Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

Azərbaycanda bəzi banklar bağlanmaq təhlükəsilə üz-üzədir


Bakı, Milli Bank
Bakı, Milli Bank

-

Ölkədə 5-6 bankın Mərkəzi Bankın kapitalla bağlı tələbini yerinə yetirməyəcəyi proqnozu var. Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov belə bankların aktivlərinin ümumi bank aktivlərinin bir faizi civarında olduğunu söyləyib. İqtisadçı-ekspert Natiq Cəfərli “Azadlıq” qəzetinə deyir ki, Mərkəzi Bank kimi bir qurumun rəhbərinin bu tipli açıqlamalar verməsi əslində, düzgün deyil. Çünki adları məlum olmayan, yalnız say açıqlanan belə fikirlər ajiotaja səbəb ola bilər:

“Sabahdan bəzi insanlar narahat olacaq ki, görəsən hansı banklar nəzərdə tutulur. Heç olmasa, detallı açıqlama verilsəydi və bankların öncədən bağlanma proseduru məlum olsaydı, məsələ bu qədər narahatlıq yaratmazdı. Amma yalnız sayı deməklə böyük bir ajiotaj və insanlarda narahatlıq yarana bilər. Söhbət çox güman ki, kiçik banklardan gedir. Amma bütün bankların əmanətçiləri var. Azərbaycan qanunvericiliyinə görə, otuz min manat həddində olan əmanətlər dövlət tərəfindən sığortalanır. Yəni, otuz min manat həddində olan əmanətlərin qaytarılmasında heç bir problem olmayacaq”.

Natiq Cəfərli qeyd edir ki, böyük məbləğlərin qaytarılmasında problemlər yarana bilər. Çünki Dövlət Sığorta Fondunun yalnız 30 min manat həddində əmanətləri qaytarmaq öhdəliyi var.

BU İL TİCARƏT DÖVRİYYƏSİNDƏ 2.2 MİLYARDLIQ AZALMA VAR

“Bizim Yol” yazır ki, ölkənin xarici ticarət dövriyyəsi 8,6 faiz azalıb. Belə ki, ilin 9 ayının yekunlarına görə, ticarət əməliyyatlarının həcmi 23,8 milyard dollar təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə idxal əməliyyatları üzrə 19,16 faiz, ixracatda isə 3,88 faiz azalma müşahidə edilib. Beləliklə, ixrac əməliyyatları üzrə yeddi yüz bir milyon dollar, idxal üzrə isə 1,5 milyard dollar azalma baş verib. Ticarət dövriyyəsində ümumi azalma isə 2,2 milyard dollar təşkil edib. Ciddi enmələr özünü MDB ölkələri üzrə də ticarətdə göstərir.

2014-cü ildə Azərbaycanın ticarət dövriyyəsi azalıb
2014-cü ildə Azərbaycanın ticarət dövriyyəsi azalıb

İqtisadçı ekspert Nemət Əliyevin bildirdiyinə görə, ilin əvvəlindən ötən 8 ay ərzində ölkəmizin MDB üzvü olan dövlətlərlə ticarət əlaqələri 27,6 faiz pisləşib. Bu ölkələrlə aparılan alış-verişin həcmi 710 milyon dollar həcmində aşağı düşüb. İdxalda 400 milyon dollar (23,5 faiz), ixracda 310 milyon dollar (35,6 faiz) azalma əmələ gəlib.

Azalmanın baş vermə səbəblərinə gəlincə, burada bir neçə amillər səsləndirilir. Ekspertlər ixracdakı pisləşməni neft amili ilə izah edirlər. Belə ki, Azərbaycanda neftin hasilatının aşağı düşməsi, eyni zamanda "qara qızıl"ın dəyərində müşahidə edilən ucuzlaşma ticarət əməliyyatına öz təsirini göstərib.

SABAHI DÜŞÜNƏRKƏN

“Azərbaycan” qəzeti baş redaktoru Bəxtiyar Sadıqovun yazısını dərc edib. Müəllif akademik Ramiz Mehdiyevin ötən həftə keçirdiyi müşavirədə dediklərinə toxunur.

“İndi yaxşı yaşamaq istəyirsənsə, zəhmət çəkməlisən, gecə-gündüz tər tökməlisən!

Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Ali təhsil diplomunun səni ömürlük "çörək sahibi" etdiyi dövr çoxdan qurtarıb!

Bu gün savadsız və biliksiz insanın əlindəki diplom adi kağız parçasından başqa bir şey deyil!

Savadlı mütəxəssis deyilsənsə, heç kim - nə dövlət qurumu, nə də xüsusi şirkət yaxın durub sənə iş verməyəcək! Çünki onun özü də rəqabətdən, iflasa uğramaqdan qorxur!

Niyə qızıl kimi qiymətli vaxtlarını elmə-biliyə yox, əl telefonunda müxtəlif oyunlar oynamağa, internetdə yazışmalara sərf edirlər?

Niyə internetin bütün kitabxanalara çıxış imkanından, zəngin bilgilər verə bilməsindən yox, yalnız boş-boş yazışma funksiyasından istifadə edirlər?

ORXAN EYYUBZADƏ AZADLIQ VƏ 45 MİN MANAT TƏZMİNAT İSTƏYİR

“Nida” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadəyə çıxarılan həbs qərarından apellyasiya şikayəti verilib.

Orxan Eyyubzadə bu il mayın 6-da bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Mayın 26-da həbs cəzası bitsə də, həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri seçib. Cinayət işini Binəqədi Rayon Prokurorluğu aparıb. Oktyabrın 15-də isə Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Orxan Eyyubzadə,“Nida” Vətəndaş Hərəkatının üzvü
Orxan Eyyubzadə,“Nida” Vətəndaş Hərəkatının üzvü

“Media forum” saytına açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib ki, istər istintaq, istərsə də məhkəmə prosesi zamanı Orxan Eyyubzadənin bir sıra hüquqları pozulub:

“Onun barəsində həbs qərarının çıxarılması qanunsuzdur. Apellyasiya şikayətində bildirmişik ki, Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri də əsassız olaraq seçilmişdi. Onun pis rəftara məruz qalması haqda şikayət də araşdırılmayıb. Bu səbəbdən apellyasiya instansiyasından Orxanın azadlıq hüququnun pozulduğunu tanımasını, ona bəraət verilməsini xahiş etmişik. Eyni zamanda qanunsuz həbsdə saxlandığı üçün dəymiş mənəvi və psixoloji ziyana görə Orxana 45 min manat məbləğində kompensasiya ödənməsini istəmişik”.

Orxan Eyyubzadə Bakı İstintaq Təcridxanasında saxlanır.

XS
SM
MD
LG