Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

«Ağılları olsa, məni burdan buraxmasınlar gərək»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Xədicə İsmayıl: «Ölkədən getmək niyyətim yoxdur, hamısını bir-bir ifşa etmək əzmim gündən-günə, hər yeni cinayət barədə öyrəndikcə artır»

Dostlar, mənə ünvanladığınız ilıq sözlər üçün çox sağ olun. Onlar mənə yalnız vəkillərimin dilindən çatır, çünki mənə hər hansı açıqca, ya məktubu gətirmələrinə icazə vermirlər.

Təcridxana rəhbərliyi iddia edir ki, məktublar poçtla gəlsə, mənə çatdırılacaq. İstəsəniz, yoxlayın. Hərçənd ki, poçt və təcridxana mənə çatası qəzetlərin yalnız 1/7 hissəsini çatdırır. Hərdən zarafatla «Azadlıq» qəzetinin həftəliyə keçib-keçmədiyini soruşuram. Çünki mən ən yaxşı halda həftədə bir nömrəsini alıram.

Həbsdən qorxmurdum, indi bir narahatlığım yoxdur. Nə üçün bura salındığımı bilirəm və həqiqəti söyləmək azadlığının illər boyu həbsdə qalmaq bahasına olsa belə şirin nemət olduğunu burda daha yaxşı anlayıram. Mənim üçün burda olmaq həm də hakim rejimin cinayətlərini öyrənmək şansı baxımından dəyərli imkandır. İndi mən onların daha çox cinayətlərindən xəbərdaram. Ağılları olsa, məni burdan buraxmasınlar gərək. Çünki ölkədən getmək niyyətim yoxdur, hamısını bir-bir ifşa etmək əzmim gündən-günə, hər yeni cinayət barədə öyrəndikcə artır.

Jurnalist Dəyanət Azərsoyu görənlər var burda. Bir neçə ay əvvəl döyülməkdən ölümcül halda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində görüblər. Dəyanət Azərsoyun bir tərəfi işləmirmiş. Biz onun işgəncə altında İlham Əliyevə yazdığı sədaqət məktubunu narahatlıqla qarşılamışdıq. Halbuki, hər belə məktubdan sonra insanın nə halda olduğunu, işgəncə altında olub-olmadığını araşdırmalıyıq.

Bu, rejimin xislətidir. Adamları döyə-döyə, çörəklə imtahana çəkə-çəkə sındırmaq. Sındırılan adamlar ölkəsində gələcək nə qədər dumanlı görünsə də, biz bu ölkəni onu boğan əllərdən qurtarmaq üçün harada oluruqsa olaq, əlimizdən gələni etməliyik. Həbsxana insanların dərdinə şərik çıxmağa hazır adam üçün çox məşğul bir yer sayıla bilər. Bildiyim qədər siyasi məhbusların hər biri bütün məhdudiyyətlərə baxmayaraq, insan haqlarını həbsdə də qorumaqla davam edirlər. Leyla xanım da, İntiqam bəy də, Rəsul da, Seymur da...

Bildiklərim bunlardır. Məhbus xəbərləri mənə də çatır axı.

Xədicə.

Kürdəxanı. Mart 2015

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG