Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:08

Hökumətyönlü agentliklər «anti-Azərbaycan kampaniyası»ndan yazır


John Kerry
John Kerry

-

Aprelin 28-də həm Trend, həm də APA informasiya agentlikləri eyni yazını dərc ediblər. Hər iki agentlik də təxminən eyni başlıqdan istifadə ediblər: «John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası». Yazıda «anti-Azərbaycan kampaniyası»ndan, kampaniyanın ABŞ Dövlət katibi John Kerry-nin Konqresdəki ofisindən idarə olunmasından və «Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsi»ndən danışılır.

APA yazı analitik qrupu adından təqdim edir, ancaq Trend-də yazının müəllifi göstərilmir və oradakı məlumatların hansı qaynaqdan alınması haqda heç nə deyilmir.

Bildirilir ki, ABŞ-da sözügedən kampaniyanın təşkili «National Endowment for Democracy» (NEd) təşkilatına həvalə edilib:

«Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda «5-ci kolon»un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı «tərəfdaş» QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.

Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, «Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir».

Məqalədə deyilir ki, planlardan biri də Konqresdə dinləmələr təşkil etmək, Azərbaycana qarşı sanksiyaların tətbiqi, Azərbaycan vətəndaşlarının səyahət imkanlarını məhdudlaşdırmaq, bank hesablarını dondurmaqdır.

Sözügedən məqalədə iddia edilir ki, Azərbaycanda bu işə Milli Şura dəstək verəcək.

İKİNCİ SƏNƏD DƏ VARMIŞ?

Məqalədə «İnsan hüquqları naminə idman» kampaniyası adlandırılan «ikinci sənəd»dən də danışılır:

«Həmin sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni «qara piar» layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda I Avropa Oyunlarının, parlament seçkilərinin, «Formula 1» yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir».

Yazıda sənədlə bağlı bu ilin yanvarında Varşavada görüşlər keçirildiyi iddia olunur:

«Görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda I Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib».

Guya ilkin layihəyə hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma kampaniyasının təşkili, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, idman obyektlərinin müasir standartlara cavab verməməsi, I Avropa Oyunlarına çəkilən xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə çatdırılması və s. tədbirlər daxil edilib.

Məqalədə «İnsan hüquqları naminə idman» kampaniyası layihəsinin martın 31-də təsdiqləndiyi və onun icrasına külli-miqdarda vəsait ayrıldığı qeyd olunur. Layihənin 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacağı bildirilir.

Kampaniyaya «International Media Support» (IMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondunun rəhbərlik edəcəkləri söylənir:

«Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və IMS həyata keçirirlər».

GÖRÜLƏSİ İŞLƏRİN PLANI

Həmin məqalədə «görülməli işlərin planı» da açıqlanıb:

- Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;

- Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;

- Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması;

- ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;

- İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;

- «Əl-Cəzirə», BBC və «Nordic Broadcasters» mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;

- Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;

- Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;

- İdmançıların bu kampaniyanın «xoşməramlı səfiri» olmağa cəlb edilməsi;

- Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;

- Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;

- Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması və s…

Yazının sonunda bu kampaniyaların bir çətir altında birləşdirildiyi və mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi vurğulanır:

«ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur».

REAKSİYALAR
Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə

MOK: «İDMANIN SİYASƏTLƏ ƏLAQƏSİ YOXDUR»

Artıq bu yazıya rəsmi reaksiyalar da verilməkdədir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Trend-ə deyib:

«İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır».

Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər:

«İdman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. İdmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır».

FƏZAİL AĞAMALI: «BUNLARIN HEÇ BİRİ ALINMAYACAQ»

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı John Kerry-nin «hər zaman antiazərbaycan mövqeyi sərgilədiyini, bu gün Azərbaycana qarşı aparılan kampaniyaların John Kerry-nin birbaşa fəaliyyətinin nəticəsi» olduğunu söyləyib:

Fəzail Ağamalı
Fəzail Ağamalı

«ABŞ dövlət katibi John Kerry-nin antiazərbaycan mövqeyi hələ 90-cı illərin əvvəllərindən məlumdur. O zaman Gorbachev-a məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri məhz John Kerry-dir».

Deputat hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət J.Kerry-nin əlində qalıbsa və siyasətini J.Kerry vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir:

«Çox təəssüf olsun ki, bu gün ABŞ-ın xarici siyasətində məhz John Kerry-nin rəhbərliyi altında bir erməni barmağı dayanır. Nə qədər ki, ABŞ-ın xarici siyasətində John Kerry aparıcı mövqedə dayanır, ABŞ-ın bu və ya digər səviyyədə antiazərbaycan siyasəti davam edəcək. Ona görə də, biz faktlara, arqumentlərə söykənərək John Kerry-nin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq».

Onun dediyinə görə, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda bu cür fəaliyyətin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaq, ölkənin yüksəlməkdə olan nüfuzuna xələl gətirməkdir:

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Bunların heç biri alınmayacaq. Artıq Azərbaycan ilk Avropa Oyunlarının məşəlini yandırıb, bütün Avropa dövlətləri də bu Oyunları yüksək qiymətləndirir. Heç bir şübhə yoxdur ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək».

ZÖHRAB İSMAYIL: «BELƏ BİR KAMPANİYANIN OLMASI NAĞILA OXŞAYIR»

Həmin məqalədə adıçəkilən iqtisadçı Zöhrab İsmayıl bununla bağlı AzadlıqRadiosuna deyib:

«Düşünürəm ki, bu iddialar xəstə bir təxəyyülün məhsuludur. Mənim adımı və təşkilatımızın adını xüsusi çəkiblər. Belə görünür, bizə qarşı hansısa çirkin məqsəd var».

Məqalədə deyilir: «Hazırda Praqada olan «Azad İqtisadiyyata Yardım» İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub».

İqtisadçı özünün və başçılıq etdiyi təşkilatın hansısa beynəlxalq kampaniyanın iştirakçısı olmadığını vurğulayır:

«Belə bir planlı kampaniyanın olması da nağıla oxşayır. Kerry-nin adını çəkirlər. Mən isə düşünürəm ki, Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi indi ABŞ və Avropa Birliyinin bəzi dairələridir. Belə bir hakimiyyət onların maraqlarına cavab verir. Buna görə də hakimiyyətyönlü medianın belə vay-şivən salmaqda başqa məqsəd güddüyünü düşünürəm. Məqsəd müstəqil vətəndaş cəmiyyəti nümayəndələrini sıradan çıxartmaqdır. Buna görə də belə «hekayələr» uydurulur...».

XS
SM
MD
LG