Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Azərbaycanda investisiya mühiti də monopoliyaya alınıb?


«İnvestisiya mühiti monopoliyaya alındığından xarici investisiyaların miqdarı azalmaqdadır»
«İnvestisiya mühiti monopoliyaya alındığından xarici investisiyaların miqdarı azalmaqdadır»
Azərbaycanda investisiya təhlükəsizliyi artıq bəzi iş adamları ilə hökumət arasında məhkəmə çəkişmələrinə gətirib çıxarmaqdadır. Vaşinqtonda yerləşən İnvestisiyaların Qorunmasına dair Beynəlxalq Məhkəmə bu yaxınlarda «Azpetrol» şirkətinin Azərbaycan hökumətinə qarşı qaldırdığı iddianı icraata götürüb. Geniş yanacaqdoldurma şəbəkəsinə malik olan bu şirkətin prezidenti Rafiq Əliyevin həbsindən sonra onun təsisçisi də dəyişdirilib. «Barmek» şirkətinin prezidenti Hüseyn Arabulun dediyinə görə, bu məhkəmə onun da iddiasını araşdırmaq üçün qeydiyyata götürüb. Hüquq-mühafizə orqanları Bakı və ətraf bölgələrdə elektrik satışı ilə məşğul olan Türkiyənin «Barmek» şirkətini investisiya öhdəliklərini yerinə yetirməməkdə və maliyyə pozuntularında ittiham edir.


«Azərbaycanda iqtisadi fəaliyyət sahələri məhz siyasi vəzifələr tutan və dövlət tərəfindən bu işlərin tənzimlənməsini həyata keçirən şəxslər tərəfindən nəzarətdədir. Ona görə də heç kim onların razılığı olmadan həmin sahələrdə çalışa bilmir».
Əlbəttə, hələlik məhkəmədə mübahisəni hansı tərəfin udacağını indidən demək çətindir. «Barmek» şirkətinin prezidenti Hüseyn Arabul Azərbaycan hökumətindən 290 milyon dollar kompensasiya tələb edir. Şirkət Azərbaycan hökumətini onunla bağlanmış uzunmüddətli müqavilənin vaxtından əvvəl dayandırılmasına səbəb olan təqiblərə görə məhkəməyə verib. «Azenerji» Səhmdar Cəmiyyətində isə hesab edirlər ki, əksinə, «Barmek»in Azərbaycan hökumətinə borcu var. Səhmdar Cəmiyyətin baş mühəndisi Marlen Əsgərovun sözlərinə görə, «Barmek» şirkəti 2006-cı ildə onlara bir qəpik belə olsun ödəməyib.

Əslində, Azərbaycanda investisiya mühitini öyrənmədən bu tip məhkəmə çəkişmələrinin səbəblərini də anlamaq çətindir. Ölkədə artıq investisiya mühitinin də monopoliyaya alındığı ilə bağlı fikirlər səslənməkdədir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, indi əslində, əksər nazirlər qeyri-qanunu olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu da onların öz sahələrində oliqarxa çevrilməsi ilə nəticələnib: «Azərbaycanda iqtisadi fəaliyyət sahələri məhz siyasi vəzifələr tutan və dövlət tərəfindən bu işlərin tənzimlənməsini həyata keçirən şəxslər tərəfindən nəzarətdədir. Ona görə də heç kim onların razılığı olmadan həmin sahələrdə çalışa bilmirlər».



«Burada incidilmək istəmirsənsə, gərək bir çox adamlarla işləyəsən. Əgər mən onların istədiyi kimi işləsəydim, xərclər artacaqdı, bundan isə ancaq onlar qazanc götürəcəkdilər»
Cənab Mehtiyev deyir ki, Azərbaycanda investisiya mühiti monopoliyaya alındığından getdikcə xarici investisiyaların miqdarı da azalmaqdadır. Bununla belə, o, xarici iş adamlarını Azərbaycana investisiya qoymaqdan çəkindirən daha bir neçə amilin də üzərində dayanır. Deyir ki, neft müqavilələrindən sonra Azərbaycana küllü miqdarda valyutanın gəlməsi nəticəsində yaranan inflyasiya da iş adamlarını çəkindirən amillərdəndir.

Azərbaycanda investisiya mühitinin monopoliyaya alınması fikri ilə parlamentin İqtisadi-Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov da razılaşır. Onun sözlərinə görə, məhz bu monopoliyanın aradan qaldırılması üçün dövlət indi daha çox özü investisiya qoymaq haqqında düşünür: «2007-ci ilin büdcəsində dövlətin özünün 1 milyard 600 milyon manat investisiya qoyması nəzərdə tutulur. Nəticədə monopoliyada tədricən aradan götürüləcək».


Əslində, «Barmek» şirkətinin prezidenti Hüseyn Arabul da iddia edir ki, onunla Azərbaycan hökuməti arasında məhkəmə çəkişmələri yalnız rəsmi müqavilə şərtlərinin pozulmasından irəli gəlmir. Cənab Arabul deyir ki, əgər o, bəzi məmurların istədiyini etsəydi, nə onun şərkətinin fəaliyyəti Azərbaycanda dayanar, nə də bu məhkəmə çəkişmələri olardı: «Burada incidilmək istəmirsənsə, gərək bir çox adamlarla işləyəsən. Əgər mən onların istədiyi kimi işləsəydim, xərclər artacaqdı, bundan isə ancaq onlar qazanc götürəcəkdilər».


BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında da son illər Azərbaycana yatırılan xarici investisiyaların miqdarının azaldığı göstərilir. Hesabata görə, əgər 2004-cü ildə Azərbaycana 3,6 milyard dollar investisiya qoyulmuşdusa, ötən il bu məbləğ 1,7 milyard olub.


XS
SM
MD
LG