var. Ekspertiza da öz rəyini açıqlamalıdır. Görək ekspertiza nə qənaətə gələcək. Onsuz da cinayət işi qaldırılıb, araşdırma aparılır. Fakt odur ki, ortalıqda ölüm var. Ölümə, buraxdığı səhlənkarlığa görə əməliyyat müvəkkili həbs olunub. Düzü, döyülməyə inanmıram. 3-4 dəqiqəyə adam döyməzlər. O ki, qaldı nöqtələrə, onun nə olduğunu ekspertiza deyəcək. Ekspertizanın nəticələrini gözləyək.

XS
SM
MD
LG