Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Möhürlənən institutun ümidli tələbələri, ümidsiz müəllimləri…


Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı

-

8 gündür ki, Gəncədəki Azərbaycan Müəllimlər İnstitutunun filialının bağlanması elan edilib. Məlumatı Təhsil Nazirliyi yayıb. İnstitutdan verilən məlumata görə, müxtəlif kurslar üzrə təhsili yarımçıq qalan 565 tələbə var.

Nuriyyə Cəfərova da sözügedən institutun tarix-coğrafiya fakültəsinin 3-cü kursunda oxuyurmuş:

ONLARA HANSI TƏHSİL OCAĞININ DİPLOMU VERİLƏCƏK?

«Mən Müəllimlər İnstitutunun Gəncə filialında oxuyurdum. Yay aylarından deyirdilər ki, universitet bağlanacaq. Bu il də bir həftə öz institutumuzda oxuduq, sonra dedilər bağlanır, Gəncə Dövlət Universitetinə köçürülürük. Tarix-coğrafiya fakültəsində oxuyurdum, Gəncə Dövlət Universitetinin də eyni fakültəsinə köçürülmüşəm. İlk vaxtlar çox çətin oldu, bizə tədris proqramlarımız fərqli idi. Cədvəl yox idi, qarışıqlıq oldu. Artıq bu həftədən yeni proqram verilib, sinif otağı verilib. Dərslər keçirilir. Narahatıq ki, diplom məsələmiz necə olacaq».

Nuriyyə Cəfərova deyir ki, onun kimi bütün uşaqları bir sual maraqlandırır. Onlara hansı təhsil ocağının diploma veriləcək? Başqa sözlə, hələlik tələbə biletlərini belə onlara verməyən universitet sonadək onlara sahib duracaqmı?

Başqa bir tələbə Cavanşir Abdıyev isə deyir ki, rektorluq onlara təhsillərinin Gəncə Dövlət Universitetində başa vuracaqlarını və sonda elə oranın diplomu ilə təltif ediləcəklərini deyiblər. Ancaq bu nazirlik səviyyəsində elan edilmədiyindən tələbələr narahatdırlar.

«PULLA İNSTİTUTA GİRƏNLƏR»

Azərbaycan Müəllimlər İnstitutunun bağlanması xəbəri təkcə təhsili yarımçıq qalanların yerləşdirilmə qayğıları ilə bitmir. Bu, institutda qeyri-qanuni yolla təhsil alan, ara ifadə ilə desək, «pulla instituta girənlər»in də diplomlarının saxta və yararsızlığı məsələsini də gündəmə gətirib. Şərti olaraq Mehriban adlandıracağımız bir qızın da deməsinə görə, 2007-ci ildə Müəllimlər İnstitutunun məktəbəqədər təhsil fakültəsinə 5 min manat verərək qəbul olunub. İndi nə verdiyi pulu ala bilir, nə də saxta diplom ilə işə girə bilir:

«5 MİN MANAT VERDİK, MÜƏLLİMLƏR İNSTİTUTUNA DÜZƏLDİM»

«İnstitutdan kəsildim. 5 min manat verdik, Müəllimlər İnstitutuna düzəldim. Bitirmişəm, indi də deyirlər ki, yararsızdır. Bəs bizi niyə arxayın saldılar? Həm pulumuz getdi, həm də vaxtımız».

Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Təhsil Nazirliyi sentyabrın 22-də bu institutun Gəncə filialının bağlanmasını elan edib. Bildirilib ki, ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aparılan araşdırma nəticəsində tədrisin təşkilində, maliyyə intizamında pozuntular aşkarlanıb. Bundan başqa, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib. Üstəlik, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

«MATERİALLAR BAŞ PROKURORLUĞA GÖNDƏRİLİB»

Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib. Aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Nazirlik hazırda bağlanan təhsil müəssisəsinin tələbələrinin yerləşdirilməsi ilə bağlı rəsmi məlumat vermir. Ancaq Gəncə Dövlət Universitetinin tədris məsələləri üzrə prorektoru Fəxrəddin Məmmədov deyir ki, Müəllimlər İnstitutundan gələn tələbələr üçün artıq cədvəllərin, jurnalların yazılması və tələbə biletlərinin hazırlanmasına başlanılıb:

«TƏLƏBƏ BİLETLƏRİ HAZIRLANIR»

«Hazırlıq gedir, tələbə biletləri hazırlanır. Düzdür, dərslərdə bir az qarışıqlıq var, siniflər birləşdirilir. Bu problemlər də 3 günə aradan qaldırılacaq. 2, 3 və 4-cü kurslardır. Həmin ixtisaslar bizdə də var, paralel ixtisaslardır. Düzdür, proqramlar bərbad halda idi. Kimsə kiməsə əlavə dərslər vermək üçün məqsədli şəkildə tədris planını dəyişib. Biz də zamanla düzəldəcəyik. Köhnə proqramın üstündə işləməklə düzəldəcəyik».

MÜƏLLİMLƏRİN TALEYİ NECƏ OLACAQ?

Müəllimlər İnstitutunun möhürlənən qapısı təkcə tələbə və valideynləri yox, elə 230 nəfərdən çox müəllim heyətini də qayğıya saldı. İndi işsiz qalan müəllimlərə nə ümid verən var, nə də başqa bir müəssisədə işlə təmin edən.
İnstitutun ingilis dili müəlliməsi Şükufə Rzayeva deyir ki, onların işlə təmin edilməsi və ya başqa universitetə yerləşdirilməsi məsələsi heç müzakirə edilmir.

Bütünlükdə 600-ə yaxın tələbə isə yeni tələbə bileti gözləyir…

XS
SM
MD
LG