Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:55

Neftin ucuzlaşmasından gündə 10 milyon itiririk


Arxiv foto
Arxiv foto

-

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq AzərTAc-a müsahibəsində Azərbaycanın Avropa institutları ilə əlaqələri barədə danışıb:

“Hesab edirəm ki, hər bir ölkə əməkdaşlığı inkişaf etdirmək üçün regiondakı tərəfdaşlarından faydalanmalıdır. Avropa qurumları ilə əməkdaşlıq qarşılıqlı hörmətə və bərabərliyə əsaslanır. Biz XX əsrin əvvəllərinə nəzər salsaq görərik ki, Avropa ölkələri bir-biriləri ilə münaqişədə olub. Bu, bir həqiqətdir ki, Avropada son dövrdə iqtisadi inkişaf, miqrasiya sahələrində ciddi problemlər müşahidə olunur. Lakin Avropa münaqişələri qitədən uzaqlaşdırmaqla ortaq dəyərləri və maraqları təmin edə bilir. Avropa İttifaqı daxilində müvəqqəti çətinliklər olmasına baxmayaraq, bu qurumun qəbul etdiyi inkişaf modeli Azərbaycan və ya digər ölkələrin bir-biriləri ilə tərəfdaşlığına şərait yaradır. Təbii ki, bu gün biz Azərbaycanın Avropanın bir çox ölkələri, eləcə də Avropa institutları ilə uğurlu əməkdaşlıq etdiyini görürük. Hazırda Azərbaycan öz yolu ilə uğurla irəliləyir. Avropa İttifaqı əməkdaşlığı inkişaf etdirmək üçün Şərq tərəfdaşlığında olan ölkələrə qonşuluq siyasətini təklif edir. Bu, Azərbaycana yeni imkanlar açır”.

​ƏLİYEV “REYTİNQ” YIĞMAĞA BAŞLAYIB

“Azadlıq” qəzeti “Rəy” Monitorinq Mərkəzinin prezident İlham Əliyevin reytinqinin artdığını göstərən sorğusundan yazır.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“Azərbaycanda seçkilərin şəffaf keçirilməsinə inam nə qədərdirsə, rəy sorğularının mötəbərliyi də o qədərdi. Yəni biz bu rəy sorğusunu “ənənəvi” təbliğatın bir hissəsi kimi qiymətləndiririk.

Ancaq, başqa maraqlı məqamlar da üzə çıxır. İlin-günün bu vaxtında İlham Əliyevin reytinqini ölçmək niyə zərurətə çevrilib? Prezident seçkilərinə 4 il vaxt qaldığı bir zamanda, bu nə təbliğatdır? Bəlkə, Rusiyada keçirilən rəy sorğusunda Putinin reytinqinin düşməsi, hökumətimizi narahat edib? Belə ki, Azərbaycan hakimiyyəti bütün mənalarda Rusiya hakimiyyəti ilə uyğunluq təşkil edir. Hər iki ölkədə avtoritar idarəetmə hökm sürür. Ümumi rəy isə belədir ki, Rusiyada baş verən hadisələrin Azərbaycana mütləq təsiri var. Bu baxımdan Putinin reytinqinin düşməsi, eyni “dəyər”lərin daşıyıcısı olduğuna görə İlham Əliyevin də reytinqinə təsir etməlidir. Ola bilər ki, hökumətimiz də beyinlərdə bu amilin möhkəmlənməməsi üçün “reytinq” yığır”.

NEFTİN UCUZLAŞMASINDAN GÜNDƏ 10 MİLYON İTİRİRİK

“Bizim Yol” neftin ucuzlaşmasından Azərbaycanın itkisini hesablayıb. Dünən ABŞ birjasında WTI markalı neftin qiyməti 2,11 faiz ucuzlaşaraq 77 dollara, London birjalarında isə "Brent" markalı neft 2,3 faiz ucuzlaşaraq 83 dollara qədər düşmüşdü.

“Dünya birjalarından gələn xəbərlər Azərbaycan üçün ürəkaçan deyil. Neft ölkəsi olaraq gəlirlərimiz azalacaq. Gələn ilin büdcəsində "qara qızıl"ın barelinin 90 dollardan götürülməsi xərclər və gəlirlərlə bağlı proqnozlarda problemlər yaradacağı qaçılmazdır... İqtisadçı-ekspert Qubad İbadoğlu Facebook-da paylaşdığı statusda bildirir ki, son 3 ay ərzində "Brent" markalı xam neftin hər barelinin dünya bazar qiyməti 24 faiz ucuzlaşıb:

"Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir. Digər hesablamalara görə, Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir".

“QASiD” REDAKSiYALARIN BORCUNU NECƏ QAYTARACAQ...

“Yeni Müsavat”: “Bir neçə gün əvvəl “Qasid” firmasının da müflis olduğunu elan etməsi qəzet satışı bazarının sıradan çıxması kimi qiymətləndirilir. Qeyd edək ki, “Qasid”in fəaliyyətini dayandırmasına səbəb kimi firmanın müflis olması və redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsi göstərilir. Bu isə qəzetlər üçün növbəti tiraj və maliyyə itkisidir. Daha pis durumda olan müxalifət qəzetləri durumdan narahatçılıq keçirir. Mətbuat Şurası isə məsələyə münasibət bildirməyə tələsmir. “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirir ki, “Qasid”in redaksiyalara borcu məsələsi açıq qalıb, yəni firma borcu necə ödəyəcəyi barədə qəzetlərə heç bir məlumat vermir:

“Bu dəqiqəyə aydın olan odur ki, ”Qasid" fəaliyyətini dayandırıb, artıq satmağa qəzet götürmür. Amma ilin axırına qədər abunələrin verilməsi ilə bağlı xahiş ediblər. Biz də hələ ki ilin axırına qədər verəcəyik. Baxmayaraq ki, onlar abunə pullarını da ödəməyiblər. Ancaq bildiriblər ki, borclarımız ödəniləcək. Bu, hansı yolla olacaq, bilinmir. Bizim üçün müəyyən qaranlıq məqamlar var və bilmirik ki, borclarımızın qaytarılması istiqamətində iş gedirmi? Firmanın əmlakının qiymətləndirilməsi, hərraca çıxarılması, redaksiyalara olan borclarıdır, bu kimi bölgüləri kim aparacaq?”

PƏRVİZ HƏŞİMLİ ALİ MƏHKƏMƏNİN SƏDRİNƏ VƏ BİRGƏ QRUPA MÜRACİƏT EDİB

Jurnalist Pərviz Həşimli
Jurnalist Pərviz Həşimli

Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli Ali Məhkəmənin sədri Ramiz Rzayevə və İnsan Hüquqları üzrə Birgə Qrupa müraciət edib. Bunu “Media forum” saytına onun vəkili Bəhruz Bayramov deyib. Bəhruz Bayramov noyabrın 4-də Bakı İstintaq Təcridxanasında Pərviz Həşimli ilə görüşüb.

Vəkil “Media forum”a bildirib ki, hər iki müraciətində Pərviz Həşimli istintaq və məhkəmə prosesləri zamanı ona qarşı çoxsaylı qanunsuzluqların yol verildiyini bildirib, həbsinin qanunazidd olduğunu vurğulayıb və şikayətlərinə obyektiv baxılmasını istəyib. Pərviz Həşimli Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciətində qeyd edib ki, onun işi ilə bağlı Ali Məhkəməyə ünvanlanmış şikayət var və o, həmin şikayətin təmin olunmasını istəyir.

XS
SM
MD
LG