Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Seymur Həzi: «İlham Əliyev tənqidi fikrə dözə bilmir»


Seymur Həzi
Seymur Həzi
Seymur Həzi: «İlham Əliyev tənqidi fikrə dözə bilmir»
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

-

«Necə həbs olunmağım mənim üçün xırda məsələdir. Hansısa formada həbsimi gözləyirdim. «Azərbaycan Saatı» TV proqramının redaktoru və aparıcısı idim, Azərbaycan hakimiyyətini tənqid edirdim».

Bunu «Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzi məhkəmədə deyib.

İyulun 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Nazim Mövsümovun sədrliyi ilə Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxıb.

SEYMUR HƏZİ MƏHKƏMƏ TƏRKİBİNƏ ETİRAZ EDİB

Seymur Həzi proses başlayan kimi məhkəmə tərkibinə etiraz edib və etirazını da onunla əsaslandırıb ki, bundan əvvəlki apellyasiya şikayətinə - həbs-qətimkan tədbirinin seçilməsindən verilən şikayətə də həmin məhkəmə tərkibində baxılıb və təmin olunmayıb. «Bu tərkib faktiki olaraq məni cinayətkar kimi tanıyır və bu tərkibin işi ədalətli aparacağına inanmıram» - deyə bildirib. Bu vəsatəti hakimlər baxılmamış saxlayıb.

Daha sonra vəkil Adil İsmayılov vəsatət qaldırıb, müdafiə etdiyi şəxsin dəmir barmaqlıqdan çıxarılıb onun yanında oturmasını istəyib.

Hakim bu vəsatəti təmin edib.

Vəkilin daha bir vəsatəti Seymur Həziyevin dalaşdığı iddia olunan Məhərrəm Həsənovun prosesə cəlb edilməsi və prosesin istintaqla aparılması barədə olub.

Hakim Məhərrəm Həsənovun prosesə cəlb edilməsi ilə bağlı vəsatəti təmin edib və bildirib ki, növbəti prosesdə Məhərrəm Həsənov dəvət olunacaq və o, dinlənildikdən sonra məhkəmə istintaqının aparılıb-aparılmayacağı barədə qərar veriləcək.

«HAKİMİYYƏTİN PROBLEMİ «AZƏRBAYCAN SAATI» İLƏ BAĞLIDIR»

Məhkəmədə çıxışı zamanı Seymur Həzi özünü bir daha günahkar saymadığını deyib və həbsini fəaliyyəti, xüsusilə də «Azərbaycan saatı»ndakı işi ilə bağlayıb:

«Qənimət Zahidin qohumlarına qarşı aparılan repressiyalar da göstərir ki, hakimiyyətin problemi «Azərbaycan saatı» ilə bağlıdır və mən də ona görə həbs olunmuşam. İlham Əliyev tənqidi fikrə dözə bilmir, onu tənqid edənlərlə amansız mübarizə aparır. Əvvəlcə məni, sonra Qənimət Zahidin qohumlarını həbs etdilər. Hətta Qənimət bəyin 87 yaşlı anasına hücum ediblər. Bütün bunlar əxlaqi mənəvi sərhədləri aşmış bir mübarizə formasıdır. Açığını deyim ki, məhkəmədən də heç bir ədalət gözləmirəm».

Məhkəmə sentyabrın 22-də davam etdiriləcək. Hakimlər arada fasilənin çox olmasını məzuniyyətə getməkləri ilə izah edib.

Seymur Həzi keçən il avqustun 29-da həbs olunub. Yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunur. Müdafiə tərəfi jurnalistin siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG