Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:36

"Xalq kimi bağışlamayıb ki?!"


Günel Movlud
Günel Movlud

-

Günel Mövlud

Mirşahin Ağayevin daxili portreti

Mənim içimin şəkli hələ də səndədir? – Hans Kastorp kədərlə soruşdu.

Gərək, axtarım...- Madam Şoşa gülərək, dedi.

Mənsə səninkini, bax, burada saxlayıram, gecələr isə otağmda bir molbert var, onun yanına qoyuram və...- Hans Kastorp sözünü bitirə bilmədi. Çünki, qəfildən qarşısında Pepekorn peyda oldu... (Tomas Mann, “Sehirli dağ”)

Bu yazı deyil, etiraf məktubudur.

Mirşahin – uşaqlığıma bir “link” kimi

Mirşahin mənim uşaqlıq kumirimdir. Bunu çox açıq deyə bilirəm hər halda. uşaqlıq kumirin Van Damm olmaqdansa, efirdə siyasətdən danışan bir adamı kumir seçmək, min dəfə daha yaxşı göstəricidir.

Sergey Yesenin ovqatında bir hissim var ona qarşı, bütün günahlarını, çatışmazlıqlarını bildiyin halda nə nifrət edə bilirsən, nə kəsib ata bilirsən, nə də laqeyd qala bilirsən.

Belə hisslər ancaq uşaqlıq, yenyetməlik dostlarına, sevgilərinə, kumirlərinə qarşı olur. Nə bilim, uşaq vaxtı vurğunu olduğun hind filmləri kimi: böyüyürsən, ciddi heç nəyi olmadığını anlayırsan, bilirsən ki, aktyorları fonoqramla oxuyur, süjet bərbaddır, dialoqlar pafos doludur, kameranın qapsama dairəsindən o yana çirkab suları axır, amma qəlbinin bir küncündə, hardasa, heyranlıq qalır.

Əslində isə sən, ona deyil, öz uşaqlığının təmizliyinə, o illərin heyrətlənmə, heyran qalma bacarığına bağlısan, qalanları bəhanədi, uşaqlığa bir linkdi.

Eynən də, Mirşahin, nə zaman efirdə görsəm, yavaş-yavaş uzaqlaşmaqda olan uşaqlığmı, o illərin xaosunu, keçid dövrünün özəlliklərini yada salıram.

O, mənə kəndimizi, gecələr qonşuların bir evə yığışıb televizora baxmağını, cəbhə xəttindəki atışmanı, Cəbhə hakimiyyətini, çörək növbələrini xatırladır və ondan bir az da o illər çox az tapa bildiyimiz zavod çörəyinin iyi gəlir.

Yox, bu yox, H. Böllün qəhramanı demişkən, ağlınız bu çörəyə getməsin, mən o illərin çörəyini deyirəm...

Mən bilirəm, o, çoxlarımızın uşaqlıq kumiri olub. Gəlin, uşaq vaxtı hind filmlərinə heyran olduğumuzu gizlətməyək. Mən gizlətmirəm.

Dorian Qreyin portreti...

Günlərin birində əyalətdən şəhərə bir gənc gəlir. Ilahi, bu hiss mənə necə də tanışdır?!

Mənə dünyanın ən qatı cəlladını, ən qəddar qatilini, ən fırıldaq adamını, ən peşəkar fahişəsini, ən amansız diktatorunu göstərin, bilsəm ki, əyalətdən gəlib, söhbət bitmişdir, dostlar, mən hər şeyi başa düşürəm!

Mən bu hissi öz dərimdə, öz köynəyimdə elə amansız, elə faciəvi yaşamışam ki, hamıya bəraət qazandıra bilərəm.

Bir adamdan başqa. O adam ki, onun seçim imkanı olub.

Paytaxtın parıltısı insana bir şey diqtə edir səhərdən axşama qədər: nə edirsən et, amma məndən vaz keçsən, məni buraxıb, geri qayıtsan, sən uğursuz adamsan. Səni arxada boz həyat, maraqsız həyat, boş həyat gözləyir.

Çirklən, sat, satıl, amma geri dönmə! Nəyin bahasına olursa-olsun!

Kimi saxta yolla deputat seçilməli olur, kimi yaltaqlanıb, bir kürsü qazana bilir, kimi də ticarətin hansısa yolunu seçir, mənəvi, fiziki, ya da əqli ticarətin.

Bunlar o adamlardır ki, onların başqa heç nəyi yoxdur. O adamlardır ki, onlar istedad deyilən şeydən məhrumdurlar.

