Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:50

Abdulla Abdullayev: Torbamı tikib, həbsə salıblar


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Ömürlük həbsə də atsanız əl çəkən deyiləm, sona qədər hüquqlarımın dalıyca gedəcəm. Neyləyəcəksiz mənə? Uzaqbaşı içəridə öldürəcəksiz...»

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində «AMAY» ticarət mərkəzinin həbsdə olan sahibi, Azərbaycanda işadamı kimi geniş tanınan Abdulla Abdullayevin məhkəməsi davam edib. İclasa hakim Əfqan Hacıyev sədrlik edir. Məhkəmə iclası başlayan kimi işadamı ötən məhkəmə iclaslarında olduğunu kimi, yenə də ittihamlarla barışmadığını deyib. O, banklarda girovda olan əmlaklarının real dəyərindən ucuz qiymətləndirildiyini ədalətsiz qiymətləndirmə hesab etdiyini bildirib:

«Mənə məxsus olan Qaradağ sement zavodu 1 milyon manat dəyərləndirilib. Halbuki, ərazisi 15 hektar olan zavoda elə təkcə sement üyüdən dəzgahın qiyməti 1 milyon 100 min manatdır. Mən təkcə bir dəzgahın qiymətini dedim. Bunlarsa o boyda zavoda simvolik olaraq 1 milyon manat qiymət qoyublar. Bunun bir adı var - özbaşınalıq...»

«İTTİHAM VAR, BƏS SÜBUT HANI?...»​

Abdulla Abdullayev itihamları müstəntiqin təxəyyülü adlandırıb:

Biri torbamı tikib, rəhbərliyi aldadıb, tutub atıblar məni içəri... Bir gün rəhbərlik hər şeydən xəbər tutacaq. Gec-tez hər şey üzə çıxacaq...

«İttiham var, bəs sübut hanı?.. Yoxdur... Çünki müstəntiq oturub, özü yazıb, özü oxuyub. Mənə qarşı dələduzluq, mənimsəmə, pulları leqallaşdırma maddələri irəli sürülüb. Bircə əməlimi göstərsinlər ki, onda dələduzluq olub. Bircə əməlimi göstərsinlər ki, onda mənimsəmə olub. Sahibkarlıqla məşğul olub büdcəyə vergi ödəmişəm, budur leqallaşdırmaq? Kreditlərin mənbəyi bəlli, ödənişlər bəlli, qəbzlər ortada... Burda nə baş verdiyini hamı yaxşı bilir. Biri torbamı tikib, rəhbərliyi aldadıb, tutub atıblar məni içəri... Bir gün rəhbərlik hər şeydən xəbər tutacaq. Gec-tez hər şey üzə çıxacaq».

Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib:

«Siz ifadə verirsiniz. İttiham ətrafında danışın. Kənara çıxmayın».

İşadamı hazırda həbsdə saxlanmasını qanunsuzluq adlandırıb. Bildirib ki, onun həbs müddəti martın 3-dən 4-nə kecən gecə başa çatıb.

Sonra məhkəmə digər təqsirləndirilən şəxs Mehman Məmmədxanlı ifadə verməyi təklif edib. Mehman Məmmədxanlı bildirib ki, «A.M.A.Y» ASC-nin direktoru vəzifəsində çalışıb. O, ittihamları qəbul etməyib:

«Abdulla müəllimin yanında işləmişəm. Əmək haqqı almışam. Bəzi vaxtlarda ipoteka sənədlərinə imza atmışam. Bütün işlərimiz, sənədlərimiz yerli-yerində, qaydasında olub».

İstintaq orqanı Mehman Məmmədxanlıya qarşı dələduzluq maddəsi üzrə ittiham irəli sürüb.

PULLARI TİCARƏT MƏRKƏZİNİN TİKİNTİSİNƏ XƏRCLƏDİYİNİ DEYİR

Abdulla Abdullayev məhkəmə zamanı
Abdulla Abdullayev məhkəmə zamanı

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İşadamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib. ​Onunla birlikdə keçmiş işçiləri Mehman Məmmədxanlı, Heydər Rzayev, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova da cinayət məsuliyyətinə cəlb olunublar, hazırda məhkəmə qarşısındadılar. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

İstintaqın gəldiyi qənaətə görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. Abdulla Abdullayev isə həmin vəsaiti “A.M.A.Y” ticarət mərkəzinin tikinti-təmir işlərinə xərclədiyini deyir.

XS
SM
MD
LG