Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Xədicə özünü çox yaxşı hiss edir, əhval-ruhiyyəsi də əla idi. Dostlarına təbriklərini çatdırdı. Dedi, mənim əhvalım yaxşıdır, onlar da yaxşı olsun».

Martın 24-də Xədicə İsmayılın bacısı Səbinə Rəhimova və bacısı qızı onunla saxlandığı Bakı İstintaq Təcridxanasında görüşüb: «Görüşə icazə verilməsi haqqında Xədicə dünən zəng vurub dedi. Nəhayət, görüşməyimizə çox sevindik. Üzbəüz görüşmədik. Təcridxananın qaydalarına görə, Xədicə şüşənin arxasında idi, telefonla danışdıq. Dostları, radio haqqında soruşdu. Dedi ki, məktub yazmaq istəyənlər təcridxananın ünvanına yaza bilərlər, görək nə vaxt çatır».

Bu, Xədicənin yaxınları ilə ilk görüşüdür. Bundan əvvəl ailə üzvləri görüş üçün bir neçə dəfə təcridxana rəhbərliyinə müraciət etsələr də, nəticəsi olmamışdı.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittihamı irəli sürülüb.

Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə - CM-nin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

XS
SM
MD
LG