Mirşahinin isə kürəyini söykəyə biləcəyi, arxalanacağı istedadı vardı. İstetad, bu istedaddan əminlik ciddi məsələdir. Bu istedad sənə işini itirməkdən qorxmama lüksü verir.

Bu istedad sənə müdirini tərifləməmə lüksü verir. Bu istedad sənə maaş aldığın adamı tənqid edə bilmə lüksü verir. Kefin istəyəndə, qapını çırpıb, gedə bilmə lüksü verir.

Bu lüks üçün bəzi məhrumiyyətlər yaşamaq, ya da bunu gözə almaq yetərlidir. O yol çətin idi, mərhumiyyətlər, çətinliklərdən keçmək tələb edirdi, amma o yol var idi. Amma dövrümüzün Dorian Qreyi öz istedadını şeytana satmaq yolunu seçdi.

Oskar Uayldın qəhrəmanından bircə fərqlə: onun zahiri obrazı gözəl qalırdı, çirkinləşən qaranlıq otaqdakı portret idi. Mirşahin isə əksinə, özünün bizə görünən ictimai obrazını gündən-günə çirkinləşdirir.

Amma əminəm ki, onun qaranlıq otaqda gözəl və təmiz qalan bir obrazı var və həmin obrazı biz ancaq bu Mirşahinin sonunu gətirəcək siyasi dəyişiklikdən sonra görəcəyik... İfrat romantik oldusa, üzr istəyirəm. Bəlkə də, yoxdur. Çox güman ki, yoxdur.

Otuz altı dəfə qiyam..

Amma mən, nədənsə, həmişə inanmışam ki, onun içində Xeyirlə Şər, Qaranlıqla İşıq, Şöhrətpərəstliklə Təvazökarlıq, Asketlə Tamahkar ölüm-dirim savaşı aparır.

Amma Mirşahinin də çox sevdiyi Q.Q. Markesin polkovnik Aureliano Buendiası qaldırdığı otuz altı qiyamın hamısını uduzduğu kimi, onun da içində həmişə Xeyir, İşıq, Asketlik məğlub olur.

Onun isə polkovnik Buendia kimi, bütün məğlubiyyətlərdən sonra tapançanın soyuq lüləsini sinəsinə dayamağa, yumşaq desək, cəsarəti çatmır.

Əsrimizin Fuşesi...

Ən pisi odur ki, o, əmin və arxayındır. O, siyasi dəyişiklikdən sonra baş verə biləcək lüstrasiyadan qorxmur. Bu gün rejimə xidmətini o dəyişiklikdən sonra çox rahatca əsaslandıracaq.

Bu gün çəkib arxivləşdirdiklərini üzə çıxarıb, indi xidmət etdiklərini ifşa edəcək. Hakimiyyətə kim gəlir, gəlsin, ANS-in qara kahini həmişə at belində olacaq.

Xalq da onu çox rahatca, asanca bağışlayacaq. Düzünə, haqqına qalsa, xalq onu bağışlamalıdır da. Xalqın onu bağışlamamağa haqqı yoxdur. Xalq kimi bağışlamayıb ki?!

Bəlkə, özünün sahib olduğu bir tikə şüurlu sevgisini, siyasi sevgisini bağışladığı, amma onu qoyub qaçan Elçibəyi bağışlamadı? Bəlkə uğrunda inqilaba hazır olduğu, küçələrə axışdığı halda, meydana çıxmayan İsa Qəmbəri bağışlamadı?

Bəlkə zahid, sufi, dərviş, asket elan elədiyi, amma iki bahalı maşın naminə rejim xanəndəsinə çevrilən Alim Qasımovu bağışlamadı?

Bəlkə dəyər elan elədiyi, 1988-də meydanlarda icazəli peraşki paylayan Zeynəb Xanlarovanın 20 ildir susmağını bağışlamadı? Kimi bağışlamadı ki, xalq?

Onda, xalq zəhmət çəksin, Perimbeldən gəlib, özünü təsdiq etmək naminə şeytanla danışığa gedən əyalət gəncini də bağışlasın. Adları sadalananlardan fərqli olaraq, o xalqa ümid verməyib, sevgisini istismar etməyib, hissləri ilə oynamayıb...

P. S. O, təkcə bir şeyi nəzərə almır. O bu gün çəkir, saxlayır, arxivləşdirir. Hakim rejimlə də oynayır. ANS-in kameralarını hər yerə göndərir. Hazırladığı gələcək üçün süjetlərin, “tarix üçün basdırılan minaların” vaxt çatanda, partlayacağına arxalanır.

Amma o, bir şeyi nəzərə almır. Onun bugünkü fəaliyyəti də arxivləşdirilir. Lüstrasiya üçün yox. İfşa üçün yox. Tarix üçün.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG