Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:20

İnsanlığa dərs olmadı?!


Günel Movlud
Günel Movlud

-

"...təkamül nəsil verməyən insan növü yaratdı"

Günel Mövlud

Və bunlar bizim ziyalılarımızdır

Amerikada eynicinsli nikahlara icazə verən qanunun qəbul olunması Azərbaycan cəmiyyətinə gözlərimi ikinci dəfə açdı.

Bu dəfə orta statistik, sıradan, sadə vətəndaşın deyil, Azərbaycan ziyalısının, yazıçısının, hüquqşünasının, siyasətçisinın vəziyyətinə...

Əlbəttə, ümumiləşdirmə aparmaq fikrindən uzağam. Təbii, bu məsələyə yerli mentalitetin perspektivdəki aqressiyasını, təzyiqləri, aşağılayıcı münasibəti nəzərə alıb müsbət fikir bildirməkdən çəkinən, bununla belə, insanların təməl haqlarına etiraz etməyən ziyalılar da var.

Amma icazənizlə, 9 milyonluq bir xalq üçün 9-dan çox məşhur yazıçının, onlarla jurnalistin, hüquqşünasın homofob bəyanatlar verməsi bir az çox olmadımı?

Amerikadakı yeni qanun həm də homofob ziyalılarımızın savadsılığını, bilgisizliyini üzə çıxardı. Bu qanuna etiraz edənlərin əsas arqumentlərinə baxaq: “Homoseksuallığın təbliğinə qarşıyam”, “homoseksuallığın yayılmasına qarşıyam”, “onlar seçimlərində azaddırlar, amma bunu təbliğ etməsinlər” və s.

Gəlin bir anlıq təsəvvür edək ki, kimsə deyir: mən qaradərililiyə (ağdərililiyə) qarşı deyiləm, amma bunu təbliğ etməsinlər.

Gəlin bir anlıq təsəvvür edək ki, kimsə deyir: mən agdərililiyin (qaradərililiyin, sarıdəriiyin) yayılmasına qarşıyam.

Gəlin təsəvvür edək ki, kimsə deyir: onlar qaradərili olmaq seçimlərində azaddırlar, amma bunu təbliğ etməsinlər. Absurddur, hə?

Bax, homoseksuallığın seçim olması, homoseksuallığın təbliğatı barədə iddialar da bu qədər absurddur. İnsan dərisinin rəngini, valideynini, doğulduğu yeri seçə bilmədiyi kimi, öz cinsini də seçə bilməz. O, təbiətən bu imkandan məhrumdur.

Bəşəriyyətin üz qarası olan irqçilik, nasizm, faşizm sizə dərs olmadımı?

Dünyada irqlər yaranışdan fərqli olduğu kimi, cinslər də yaranışdan fərqlidir.

Homoseksuallıq isə hansısa xəstəlik, seçim, şərtlər altında yaranmış, sonraddan düzəldilməsinə ehtiyac olan və ya belə bir imkana sahib qüsur, əksiklik deyil, bu, sadəcə cinsi variasiyadır. Bunu anlamaq bu qədərmi çətindir?

Bəşəriyyətin üz qarası olan irqçilik, nasizm, faşizm sizə dərs olmadımı? Əsrlər uzunu qadını “zəif cins”, “ikinci cins” adlandırmaq, qadın olduğuna görə yazmaqdan məhrum etmək, qadın olduğuna görə təhsildən məhrum etmək, qadın olduğuna görə elmi araşdırmalara yaxın buraxmamaq, qadın olduğuna görə hansısa mükafatlardan məhrum etmək insanlığa dərs olmadı?

İndi də cinsinə görə insanları nikah, valideynlik hüququndan məhrum edən qanunların tərəfini tutmaq, sizləri kimlərlə bir sıraya qoyur, fərqindəsinizmi?

Bunu sıradan insanlar edəndə düşünürsən ki, ona informasiya təqdim edəcəksən. Oxuyacaq, homoseksuallığın bir xəstəlik, seçim, anormallıq olmadığını anlayacaq və məsələ həll olunacaq.

Düşünürsən ki, burda məsələ bilgi, məlumat məsələsidir. Amma homofobiyanı bir cəmiyyətin ziyalıları nümayiş etdirirsə, o cəmiyyətin xilası çox, çox uzaqlardadır.

Bir daha deyək: İnsan öz dərisinin rəngini seçə bilmədiyi kimi, cinsini də seçmək iqtidarında deyil. Qaradərililiyi, ya da agdərililiyi təblig etmək mümkün olmadığı kimi, homoseksuallığı da təbliğ etmək mümkün deyil.

Əksini iddia edən adam ya bunu bilmir (adını savadsızlıq qoya bilərik), ya da bunu bildiyi halda, etiraf etmir və bu cinsi variasiyaya qarşı izah edə bilmədiyi bir antipatiya bəsləyir (homofob da deyə bilərik), ya da məqsədli şəkildə (şəraiti, reallıqları nəzərə alaraq, elektorat, tərəfkeş, auditoriya qazanmaq) homoseksuallığa qarşı çıxır (adını istədiyiniz cür qoya bilərsiniz - saxtakarlıq, riyakarlıq, əclaflıq).

P.S. Təkamül insan nəslinin nəzarətdən çıxan artımının qarşısını minilliklər uzunu təbii fəlakətlər, aclıq, müharibələrlə aldı. Amma təkamülün özü də durmadan inkişafda olduğu üçün (bəlkə də müasir insan təbii fəlakətlərə az da olsa, çarə tapdığı üçün) təkamül nəsil verməyən insan növü yaratdı.

Bu, insan nəslinin vaxtsız ölümlər, işgəncə, əzab olmadan hardasa stabilləşməsinə tapılan humanist çarədir. Bu o demık deyil ki, təsirə düşüb gələcəkdə hamı homseksual olacaq və insan nəsli bununla da tükənəcək.

Qadına baxıb bütün kişilər qadın, kişiyə baxıb bütün qadınlar kişi ola bilmədiyi kimi, homoseksuala baxıb bütün heteroseksualların da homoseksual olmaq kimi bir təhlükəsi yoxdur.

İndi düşünün ki, Azərbaycan ziyalısı deyir: bizə belə çarə lazım deyil. Onlara baxıb, uşaqlarımız homoseksual olacaq.

Çox absurd, savadsız, primitiv, bayağıdır, hə?

Və bunlar bizim ziyalılarımızdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG