Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Günel Mövlud. Ayıb deyil?


Günel Mövlud
Günel Mövlud

-

Gənc qız allahın paltar dükanına paltar almağa girir, bir də görürsən, bir dəstə arvad doluşdu içəri. Ağız deyəni qulaq eşitmədi. Ortalığı döndərdilər zənən hamamına...

Günel Mövlud

AYIB DEYİL?..

Ifrat valideyn qayğısının, uşağın hər addımını, hər hərəkətini izləyib, yönləndirmək ehtirasının, uşağa öz iradəsi, öz istəyi, öz təşəbbüsü ilə nəsə etməyə imkan verməmənin gətirdiyi fəsadlar, bəzən isə faciələr bir çox yazıçıların əsərlərində, bir çox filmlərdə yer alıb.

Bu əsərlərdən ən sevdiyim isə rus yazıçısı Tatyana Tolstayanın “Peters” adlı irihəcmli hekayəsidir. Hekayəni mərhum yazıçı Rafiq Tağı dilimizə tərcümə də edib.

Peters aristokrat, kübar, bir növ Madam Bovari kompleksli nənənin nəvəsidir. Ata-anasını erkən yaşlarında itirib. Kübar nənə Petersi özü kimi kübar qadınların arasında böyüdür. O ancaq yaşlı qadınların söhbətlərini eşidir, ona ancaq böyüklərə xas kübar davranışlar təlqin olunur. Uşaqlar olan məclisə düşəndə, onlar kimi oynamaq, dəcəllik etmək, qışqırmaq icazəsi yoxdur. Peters uşaqlığını yaşaya bilmir. Amma yaşıdları ilə ünsiyyətin yoxluğu, gerçək həyatla onun yaxşısı və pisi ilə birlikdə üz-üzə qalmaqdan məhrum olmağı Petersi böyüməyə də qoymur.

Nənəsi qəfildən ölür və ömrü böyu nənəsinin qaydaları ilə oturub duran, onun dediyi kimi davranan Peters boşluğa düşür. Necə yaşayacağını bilmir. O insanları tanımır. Pisliklərdən, yaxşılıqlardan, ünsiyyət qaydalarından, münasibətlərdən xəbərsizdir. Hamı onu kəmağıl kimi qəbul edir. Xoşuna gələn qızlar ona gülür, ələ salırlar. İşlədiyi yerlərdə, oturduğu kafelərdə hamı ondan qaçır, heç kim onunla dostluq etmək, yanında oturmaq, söhbət etmək istəmir. Onun pulunu rahatca oğurlayırlar, onu asanca dolaya bilirlər...

Petersin faciəsini bu gün bir daha xatırladım. Təbii ki, bu gün gördüyüm səhnə ilə hekayə qəhrəmanının situasiyası arasında fərq var. Amma nəticə çox oxşayırdı. Xəstəxanaya getmişdim. Novbə uzun idi. Növbədə bir azərbaycanlı ailə dayanmışdı. 5 nəfərlik ailədən cəmi bir nəfər, təxminən 20 yaşlarında gənc gəlin müayinə olunmalı idi. Onunla anası, qaynanası, baldızı və qaynı gəlmişdilər. Onlardan biri gəlinin adını qeydiyyata salır, biri həkimlə danışır, biri növbə tutur, kişi xeylağı isə bir kənarda dayanıb, prosesə nəzarət edirdi.

Dəhlizdə həkim qızla bir neçə kəlmə danışanda, hiss olundu ki, o, adekvat deyil. Hər sualın cavabını vermək üçün gah anasına, gah qaynanasına baxırdı. Cavabları ancaq ana, ya da qaynana verir, qız isə bu arada başını aşağı salıb, telefonda qurdalanır, telefondan yayılan ucuz, bayağı musiqinin səsini almağı, qulaqcıq taxmağı isə ağlına da gətirmirdi. Hiss olunurdu ki, bu qız ömründə bir dəfə də olsun, evdən tək bayıra çıxmayıb. Ömrü boyu yad adamla ünsiyyətə girməyib. Hiss olunurdu ki, o, ikicə kəlməni dalbadal qurub danışa, fikrini ifadə edə bilməz.

Mən belə səhnələrin dəfələrlə şahidi olmuşam. Müxtəlif xidmət sektorlarında gənc qızlarla mütləq ana gəlir. Evlidirsə, ana, qaynana, baldız gəlir. Bizim ailələr imkan vermirlər ki, gənc qız özü həkimə getsin, paltar seçsin, hansısa sənədini özü düzəltsin, harasa özü getsin. Ana, qaynana, baldız, qardaş, qayın, xala, bibi, nənə - bütün nəsil düşür qızın dalınca. Dəstə ilə ora gedirlər, bura gedirlər. Gənc qız allahın paltar dükanına paltar almağa girir, bir də görürsən, bir dəstə arvad doluşdu içəri. Ağız deyəni qulaq eşitmədi. Ortalığı döndərdilər zənən hamamına.

Bir dəfə rayona gedirdim. Avtobusda yanımda bir qadın oturmuşdu. Evli olub-olmadığımı soruşdu. Dedim ki, yenicə ailə qurmuşam. Qadın heyrətlə dedi ki: bəs nə əcəb səni rayona tək buraxıblar?!

Təbii ki, mən o qadına heç nə demədim. Çünki mentalitet qanunlarını bilirəm. Qızı tək buraxmaq olmaz, gəlini tək buraxmaq olmaz. Ay ana, ay xala, ay ata, axı niyə? 20, 25, 30 yaşlı qadın avtobusa oturub, hansısa rayona niyə tək gedə bilməz? Niyə həkimə tək gedə bilməz, niyə tək paltar seçə bilməz, niyə gedib özünün sənədini düzəltdirə bilməz? Niyə? Deməli, siz ya infantil, inkişafdan qalmış, qeyri-adekvat adam böyütmüsünüz, ya da elə övlad böyütmüsünüz ki, onun əxlaqına inanmırsınız. Elə bilirsiniz ki, elə ilk fürsətdə namusunuza ləkə gətirəcək.

Yaşlı qadınlar var, fəxrlə deyirlər ki, bizim qızı, ya bizim gəlini heç vaxt heç yana tək büraxmırıq. Bunun nəyi ilə fəxr edirsiniz? Deməli, siz bu adamın əxlaqından o qədər bədgümansız ki, heç yana tək buraxmırsız? Nə olacaq, tək buraxsaz? Ayıb deyil?

Mentalitet fərqləri ola bilər, səbəblər fərqli ola bilər. Amma faciəvi nəticə eynidir. Həyatla üz-üzə qalmayan, görüb-götürməyən, öz iradəsi ilə hərəkət edə bilməyən insanın axırı yoxdur. Nəzarətsiz qaldığı ilk fürsətdə ən qorxduğunuz şeyləri edəcək. Ona görə də, imkan verin, qoyun gənclər rahat yaşasınıar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG